Ölkə vətəndaşı erməni hərbçi kimi yaşamaq arzusundadır
Artıq neçə gündür ölkənin gündəmini erməni hərbçisi Qriqoryan zəbt edib. Belə ki, martın 22-də günorta saatlarında 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub.
Qriqoryan bildirib ki, Azərbaycan tərəfinə keçmək istəyən çoxlu sayda erməni əsgəri var. O qeyd edib ki, gözlədiyinin əksi olaraq normal qarşılanıb və doyunca yemək-içməklə təmin olunub.
Işgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov da Qriqoryanla görüşüb və onun yüksək səviyyədə saxlandığını bildirib: “Bizimlə söhbət zamanı bildirdi ki, Azərbaycanda ona münasibət çox yaxşıdır. Xidmət etdiyi hərbi hissədən fərqli olaraq, Azərbaycanda gündə üç dəfə yeməklə təmin olunur. Istədiyi vaxt meyvə şirəsi, kofe verilir. Həftədə 3-4 dəfə hamamla təmin edilir, havada gəzir, isti yerdə saxlanılır. Mənə dedi ki, rəssam olmaq istəyir. Buna görə ona qələm, karandaş və dəftər verilir. Yağlı boya da istədi. Mən də növbəti başçəkmə zamanı ona yağlı boya və digər ləvazimatlar aparacağımı söylədim. Dedi ki, imkanları olsa, digər erməni hərbçilər də onun kimi Azərbaycan tərəfinə keçərlər”- deyə Elçin Behbudov bildirib.
Göründüyü kimi, erməni əsgərə rəsm çəkməkdən tutmuş, həftədə 3 dəfə çimməyə qədər bütün şərait yaradılıb. Dünənə qədər ölkənin vicdanlı insanlarına “erəminpərəst” damğası vuran hakimiyyət, indi erməni hərbçiyə rəsm çəkmək üçün də şərait yaradır. Təsəvvür edin ki, Leyla Yunusun hansısa erməni əsgəri ilə fotosu yayılır, yaxud ölkəyə keçmiş erməni əsgərinin müdafiəsi ilə bağlı münasibəti olur. O zaman nə baş verərdi? Saxta vətənpərvərlər, hakimiyyət sözçüləri onu diri-diri yandırardılar. Biz əsir düşmüş əsgərə işgəncə verilməsinin, ac saxlanmasının tərəfdarı deyilik. Sadəcə olaraq xatırlatmaq istəyirik ki, öz vətəndaşını aclıqla imtahana çəkmiş hakimiyyət, erməni əsgərini hotel şəraitində yaşatmaqla məşğuldu.
Bugün şərlənərək həbs edilmiş 100-ə yaxın siyasi məhbusa eyni şərait niyə yaradılmır? Erməniyə güllə atmış, sağlamlığını itirmiş Asif Yusifliyə niyə belə lütfkarlıq göstərmirsiniz? Evsizlikdən əziyyət çəkən 100 minlərlə vətəndaşa belə qayğı niyə göstərilmir? Bu ölkədə həftədə bir dəfə çimə bilməyən nə qədər vətəndaş var, bu ölkədə nəinki rəsm çəkmək üçün sulu boya, məktəbə getmək üçün qələm-dəftər ala bilməyən insanlar var.
Biz çox şey istəmirik. Hakimiyyət erməni əsgərə qarşı göstərdiyi qayğının bir hissəsini də Azərbaycan vətəndaşına göstərsin. Necə olur ki, erməni əsgər Azərbaycana keçdiyi üçün sevinir, amma Azərbaycan vətəndaşı ölkədən qaçmaq üçün vasitələr axtarır? Vətəndaşın cibinə narkotika, evinə silah atan hökumət, erməninin mədəsinə doyunca qida atmaq öhdəliyi götürüb?
Bəli, hakimiyyət bütün məqamlarda göstərir ki, ermənilərə qarşı aqressiv deyil. Əksinə, erməniyə güllə atanlara, ermənini dəstəkləyən Rusiyanı ittiham edənlərə, erməni təcavüzündən əziyyət çəkənlərə qarşı aqressivdir.
Erməni əsirinə hər gün meyvə şirəsi verənlər ölkə vətəndaşını meyvə almaqdan məhrum edib.
Bəli, indi Azərbaycan vətəndaşları Qriqoryanın vəziyyətində olmağı arzulayır. Yəni gündə 3 dəfə yeməklə təmin olunmağı, istədiyi vaxt yuyunmağı, hobbilərini həyata keçirməyi və hakimiyyətin qayğısı ilə əhatə olunmağı arzulayır.
Erməninin dostuyla dost olurlar, erməni idmançıların xərcini ödəyirlər, erməni əsirini hörmətli qonaq kimi bəsləyirlər. Eyni zamanda erəminin qətlə yetirdiyi şəhidin sığorta haqqını vermirlər, erməni ilə döyüşdə sağlamlığını itirmiş Qarabağ qazisini intihara sürükləyirlər, erməniylə döyüşdən yarıcan çıxmış Asif Yusiflini şərləyib həbs edirlər. Indi ermənipərəst kimdir?
Vətəndaşların hüququnu müdafiə edən Leyla Yunus, yoxsa vətəndaşları hüquqsuz qoyan hakimiyyət? Korrupsiyaya, yaltaqlığa, ədalətsizliyə qarşı mübarizə aparanlar, yoxsa xalqı alçaldanlar?
Bir sözlə, Qriqoryana göstərilən qayğıdan sonra vətəndaşlar erməni kimi yaşamaq istəyəcəklər.
S.Novruz