Elmar Hüseynovun qətlə yetirilməsindən 10 il keçir
10 il gəlib keçdi. Heç bir vəd doğrulmadı. Etiraf edək ki, jurnalistin qətli hər şeyə biganə toplumda da ciddi təlatüm yaratmadı. Qətlin üstünün açılması üçün vətəndaş cəmiyyəti fəallarının tələbləri ardıcıl olmadı, yetərincə mübarizə də aparılmadı. Illər keçdikcə jurnalistin qəbrini ziyarətə gələnlərin sayı da azaldı. Elə mətbuatda yazıların da. Qətlin ilk illərində təklif olunmuşdu ki, Elmar Hüseynov mövzusunun gündəmdə qalması üçün qəzetlər onun “Monitor”dakı yazılarını vaxtaşırı dərc etsinlər. Ancaq alınmadı, görünür, heç kim, heç bir qəzet buna cəsarət etmədi. Bu gün qətldən 10 il keçir. Yeni nəsə yazmağı artıq sayıram. Düşündüm ki, ən yaxşısı tarixə ekskursdur. Bir çox mətləblərə cavabı elə tarixdən tapmaq olar. Beləliklə, 10 il ərzində bu qətllə bağlı yazılanlar, deyilənlər, verilən vədlər və… hələ də üstü açılmayan cinayət.
“Monitor”un redaktoru Elmar Hüseynov qətlə yetirilib
azadliq.org, 03.03.2005
“Monitor” jurnalının redaktoru Elmar Hüseynov yaşadığı mənzilin qarşısında qətlə yetirilib. Siyasi və ictimai təşkilatlar, beynəlxalq jurnalist qurumları terror aktını pisləyir, Azərbaycan hökumətindən tez və qəti tədbir götürməsini tələb edirlər.ÿ
Hadisə martın 2-si Bakı vaxtı ilə saat 21 radələrində baş verib. Mərhumun həyat yoldaşı Rövşanə Hüseynova hadisəni belə təsvir edir:ÿ"Blokda, evdə işıq və telefon söndürülmüşdü. Biz atəş səsi eşitmədik. Alçaqdan iki səs gəldi, sanki, blokda iki nəfər mübahisə edirdi. Sən demə, ona səsboğucu ilə atəş açırmışlar. Atası qapını açanda o, evə yıxıldı və heç bir söz deyə bilmədi".ÿ
Həyat yoldaşının dediyinə görə, Elmar Hüseynovun mobil telefonu da xəttdən ayrılıbmış. O bildirir ki, Elmar Hüseynov ürəyindən, başından və ağzından güllə yaraları alıb.
37 yaşlı Elmar Hüseynov 1996-cı ildən “Monitor”un baş redaktoru idi. Evlidir, bir oğlu var.
Elmar Hüseynovun ölümünün ildönümünə
Mediaforum.az, 2006.03.01
2005-ci il martın 2-də saat 20.50-də müstəqil “Monitor” jurnalının baş redaktoru, 38 yaşlı Elmar Hüseynov öz evinin girəcəyində yeddi güllə ilə qətlə yetirilib. Baş Prokurorluq qətl faktı üzrə Cinayət Məcəlləsinin 120.2.4 və 228 maddələrilə (bilərəkdən xüsusi amansızlıqla adam öldürmə və qanunsuz odlu silah saxlama, gəzdirmə) cinayət işi qaldırıb. Hadisə yerindən 150 metr aralıda səsboğucusu olan “Makarov” tipli tapança, həmçinin cinayətkara məxsus olduğu ehtimal edilən yun papaq tapılıb. Qətlin açılması üçün DIN, MTN və Baş Prokurorluğun əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradıldı. Dövlət başçısı Ilham Əliyev bu qətli Azərbaycanın imicinə vurulan “qara ləkə” adlandıraraq ictimaiyyəti əmin etdi ki, cinayətin tezliklə açılması, sifarişçilərin və qatillərin tapılıb cəzalandırılması üçün mümkün olan hər şey ediləcək. I.