Mətləb Mütəllimli
Bizim bəzi saytlarımız,qəzetlərimiz, necə deyərlər, lap dərə-təpəni itiriblər. Mövzu tapa bilmədikləri üçün heç bilmirlər neyləsinlər, kimdən, nədən yazsınlar, hansı yolla dərin yuxuya getmiş millətimizin diqqətini özlərinə cəlb etsinlər. Bir də görürsən, elə əndrəbadi xəbərlər verirlər ki, lap bişmiş toyuğun gülməyi gəlir. Məsələn, manşetə (başlığa) çıxarırlar ki, sən demə, qanunların keşiyində durmağa borclu olan daxili İşlər nazirimiz cənab general Ramil Usubov qardaşı oğlunu rəis qoydu. Doğrusu, bunu mən heç cürə başa düşə bilmürəm, bu xəbəri yuxarı başa çıxaran qəzet və ya sayt rəhbəri bəs necə düşünürdü: qardaşı oğlunu yox, onu və ya məni rəis qoyacaqdılar?
Necə olsa, qardaş oğludur, qan bir, can birdir. Nə olsun ki, bizim kağız üzərində olan, indiki sevimli, möhtəşəm (burda ürəkdən bir yağlı “maşallah” deyək ki, göz dəyməsin) iqtidarımızın tüpürmək belə istəmədiyi qanunlarımıza görə qohumların tabelikdə işləməsi qadağandır. Ona qalsa, onda gərək, hörmətli generalımız heç öz doğma oğlunu da tabeliyində saxlaya bilməyə, onu vəzifədə sürətlə yuxarı dartmaya. Bütün dedi-qodulara baxmayaraq cəsarətlə oğlunu vəzifədə saxlayır ki, vəzifədən vəzifəyə yuxarı dartır ki? Hətta, hamımızın sevimlisi, vaxtilə bu sistemdə işləmiş, bir vaxtlar elə bu orqandaca qıçlarından göydən asılmış İşgəncələrə Qarşı Mübarizə Komitəsinin sədri Elçin qardaş Behbudov necə də fəxrlə, qürurla deyirdi ki, cənab generalın oğlu da ona “Cənab nazir” deyə müraciət edir. Yox bir, 20 ildən çox bir kresloya sahib olmuş cənab general pokovnikə bəs nə deməlidir ki? Halal olsun, vallah, yarıyanlardan olsun, inşallah. Bir də ki, necə deyərlər, bacarana baş qurban.
Başqa xəbərlərə keçməzdən əvvəl, yeri gəlmişkən, Elçin qardaşımızla bağlı bir məsələyə də fikrimi bildirməsəm, gözümə yuxu getməz, ürəyim qərar tutmaz. Bu vacib məsələ də ondan ibarətdir ki, bir sıra qəzetlər, saytlar dostumuz, can ciyərimiz Elçinin elə bil paxıllığını çəkir, onu gözləri götürmür. Yoxsa, bunu necə başa düşmək olar ki, elə bu gün onun, rusiyalı ştanqist Jabatinskiyə oxşayan qardaşımızın şəklini Ermənistandan bizə əsir gəlmiş, yox e, qonaq gəlmiş və yemək-işməklə gen-bol təmin olunmuş balaca Andraniklə qol-boyun şəklini vermişlər. Ah, nə gözəl, ah, nə yaxşı, sağ olun, var olun ki, bizim başımızı belə uca etdiniz, başınız həmişə uca olsun, papağınız heç vaxt boş qalmasın. Nə olsun ki, indiyə qədər səngərlərdə cavan, igid, mərd əsgərlərimizlə birgə şəkillərinizi heç vaxt görmədik; nə olsun ki, zindanlara günahsız doldurulmuş yüzlərlə siyasi məhbuslarla, şərlənərək tutulanlarla gülümsəyən, qol-boyun fotolarınızı görmürük. Eybi yox, bu elə də vacib deyil. Vacib olan odur ki, işğal edilmiş torpaqlarımızı ala bilməsək də, heç olmasa, düşməndən bir nəfərin də olsa könlünü ala bilək. Nə olsun ki, bu balaca Andranikin qulağı kəsilmiş babası Andranik vaxtilə bizlərə, əsirlərimizə olmazın dəhşətlər yaşatmış və indi də yaşadırlar: onların əmri ilə qız-gəlinlərimizi nizəyə taxmışlar; hamilə qadınlarımızın qarnını cırıb, qarnından körpə balalarını çıxarıb doğramışlar; uşaqlarımızı böyük boruların içinə doldurub ağızlarını qaynaqlamışlar, körpələri diri diri boğmuşlar. Elə indinin özündə də onlarda qalan, lakin bizim yadımızdan çoxdan çıxmış əsirlərimizlə qəddarcasına,düşməncəsinə rəftar etməkdə davam edirlər . Biz ki, belə edə bilmərik, biz dünyada sivil, qonaqpərvər millət kimi xüsusi ad çıxarmışıq, adımızı heç cürə batıra bilmərik axı. Bir də ki, müharibələrdə olduğu kimi, özümüz gedib “dil” gətirə
bilməsək də, öz ayağı ilə gəlib bizim süfrəmizin başına çıxan “dil”in xətrinə dəyə bilmərik ki? Nə olsun ki, başbilən rəhbərlərimiz öz millətimizin nümayəndələrini adam yerinə qoymur, özünü ziyalı hesab edən əksər “super yaltaqları”- qələm sahiblərini,artistləri süfrəsinin pişiyinə çevirir, başını qaldıranı isə tutub içəri soxur,zindanda çürüdür. Başqa millətin nümayəndələrinə qarşı bunu qətiyyən edə bilmərik, çünki,ən azından, avropalılardan ayıbdır, ingilislər, lap elə firəngistanlılar bizə nə deyər?
