Valeh Ələsgərov şalvarını götürüb ölkədən qaçan vətəndaşlardan niyə danışmır?
Milli Məclisin bütün iclasları “sürpriz”lərlə dolu olur. Hər dəfə müzakirələr zamanı deputatlarımız maraqlı söhbətlər edirlər, “orijinal” təkliflərlə çıxış edirlər. Və sonda Azərbaycanı gözü götürməyən qüvvələr tənqid olunur və uğurlu inkişaf sədaları altında deputatlarımız məclisi tərk edirlər.
Sonuncu iclasda da xeyli maraqlı söhbətlər olub. Hətta spiker Oqtay Əsədov “ermənidən betər” olanların axtarışına da çıxıb. Amma biz Milli Məclis sədrinin müavini Valeh Ələsgərovun təsəlli çıxışına köklənmək istəyirik. Belə ki, “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti ilə “BP Eksploreyşn Ltd.” (Azərbaycan) və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi Milli Məclisin ötən iclasında müzakirəyə çıxarılıb.
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bu qanun layihəsi haqqında məlumat verib və xarici neft şirkətlərinin üzərinə böyük öhdəliklər qoyulduğunu bildirib: “Vallah, əlacları olsaydı, Rövnəq müəllimin əlindən qaçardılar, şalvarlarını da burada qoyub gedərdilər. Çünki onların boynuna elə öhdəliklər qoymuşuq ki, o yan-bu yan edə bilməzlər. Yalan deyirəmsə, Rövnəq müəllim özü də buradadır, desin ki, Valeh müəllim düz demir”- deyə sədr müavini bildirib
Deməli, ölkənin taleyini neftdən asılı vəziyyətə saldıqdan, dövlətin maraqlarını ifadə edən öhdəlikləri rədd etdikdən, vətəndaşı ən ağır öhdəliklərə məhkum etdikdən sonra, hansısa şirkətə öhdəlik qoymağın təsəllisini yaşayırlar. Neftin qiyməti 120 dollar olanda dünyaya milyardlar səpələmək öhdəliyi götürənlər neftin qiyməti 50 dollara düşəndən sonra xarici şirkətlərə öhdəlik qoymaq qərarına gəliblər. Guya, Rövnəq Abdullayevin bu öhdəlik siyasəti ölkəyə uğur gətirəcəkmiş.
Ikincisi, şirkətləri ölkədən qaçırdacaq öhdəliyə nə ehtiyac var? Əksinə, ölkəyə yeni investorlar cəlb etməyin yollarını axtarmaq lazımdır. Cəmiyyətə belə şikəst təsəllilər verməyə ehtiyac yoxdur.
Amma bir həqiqət var ki, bu hakimiyyət yerli sahibkarlara da elə öhdəlik qoyub ki, onlar da ölkədən qaçmağa hazırdılar. Bu gün şalvarını götürüb ölkədən qaçan milyonlarla vətəndaş var. Hakimiyyətin yarıtmaz siyasəti vətəndaşı intihar öhdəliyi götürməyə məcbur edib.
Yaxşı olar ki, Azərbaycan vətəndaşını da öhdəliklərdən, qeyri-rəsmi ödənişlərdən, rüşvət verməkdən azad edəsiniz.
Cənab Ələsgərov unutmasın ki, hansısa şirkətə ağır öhdəliklər qoymuş hakimiyyət, bu öhdəliklərin daha ağırını 20 ildən artıqdır ölkə vətəndaşına tətbiq edib. Yəni hakimiyyət xaricə axan milyardların haqq-hesabını çəkməsə də, vətəndaşın qəpiyini də yoxlamaqla məşğul olub.
Onsuz da imzalanan sazişlərdə xarici şirkətlər qarşısında hansı öhdəliyin qoyulmasının vətəndaşa təsiri yoxdur. Qazanc olacaqsa, hakimiyyət mənimsəyəcək, zərər olacaqsa, vətəndaşın hesabına sığortalanacaq.
Bir sözlə, kiminsə şalvarını burda qoyub getmək məcburiyyətində qalmasını bizə uğur kimi sıramayın. Əsas odur ki, şalvar geyinənlər ölkədən qaçmaq məcburiyyətnidədir və şalvar almaq da problemə çevrilib.
Azad