AXCP siyasi məhbus, hüquq müdafiəçisi Leyla Yunusla bağlı sosial şəbəkələrdə kampaniyaya başlayıb. Bu barədə partiyanın facebook səhifəsində məlumat yerləşdirilib. Məlumatda deyilir:
“Dostlar, bilirik ki, hələ də bir çoxunuz bayram ovqatındasınız, fb-dən də, ciddi söhbətlərdən də bir az uzaq olmaq istəyirsiniz. Amma elə hadisələr baş verir ki, susmağımız mümkün deyil. Söhbət rejimlə kişi kimi mübarizə aparan, hazırda girov götürülmüş ahıl yaşlı bir xanımın – Leyla Yunusun səhhətindəki problemlərin kəskinləşməsindən, həyatına ciddi təhlükə yaranmasından gedir.
Leyla xanımı həbsxanada müayinə etmiş Almaniyadan olan həkim də artıq təsdiqləyib ki, onun səhhətindəki problem həyatına təhlükə yaradır. Yəni sizin, bizim – hər birimizin hüquqları uğrunda prinsipial mübarizə aparmış və bu mübarizəsinə görə həbs edilmiş ahıl yaşlı bir qadın həbsxana şəraitində ölüm təhlükəsilə üz-üzədir. Buna susmağımız, etiraz etməməyimiz insasnlıqdan kənar və vicdansızlıq olardı. Odur ki, Leyla Yunusla bağlı aksiyaya başlamaq qərarı verdik. Aksiyamız siyasi məhbuslara dəstək kampaniyamız çərçivəsində elan olunur.
Hər birinizi aksiyada fəal iştiraka çağırırıq. Profil fotolarınızı Leyla xanımın aksiyamız üçün hazırladığımız aşağıdakı fotosu ilə əvəz edin. #FreeLeyla və #Leylaniazadet haştagları ilə onun barəsində statuslar yazın, ona azadlıq tələb edən çağırışlar yayın, onun fotolarını paylaşın və s. Yeri gəlmişkən, Leyla Yunusun həyat yoldaşı Arif Yunus da hazırda günahsız yerə həbsdədir və onun da səhhəti yaxşı deyil. Sizi aksiya çərçivəsində Arif Yunusu da diqqətdə sağlamağa çağırırıq”.