Məhəmməd Talıblı
Seymur Həzi – 5
Əziz dostum və dəyərli əqidə yoldaşım Seymur bəy bu gün tamam olan 33 yaşını həbsxanada qarşılayır. O, ad gününü haqq etdiyi və uğrunda vuruşduğu azadlıqda keçirmir. Özünün azadlığını məhdudlaşdırmaq hesabına da olsa, milləti bütöv olaraq azadlığa çıxarmaq mücadiləsini israrla apardığı üçün həbsdədir. Bütün bunlara baxmayaraq hələlik qapalı rejimdə özünün işıqlı ömürünün üzərinə bir ili də gətirir. Buna görə inanıram ki, o, heç zaman pessimizmə yuvarlanmır və etdiyi hərəkətlərdən heç bir halda məyus olmur. O, yolunda olduğu bütün azadlıq mücadiləsini və savaş ruhunu daxili tələbatının təzahürü kimi dəyərləndirir. Bu baxımdan Seymur həqiqətən ideyalarında çox sabitqədəm insandır.
Orta statistik azərbaycanlı ildə bir dəfə özünə ad günü keçirir. Nə qədər gülməli olsa da hətta buna görə restoran bağlatdıranlar da olur. Həmin insanlar bununla özlərinin varlıqlarını ətrafına daha çox biruzə verdirmək istəyir. Sanki bununla özünü təsdiq etmək ehtiyacını isbatlamış olur. Olsun! Zövqlər dartışılmaz. Amma bütün bunlarla yanaşı kölgədə gəzən və şöhrətdən qaçan insanlarımızda az deyil. Seymur bəy başda olmaqla bəzi insanların isə sadəcə belə təmtəraqlı ad günlərinə ehtiyacları yoxdur. Çünki, Seymur onun fərqində idi ki, o, özünün bütün şüurlu əməlləri və idealları ilə hər gün özünün varlığını təsdiqləyir. Ona görə o özünü bizlərə zorən qəbul etdirmək ehtiyacını da hiss etmirdi və müxtəlif ziyafətlərdə bulunmurdu. O, bütün işıqlı əməlləri və gəncliyə nümunəsi ilə çoxların qəlbində özünə çoxdan heykəl qoyub və özünü insanlara sevdirdidə. Mənim nəzərimdə onun hər bir yazısını “Azadlıq” qəzetinin saytında 20-30 min dəfə oxunma səviyyəsi onun ad gününü bir o qədər insanın qeyd etməsi demək idi. Onun yazılarını səbrsizliklə gözləyən insanların mənəvi qidasının ödənməsi Seymuru bu ölkədə ən yaxşı ad-san sahibi edibdir.
Seymur özünün ad gününü azadlıqda da adi günlər kimi qarşılayıb və adi qaydada da yola salırdı. O, başa düşürdü ki, əsrlər boyu dahilər şöhrətdən uzaq durublar. O, bunu çox yaxına buraxmamaqla başgicəllənmə patologiyasından nə qədər uzaq gəzdiyini başa düşürdü.
Seymur-33! Seymurun keçdiyi yol və düşüncə dərinliyi onun real yaşı ilə ziddiyyət təşkil edirdi. O, psixoloji yaşı və dinamik hərəkəti ilə özünün nə qədər cavan olduğunu hiss etdirsə də, amma onun uzaq görən fikirləri və analitik düşüncəsi ilə necə müdrik yaşda olduğunu hər yazısının oxucusuna isbatlayırdı.
Əziz dost, ad günün mübarək! Sən o insanlardansan ki, yalnız ad günündə insanların yadına düşmürsən. Sənin ad gününü hər gün qeyd edirik və indiyə qədər bütün etdiklərinlə mənalı ömrünü və özünü bizlərə çoxdan sevdirmisən. Xahiş edirəm, sənə həsr etdiyim 5-ci yazımı ad gününə dost təbriki kimi qəbul et! Kutlu olsun, Azad İNSAN!