Azərbaycan 3 il ərzində Rusiyadan 14 min vaqon alacaq
Azərbaycan qarşıdakı 3 il ərzində Rusiyadan 14 min vaqon alacaq. APA Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın “Uralvaqonzavod” ASC-nin baş direktoru Oleq Siyenko məlumat verib.
O, Rusiya tərəfinin “Azərbaycan Dəmir Yolları” QSC-yə müxtəlif növdə 2 900 yük vaqonunun verilməsi ilə bağlı müqavilə imzaladığını xatırladıb. Oleq Siyenko əlavə edib ki, bu Azərbaycana vaqon tədarükünün ilkin mərhələsidir: “Bu ildən başlayaraq biz üç il ərzində Azərbaycana 14 min vaqon tədarük edəcəyik. Biz artıq tökmə detalların istehsalına başlamışıq”.
Oleq Siyenko bildirib ki, indi vaqonların yığılması istiqamətində işlər gedir. “Iyun ayına qədər Azərbaycana 2000-dən artıq dəmir yol nəqliyyatı vasitəsi göndərəcəyik. Bu müqavilə bizim vaqon istehsalı gücümüzü artıracaq”, – deyə Oleq Siyenko vurğulayıb.
Qeyd edək ki, mart ayının əvvəlində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Rusiyanın Oleq Siyenko ilə görüşüb və danışıqların yekununda Rusiya tərəfinin “Azərbaycan Dəmir Yolları” QSC-yə müxtəlif növdə 2 900 yük vaqonunun verilməsi ilə bağlı müqavilə imzalanıb.
Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyinə gəldiyi qısa müddətdə Rusiyadan vaqon almağa başlaması bəzi mülahizələrə yol açıb. Bəzi iddialara görə, yeni vaqonlar gəldikdən sonra köhnələr doğranıb satılacaq. Vaxtilə Ziya Məmmədovun bu yolla xeyli gəlir əldə etdiyi bildirilir.
Bundan başqa Azərbaycan reallığında bu tip müqavilələr birqayda olaraq korrupsiya layihəsi kimi dəyərləndirilir. Yəni, ölkəyə gətiriləcək vaqonların qiymətlərinin şişirdiləcəyi şübhəsizdir. Cavid Qurbanovun ölkədəki iqtisadi böhranın dərinləşdiyi bir vaxtda belə bir müqavilə imzalamasına razılıq verilməsi isə onun hakim ailə və maliyyə naziri Samir Şərifovla yaxınlığından irəli gələ bilər.