Əliyev bildirdi ki, hakimiyyət bu qətldə maraqlı ola bilməz. E.Hüseynov öz peşə fəaliyyəti ilə bağlı dəfələrlə hədə-qorxulara məruz qalmışdı. Hakimiyyətin Elmara qarşı təqibləri hələ 1996-cı ildə başlamışdı. “Monitor” jurnalında “Azərbaycanlılar – 21 əsrin milləti” məqaləsinin dərcindən sonra. Həmin ilin yayında məhkəmə jurnalı 16 mln. manat cərimələdi ki, bu da jurnalın maliyyə baxımından iflasa uğramasına səbəb oldu. Jurnal 2000-ci ilin yanvarında “Monitor Uikli” adı ilə nəşrini bərpa etdi. Lakin mayın 6-da jurnal bağlandı. Buna “Heydər Əliyev – mif və reallıq” məqaləsi səbəb oldu. Redaksiyanın binası, “Bakı Printinq press” mətbəəsi və “Bakinskiy bulvar” qəzeti də “vergi pozuntularına” görə möhürləndi. Yoxlama zamanı heç nə aşkar olunmadı və bütün iddialar aradan qaldırılsa da hakimiyyət jurnalın fəaliyyətinə icazə vermədi. Eyni zamanda jurnala və onun əməkdaşlarına qarşı məhkəmə prosesləri başladı. 2000-ci il iyulun 17-də Yasamal Rayon Məhkəməsi “Monitor Uikli”nin lisenziyadan məhrum edilməsi barədə qərar çıxardı. 2001-ci ildə Nizami Rayon Məhkəməsi Bakı meri Hacıbala Abutalıbovun E.Hüseynova qarşı iddiasını təmin edərək onu 6 ay müddətinə azadlıqdan məhrum etdi. Bir aydan sonra Heydər Əliyev jurnalisti əfv etdi. 2002-ci ilin aprelində “Monitor” nəşrini bərpa etdi və 2005-ci ilin fevralına kimi çap edildi. Bu müddətdə “Monitor” dövlət məmurlarının və qurumlarının çoxsaylı iddiaları ilə qarşılaşmalı oldu. Belə ki, 2003-cü ildə məhkəmə Naxçıvanın Bakıdakı təmsilçisi Həsən Zeynalovun iddiası ilə “Monitor”u 100 milyon manat cərimələdi. “Monitor”un baş redaktoruna qarşı sonuncu iddianı Nizami Rayon Məhkəməsində Milli Məclisin deputatları Siyavuş Novruzov və Zəlimxan Yaqub “şərəf və ləyaqətlərinin təhqir olunduğuna görə” qaldırıb.
Ilham Əliyev: “Qətl baş verən kimi biz ciddi istintaqa başlamışıq”
“Azadlıq” radiosu, 07.11.2006
Bu gün Brüsseldə prezident Ilham Əliyev və Avropa Komissiyasının prezidenti Xose Manuel Barosso ilə keçirdiyi birgə mətbuat konfransında Azərbaycanın dövlət başçısına jurnalist Elmar Hüseynovun qətli və istintaqın gedişi ilə bağlı sual verilib.
“Azadlıq” radiosunun məlumatına görə, I.Əliyev E.Hüseynovun qətlinin Azərbaycana böyük zərbə olduğunu deyib: “Bu qətlin təsirini biz bu gün də hiss edirik. Ilk dəfədir ki, Azərbaycanda jurnalist qəddarcasına öldürüldü. O, bütün siyasi dairələri tənqid edirdi, lakin buna baxmayaraq, bu hadisə göstərdi ki, Azərbaycanda elə qüvvələr var ki, onlar ölkədə sabitliyin pozulmasına maraqlıdırlar”.
I.Əliyev cinayət işinin istintaqında xarici ekspertlərin də iştirak etdiyini vurğulayıb: “Qətl baş verən kimi biz ciddi istintaqa başlamışıq. Biz Avropadan, ABŞ-dan qatilləri tapmaq üçün kömək istəmişik. Bizim orqanlar qatillər barədə axtarış elan ediblər. Onların kimliyi məlumdur. Lakin bu cinayətkarlar ölkədə olmayanda onların tapılması çox çətindir. Hazırkı mərhələdə biz gərək gözləyək ki, Interpol qatil olduqları ehtimal edilən adamları tapsın və onlar məsuliyyətə cəlb olunsunlar”.
Baş prokurorun müavini: “Monitor” jurnalının baş redaktorunun qətli ilə bağlı istintaq hərəkətləri gücləndirilib"
“Trend”, 22.10.2007
“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı istintaq hərəkətləri gücləndirilib, bazar ertəsi “Trend”ə baş prokurorun müavini Rüstəm Usubov bildirib. Onun sözlərinə görə, Hüseynovu qətlə yetirənlərin həbsi üçün Gürcüstanın prokurorluğu və təhlükəsizlik nazirliyi ilə birgə istintaq hərəkətləri aparılır.
Usubov deyib ki, “Monitor” jurnalının baş redaktorunun qətlə yetirilməsi ilə bağlı istintaqın yekunlaşmamasına səbəb cinayətkarların tapılmamasıdır.
