Xəbər verdiyimiz kimi martın 25-də Avropa Komisiyası Avropa Qonşuluq Siyasəti çərçivəsində əməkdaşlıq etdiyi ölkələrlə bağlı hesabat yayıb. Sənədin hazırlanmasında Avropa Parlamentinin iştirakı da qeyd olunur. Hesabatda 2014-cü ildə Avropa Birliyi ilə Azərbaycan arasındakı münasibətlərə geniş yer verilib. Sənəddə söz azadlığı bağlı vəziyyətdən bəhs edilərkən “Azadlıq” qəzetinin adı xüsusilə qeyd olunur. “Müxalifət qəzeti olan ”Azadlıq" çox ciddi təzyiqlərlə üzləşməkdə davam edir. Böyük məhkəmə cərimələri qəzetinin maddi vəziyyətini son dərəcə pisləşdirib", – deyə sənəddə bildirilir.
“Azadlıq”ın baş redaktorunun birinci müavini Rahim Hacıyevin sözlərinə görə, hesabatdan görünür ki, Avropa Birliyinin Azərbaycanda söz və mətbuat azadlığına qarşı təzyiqlərə dözümlü münasibət göstərmək niyyəti yoxdur: “Qeyd etməyi vacib bilirəm ki, Azərbaycanda söz azadlığı uğrunda mübarizə sahəsində böyük mövqe qazanmış ”Azadlıq" qəzetinin fəaliyyəti haqqında Avropada geniş məlumat var. Hesabatda “Azadlıq” qəzetinə qarşı hakimiyyətin təzyiqlərinə xüsusi yer verilməsi Avropa Komissiyasının qəzetimizə biganə olmadığının göstəricisidir. Azərbaycanın ən böyük iqtisadi tərəfdaşı olan Avropa Birliyi ilə münasibətlərdə Azərbaycan hakimiyyətinin Birliyi çox narahat edən məsələlərə diqqət göstərməsi Azərbaycan-Avropa Birliyi münasibətlərinə yalnız yaxşı təsir edə bilər. Azərbaycan hakimiyyətinin bu amili nəzərə alması yalnız ölkəmizin xeyrinə ola bilər".