Adamın başının üstündə allah var, Andranikin nəvəsi Andranik də bizim necə qonaqpərvər olduğumuzu yaxşı başa düşür,çox gözəl başa düşür və sağ olsun ki, belə qonaqpərvərlikdən, növbənöv yeməklərdən, içkilərdən, şirələrdən, sonra elə vəcdə gəlib ki, rəssam olmaq istəyir. İnsafən, bütün bu heyrətamiz nəticələrə görə biz gərək, ilk növbədə, Elçin qardaşımıza minnətdar olaq, ona ürəkdən yağlı bir “sağ ol!”deyək. “ Nəticələrə görə” ona görə deyirəm ki, bu erməni balası artıq Elçin qardaşımızın rəssamlıq məktəbinin ikinci yetirməsi olacaqdır.Əgər xatırlayırsınızsa, bunu xatırlamamağa sizin ixtiyarınız da yoxdur, ilk rəssam – insanları sifarişlə qətlə yetirən, hələ çox sirləri açmaması üçün indi bizim Milli Təhlükəsizlik Nazirliyində gizlədilən, rəssamlıq emalatxanasında muncuqlarla dahiyanə əsərlər yaradan və bu şedevrləri Elçin əkəmizə bağışlayan Hacı Məmmədov idi.
İndi məndə olan dəqiq məlumata görə, belə yüksək səviyyəli qonaqpərvərliyi görən, işğal etdikləri torpaqlarımızı 23 ildə bir santimetr belə vermək istəməyən erməni əsgərləri arasında çox böyük “panika” yaranmaqdadır, aləm bir-birinə qarışmışdır. Gələn şad xəbərlər sırasında o da vardır ki, artıq ATƏT-ə-Matətə ehtiyac yoxdur, acından qırılan erməni muzdurları silahlarını yerə tullayıb qaçaraq təmas xəttinə düzülmüş, bu tərəfə keçməyə, süd gölündə üzməyə can atırlar ki, bu da Elçin əkəmizin birbaşa xidmətidir. Ona görə də hesab edirəm, yəqin siz də hesab edirsiniz ki, bu müstəsna xidmətinə görə o, ən azı “Vətənə xidmətə görə“ medalına, ya da heç olmasa “Şərəf”ordeninə layiq görülməlidir. Bir də ki, yüksək istedadından çox lüt ətcəbala şəkillərinə görə xüsusi fəxri adlar almış, gecə-gündüz saytları bəzəyən bir çox xalq artistlərimizdən onun nəyi əksikdir ki?
Bu tarixi və hər kəsə nəsib olmayan məqamda Elçin qardaşımızdan acizanə surətdə təvəqqə edirəm ki, tez-tələsik bala Andranikə lazımça kağız, rəng, malbet, hər cür ləvazımat versin. Bizim talesiz əsirlərimizin o tayda bir tikə çörəyə həsrət qaldıqları bir vaxtda bu yüksək səviyyəli qonaqlıqdan məst olmuş, bəxtı yüzə-yüz gətirmiş əziz və hörmətli qonağımız elə ilk olaraq onun özünün çəklini yapsın, çünki, cəfakeş qardaşımız buna tam layiqdir. Qoy, düşmənlər bir daha görsün və gözlərinə su versin ki, biz özümüzə nə qədər düşmən olsaq da, özgəsinə qarşı necə mehribanıq, alicənabıq, səxavətliyik. Qoy, düşmən baxsın və paxıllıqdan gözləri kəllələrinə çıxsın ki, çəlimsiz Andraniklərdənsə, əjdaha kimi oğullar – Elçinlər yetişdirmək lazımdır. Bir də, şahid olsunlar ki, allah eləməsin,qulaqlara qurğuşun, şaqqalasalar, dostumuz və qardaşımız Elçindən, ən azı, 5 Andranik çıxacaqdır.