“Gürcüstandan bizə dedilər ki, Azərbaycandan heç vaxt müraciət almamışıq”
“Azadlıq” radiosu, 01.03.2011
Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin açıqlamasına görə, Gürcüstan tərəfi jurnalist Elmar Hüseynovun qətlində şübhəli bilinən Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanovu Azərbaycana verməkdən imtina edir, amma bu sahədə danışıqlar davam edir.
Bəs Azərbaycan tərəfi Xubanov və Əliyev barəsində Gürcüstan tərəfinə sonuncu dəfə nə zaman müraciət edib? Bu suala cavabında Milli Təhlükəsizlik Nazirliyinin Ictimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev deyir: “Bu, istintaq sirridir, biz bu haqda məlumat verə bilmərik. Amma istintaq əlindən gələni edir ki, qatillər tapılsın”.
Hüquqşünas Intiqam Əliyev isə deyir ki, Gürcüstan tərəfinə müraciətlə bağlı məlumat istintaq sirri sayıla bilməz.
Elmar Hüseynovun hazırda Norveçdə yaşayan xanımı Ruşaniyyə Hüseynovaÿisə deyir ki, Azərbaycan hökuməti Gürcüstana, ümumiyyətlə, bu məsələ ilə bağlı heç vaxt sorğu göndərməyib: "Biz Norveçdən Gürcüstanın Ədliyyə Nazirliyinə sorğu göndərdik. Nazirliyin nümayəndələri bildirdilər ki, Azərbaycan tərəfdən onlara heç vaxt, təkrar edirəm, heç vaxt rəsmi müraciət daxil olmayıb. Biz yazılı cavab üçün müraciət etdik, amma hələ ki, cavab almamışıq".
Eynulla Fətullayev həbsdən məktub yazıb, ittiham edir
Elmar Hüseynovun qətlindən sonra Teymuraz Əliyev və Tahir Xubanovla Tbilisidə görüşdüyünü iddia edən jurnalistlərdən biri Eynulla Fətullayev indi terrorla hədələmə ittihamı ilə həbsdədir. Martın 1-də Eynulla Fətullayev həbsdən yazdığı apelyasiya şikayətində bildirir ki, Əliyev və Xubanovla görüşündən sonra araşdırmaları davam etdirib və Elmar Hüseynovun qətlinin elə MTN-in zabitinə dayandığını aşkar edib: "Qətlin təşkilatçılarının izlərini aşkar edib, bütün şübhələrin bir şəxsin – MTN zabiti Akif Çovdarovun ətrafında dolaşdığı qənaətinə gəldim".
“Interpol”da Xubanov və Əliyevin adı çıxmır
Azərbaycan tərəfi bildirir ki, Teymuraz Əliyev və Tahir Xubanov “Interpol”da qırmızı xətlə axtarışdadır. Bu da o deməkdir ki, əgər onlar Gürcüstandan çıxsalar, “Interpol” onları saxlayacaq.
“Interpol”un rəsmi saytında bu iki şəxsin adı çıxmır.
Elmar Hüseynovun hazırda Norveçdə yaşayan xanımı Ruşaniyyə Hüseynova isə deyir ki, ona Xubanovun MTN-də göstərilən fotosu ilə jurnalist Eynulla Fətullayevin göstərdiyi foto fərqlənir. MTN hələ ki, Xubanovun və Əliyevin fotolarını yaymayıb.
3 il 6 ay. Elmar Hüseynovun qətlindən də bu qədər vaxt keçir, cinayətin üstünün açılmamasından da
Mediaforum.az, 2008-09-01
Sentyabrın 2-də “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 3 il 6 ay ötür.
Elmar Sabir oğlu Hüseynov 2005-ci il martın 2-də Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. Ona yeddi güllə vurulub.
Azərbaycanın hüquq-mühafizə orqanları qətldə şübhəli bilinən şəxslərdən ikisinin adını açıqlayıb: Gürcüstan vətəndaşları Teymuraz Əliyev və Tahir Xubanov. Indiyədək onlar tapılmayıb.
Daxili Işlər Nazirliyinin hazırda həbsdə olan keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov öz məhkəməsində Elmarı onun dəstəsinin qətlə yetirdiyini və cinayətin o vaxtkı iqtisadi inkişaf naziri Fərhad Əliyevin sifarişi ilə icra olunduğunu bildirsə də, hələ bu məsələyə aydınlıq gəlməyib.
Elmar Hüseynovun qətlə yetirilməsində şübhəli bilinən Teymuraz Əliyevlə Tahir Xubanova saxta sənədlərdən istifadə etməklə telefon nömrələri aldığına görə 2005-ci ilin martında tutulan və 2 il müddətinə həbs olunan Turqay Bayramov 2007-ci ilin martında azadlığa çıxıb…
Elmar Hüseynova Bakıda abidə ucaldılması xahişi ilə yüzlərlə jurnalist, ziyalı ölkə rəhbərliyinə, paytaxt meriyasına, hökumət rəsmilərinə müraciətlər ünvanlasa da, bu məsələ indiyədək həllini tapmayıb.
