Ruslan Nəsirli
Bu məsuliyyəti öz üzərinə götürməyə hazırsan mənim dözümlü xalqım?
Azərbaycandakı mövcud rejim korrupsiyanın ,oğurluğun bel sütunu olan bir sistem qurub. Bu sistemin başında duran insanlar özləri üçün yaranan problemi yoluna qoymaq mümkündürsə, dərhal problemi aradan qaldırırlar. Lakin siyasət lazım olan bir yerdə bu adamlar fiaskoya uğrayır. Çünki bu adamların siyasətlə yaxından uzaqdan əlaqəsi yoxdur. Ümumiyyətlə Azərbaycan hakimiyyəti qeyri-siyasi, özünə güvənməyən hakimiyyətdir. Yəqin bir çoxlarınız İlham Əliyevin nazirlər kabinetinin iclasındakı çağırışını xatırlayırsız.” Kim siyasətlə məşğul olmaq istəyir burdan getsin” ifadəsi bir ölkə başçısının nə qədər “məharətli” siyasətçi olduqunu ortaya çıxarmır?
Nəzər yetirsək görərik ki,bu hakimiyyət 22 ildir ölkəni mafiya qanunları ilə idarə edir. Misal olaraq çox keçmişə yox, bir neçə il əvvələ gedək. 2013-cü ildə Prezident seçkiləri kampaniyası dövründə Əli Kərimlinin oğlunu şərləyərək həbs etdilər. Ondan əvvəl hal-hazırda həbsdə olan Tofiq Yaqublunun qızını həbs etmişdilər. Elə bu yaxınlarda Cəmli Həsənlinin qızına qanunsuz
olaraq 1 il 6 ay məntəqə tipli həbs cəzası verdilər.Bütün bunlar sivil bir hakimiyyət tərəfindən həyata keçirilə bilməzdi.Dünyada hansı sivil və demokratik hakimiyyət bu yollara əl atır?
Oğurluğu özünə ana yasa seçən bu adamlar təkcə siyasətçilərin övladlarını deyil, həm də illərdir bu xalqın pullarını oğurlayır. Keçən həftə Mərkəzi Bank gecə ilə inzibati qaydada manatı 30 faiz ucuzlaşdırdı.Həmin gecə əmanətlərini manat ilə saxlayan insanlar 1 miliyard dollar ziyana düşdülər. 22 ildir xalqın cibinə girənlər, öz oğru xislətlərini bariz şəkildə göstərdilər.Bu dəfə Azərbaycanı gözləyən ağır iqtisadi böhran öncəsi xalqdan 1 miliyard dollar oğurladılar.Bu son hadisə hakimiyyətin qurduğu sistemin oğurluq və korrupsiya ilə idarə olunduğuna şübhə yaradırmı?
Bu gün də xarici medianın yaydığı məlumat sayəsində məlum oldu ki, Avropa oyunları üçün 50 ölkədən Bakıya gələcək 5 mindən artıq idmançının bütün xərclərini Azərbaycan tərəfi ödəyəcək. Bu ölkələrin içində Ermənistan da var. Niyə bu xalqı saymırlar? Onun halına acımırlar? Bəli, artıq hamı bilir ki, bu hakimiyyət xalqla kölə kimi davranır, onu saymır. Amma bu faktdır, bəs səbəbi nədir?
Yuxarıda saydığım hakimiyyətin etdiyi bütün oğurluqlar,qanunsuzluqlar özlərini qanunun fövqündə saymaqlarının bir günakarı da xalqın özüdür.Aristotel deyirdi ki, “Yaxşı bir insan olmaq ilə yaxşı bir vətəndaş olmaq əsla eyni bir
şey deyil”. Bu gün müxalifətdə olan fədakar insanların illərdir böyük mərhumiyyətlərə sinə gərib, mübarizə aparmasının da bir səbəbi Azərbaycan insanını yaxşı vətəndaşa çevirməkdir. Buna sübut olaraq çoxlu faktlar saymaq olar. Amma bunları sadalyaıb sizi yormaq istəmirəm.Təkcə onu deyim ki, bu gün televiziyalarda xalqa imkansızlıqdan müraciət edən adama, xalq öz qazandığı qəpik -quruşla yardım edir. Amma insanımız yaxşı vətandaş olmaq istəmir. Qiymətlər süni surətdə qaldırılır, “aksiyaya gəl” deyirsən, min bir bəhanə gətirirlər. Bütün bəhanələrini dəf etdikdən sonra “əşi gedəcəm başıma dubinka vuracaqlar”deyirlər. Amma hələ də başa düşmək istəmirlər ki, bu hakimiyyətin 22 ildir bu xalqa etdikləri “dubinkanı başa vurmaqdan” da pisdir. Bir şeyin haqsız olduğunu bilib etiraz etməmək qorxaqlıq deyil?
Azərbaycan xalqı 20-ci əsrin sonlarında dünyaya sivil bir mübarizənin necə olması nümunəsini göstərib. Lakin Azərbaycan xalqı elə bu yaxınlarda əlini “daşın altına” qoymağa razılıq verməsə, vətənimizi gələcəkdə bundan da ağır bir vəziyyət gözləyəcək. Məmləkətimiz parçalana, qan gölünə çevrilə bilər.Bu ölkədə ki, bir neçə min etirazçı insan bu vətən uğurunda son nəfəsinə qədər mübarizə aparacaq. Xalqı hər zaman dinc mübarizəyə, daha ədalətli, daha firavan Azərbaycan uğurunda mübarizəyə səsləyəcək. Lakin az bir zaman ərzində bizim səsimizə səs verməsələr, o zaman gələcəkdə başımıza gələnlərə görə, ən azı bu hakimiyyət qədər günahkar olacaqlar.
Bu məsuliyyəti öz üzərinə götürməyə hazırsan mənim dözümlü xalqım?