Bir də, açığı, allahdan gizlin deyil, sizdən nə gizlədim, ürəyimdən keçən daha bir arzumu da dilə gətirməsəm gülməşəkər qonağımız məndən bərk inciyə bilər. Qəzetlərdə, saytlarda gedən o şəkildəki bir-birinə sarılmış 3 nəfər özünü düşünən, bağışlayın, vətənini düşünən igidlərə baxdıqca, qürur duyuram, özümü necə də xoşbəxt hesab edirəm. Ona görə də Elçin qardaşımızdan xırda bir təvəqqəm də vardır ki, balaca Andraniklə, özünün və köməkçisinin bir-
birlərinə sarmaşdıqları o tarixi şəkildən birini də hökmən mənə göndərsinlər. Mən də onu lap, ofisimin giriş qapısında asacağam və bu ilin iyununda Bakıya gəlib bizim hesabımıza yeyib-içib kef çəkəndən sonda ağız dolusu gorumuza söyəcək erməni idmançılarına göstərib onlara gözdağı verəcəyəm.
Ermənidən söz düşmüşkən, bizim qəzetlər, saytlar bir məsələdən də böyük həyəcanla yazırlar ki, sən demə, Moskvada, dünya kuboku uğrunda sambo yarışlarında erməni əsilli bir idmançı qızıl medal qazandığına görə ölkəsinin himni səslənib. Bunu heç cürə həzm edə bilməyəm, 3-cü yeri tutan pəhləvanımız Bəxtiyar Abbasov da heç cürə işin gedişindən bəxtiyar olmayıb və hirsindən çönbəlib oturub himnə qulaq asıb. İndi də bizim mətbuat və boş-bekar vətənpərvərlərimiz, eləcə də düşmənlərimiz düşüb onun üstünə ki, bəs, deməzsən, bu heç yaxşı olmayıb, gərək belə etməyəydin. Guya, sənin bu hərəkətin ermənilər cəhənnəm, bizim böyük qardaşlarımız rusların, eləcə də onların rəhbərləri qarşısında dərsini bilməyən uşaq kimi dayanan rəhbərlərimizin xətrinə dəyə bilər. Guya, Bəxtiyar himnin sədaları altında diz çökməklə daha da pis iş görüb, qəbahətə yol verib. Başqalarını bilmirəm, şəxsən mən bu hərəkəti çox bəyənirən, bəyənirəm azdır, mən bunu alqışlayıram! Sən ürəyini sıxma, can qardaş, boş ver o deyilənlərə ki, guya, sən yarış və etika qaydalarını pozmusan, ölkəmizi nüfuzdan salmısan, ermənini yıxa bilməsən də çömbəlib oturmaqla onların evini yıxmısan, keflərinə soğan doğramısan. Bundan sonra, lap sənin bürünc medalını geri alsalar da, beynəlxalq yarışlardan məhrum eləsələr də, vecinə alma, kefini pozma, çömbəlib oturmaqda davam elə və bil ki, biz daim sənin tərəfindəyik.
Saytlar daha sonra Amerika Dövlət Departamentinin həmişəki sözü olmasın, narahatlıqla bildirirlər ki, sən demə, bizdən xeyli uzaqlarda, Uruqvayda pornoqrafiya ilə mübarizəyə dair qanun qəbul olunub. Qanuna əsasən, 3,3 milyon əhalisi olan bu ölkədə pornolarla bərabər, qadınların qısa yubka geyməsi də qadağan edilib. Ən maraqlısı o deyil ki, bu qanunu qəbul edən qanunverici orqanın üzvlərinin yarıdan çoxu qadınlardır və bizim Milli Məclisimizdəkilərdən fərqli olaraq onlar siyahı ilə yox, xalq tərəfindən seçiliblər. Ən maraqlısı odur ki, onlardan fərqli olaraq bizdə, müsəlman ölkəsində qadınlar nəinki qısa yubka, yubkasız belə gəzir, onlara gözün üstə qaşın var deyən yoxdur. Budan başqa, ən başlıcası, indi, bizim anoloqu olmayan ölkəmizdəki iqtisadi və siyasi uğurları gözü götürməyən bir çox dünya ölkələri Uruqvayda qısa yubkaların qadağan edilməsinə, bununla da insan hüquqlarının kobud formada pozulmasına göz yumur, həyəcan təbili çalmır. Amma, yorulmadan, nəfəs dərmədən Azərbaycanda insan hüquqlarının gecə-gündüz pozulmasından, yüzdən çox siyasi məhbusun olmasından dəm vurur. Bu ikili standarta, adı batmış İctimai Televiziyanın sözü olmasın, dünya ictimaiyyəti hələ də dözür.
Bizim şanlı, şanlı olduğu qədər də zəlil günə salınmış qəzetlərimiz, saytlarımız daha sonra nədən yazsa yaxşıdır? Düz tapdınız, hamımızın sevimlisi, bu ilin fevral ayının 26-da 80 illiyini təntənə ilə qeyd etdiyimiz Artur müəllim Rəsizadənin başçılıq etdiyi hökümətimiz tərəfindən anoloqu olmayan Azərbaycana bizdə itətök olan eşşəklərdən fərqli olaraq yeni “sort” eşşəklərin gətirilməsindən yazırlar.
Yox, yaxşısı budur bu haqda növbəti yazıda…