Vəfa Quluzadə: «Putinin səfəri Rusiyanın Ermənistana dəstəyinin nümayiş etdirilməsi məqsədi daşıyır»
Irəvana səfəri çərçivəsində Vladimir Putin Ermənistanı Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycanın nəzarətinə qaytarmağa məcbur edə bilər. Anspress-in məlumatına görə, Rusiya Dövlət Dumasının Irəvanda rəsmi səfərdə olan komitə sədri Leonid Slutskinin sözlərindən bunu anlamaq mümkün olur.
Rusiya rəsmisi bildirib ki, aprel ayına nəzərdə tutulan səfəri çərçivəsində Rusiya prezidenti Serj Sərkisyanla Qarabağ məsələsi dərindən müzakirə edəcək.ÿ"Ümid edirəm ki, Qarabağ nizamnlanması üzrə bütün sağlam səylər yaxın gələcəkdə nəzərəçarpacaq nəticələrə gətirəcək", – deyə Leonid Slutski vurğulayıb. Rusiyalı siyasətçi münaqişənin Madrid prinsipləri əsasında həll edilməsini vacib sayır. “Münaqişəni Madrid prnisipləri əsasında həll etmək lazımdır. Rusiya Qarabağ məsələsinin əsas sülhməramlısı olaraq qalır”, – deyə Slutski vurğulayıb.ÿ
Xatırladaq ki, Madrid prinsiplərinə görə, Ermənistan qoşunlarını Qarabağ ətrafındakı rayonlardan çıxarmalıdır, daha sonra Qarabağın statusu barədə danışıqlar başlamalıdır. Ermənistan indiyə kimi məsələ ilə razılaşmır və əvvəlcə statusu müəyyən etməyi vacib sayır. Göründüyü kimi, Rusiya Ukraynaya paralel olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üçün yeni müharibə ocağının alovlanacağından ehtiyat edərək Ermənistanı sülhə məcbur etmək niyyətindədir. Təbii ki, Moskva Dağlıq Qarabağa yeridiləcək sülhməramlıların Rusiya qüvvələri olmasını əsas şərt olaraq irəli sürür. Bu, sonradan Moskva üçün Dağlıq Qarabağın geri qaytarılması naminə Azərbaycanın da Avrasiya Ittifaqına daxil edilməsini təmin edə bilər.ÿ
Həqiqətənmi Putinin Ermənistana səfəri Qarabağ probleminin həllində ciddi irəliləyişə səbəb ola biləcək?
Politoloq Vəfa Quluzadə “Azadlıq”a açıqlamasında bildirdi ki, Putinin Ermənistana səfəri ilə bağlı mətbuatda gedən məlumatlar reallıqdan uzaqdır. Bu səfərin Qarabağ probleminin həllinə, ələlxüsus 7 rayonun qaytarılmasına hesablanmadığını deyən V.Quluzadə əlavə etdi ki, səfər Rusiyanın Ermənistanda mövqelərinin möhkəmlənməsinə hesablanıb. Çünki rus əsgərinin Ermənistandakı son əməlindən sonra iki ölkə arasında soyuqluq yaşanır: “Ermənistanda Rusiyaya qarşı qəzəb hər ötən gün daha da güclənir. Ermənistan artıq tələb edir ki, Kreml Yeravanın müstəqilliyini boğmasın. Çünki Ermənistan Gömrük Ittifaqı barədə düşünmədiyi bir zamanda Sərkisyan Moskvaya dəvət olunub və o, bu təşkilata daxil olmağa məcbur olub. Putinin səfəri ona hesablanıb ki, Ermənistana ürək-dirək versin. Rusiya bəyan edir ki, o Ermənistana təminatçıdır. Rusiya təminat verir ki, Azərbaycan torpaqlarını güc yolu ilə azad etməyəcək. Putinin səfəri Rusiyanın Ermənistana dəstəyinin nümayiş etdirilməsi məqsədi daşıyır”.
Putinin Ermənistana səfərinin “erməni soyqırımı”nın ildönümünə təsadüf etməsinin bir mesaj olduğunu deyən V.Quluzadə əlavə etdi ki, Putin bu addımı ilə Rusiyanın bu məsələdə də Ermənistanın yanında olduğunu göstərir.
Xəyal