Xaricdə Elmar Hüeynovun adı əbədiləşdirilib: 2006-cı ildə onun adı qətlə yetirilmiş jurnalistlərin xatirəsinə Fransanın Bayo şəhərində ucaldılmış abidəyə həkk olunub və Vaşinqtonda Arlinqton qəbiristanlığında dünyanın müxtəlif ölkələrində həlak olmuş jurnalistlərin siyahısına da daxil edilib.
Elmar Hüseynovun qətlindən 4 il ötür
Deyerler.org, 2 mart 2009
Jurnalistin qətlində şübhəli bilinən Tahir Xubanov və Teymuraz Əliyev isə hələ də tapılmayıb. Bu gün “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin 4-cü ildönümüdür. Həmkarları ikinci Fəxri xiyabanda onun qəbrini ziyarət edəcəklər…
Elmar Hüseynovun qətlindən 5 il ötdü
“525-ci qəzet”, 02.03.2010
Dünən “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlə yetirilməsinin ildönümünə həsr olunmuş tədbir keçirilib. “Yeni Nəsil” Jurnalistlər birliyinin sədri Arif Əliyev tədbirdə bildirib ki, E.Hüseynov Azərbaycanın müstəqilliyindən sonra qətlə yetirilmiş 10-cu jurnalistdir. O, ötən 5 il ərzində qatillərin tapılmadığını deyib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə çıxışında bildirib ki, E.Hüseynov Azərbaycan jurnalistikasında şücaət rəmzidir. O, E.Hüseynovun qatillərinin tapılması ilə bağlı məsələdə o qədər də pessimist olmadığını vurğulayıb: “Bu qətl bizə bir dərs olmalıdır. Elmar çox kəskin yazırdı və o zaman bizim heç birimiz onu qorumaq barədə düşünmədik, ona ”ehtiyatlı ol" demədik". Ə.Amaşov E.Hüseynov qətlə yetiriləndən sonra Mətbuat Şurasının onun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı müxtəlif təkliflərlə çıxış etdiyini, lakin bu təkliflərin birmənalı qarşılanmadığını vurğulayıb.
Elmar Hüseynovun qətlindən 6 il keçir
“Amerikanın səsi”, 02.03.2011
“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 6 il keçir. Elmar Hüseynov 2005-ci il martın 2-də evinin astanasında odlu silahla qətlə yetirilib. Jurnalistə tapançadan 7 atəş açılıb. Istintaq orqanları jurnalisti Gürcüstan vətəndaşları olan azərbaycanlılar Teymuraz Əliyev və Tahir Xubanovun qətlə yetirdiyini bildirib. Azərbaycan hüquq mühafizə orqanları indiyədək hər iki Gürcüstan vətəndaşının istintaqa təhvil verilməsinə nail ola bilməyib.
Bir neçə il öncə, “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Gürcüstan paytaxtında Teymuraz Əliyevlə görüşə bilib. Teymuraz Əliyev cinayəti törətmədiyini bildirib.
Öz növbəsində, Elmar Hüseynovun atası Sabir Hüseynov “Amerikanın Səsi” radiosuna müsahibəsində bildirib: “Ölkə başçısı mənə demişdi ki, iki aya işin üstü açılacaq. Artıq 6 il keçib. Indi daha heç kimə müraciət etmək fikrim də yoxdur. Görünür nə isə var ki, işin üstünü açmırlar. Ümidim yalnız zamanadır. Zaman qatilləri cəzalandıracaq”, deyə o qeyd edib.
Elmar Hüseynovun qətlindən 8 il keçir
Modern.az, 02.03.2013
Bu gün “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 8 il keçir. Mərhum jurnalist 2005-ci il martın 2-də yaşadığı evin qarşısında tapançadan atılan 7 atəş nəticəsində qətlə yetirilib.
Azərbaycan hüquq mühafizə orqanları E.Hüseynovun ölümündən keçən 8 il ərzində qətldə şübhəli bilinən iki Gürcüstan vətəndaşının istintaqa təhvil verilməsinə nail ola bilməyib. Hazırda isə istintaq işini Milli Təhlükəsizlik Nazirliyi aparır.
Elmar Hüseynovun qətlindən 9 il ötür
Anspress.com, 02.03.2014
Bu gün “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 9 il keçir. Istintaq orqanları jurnalisti Gürcüstan vətəndaşları olan azərbaycanlılar Teymuraz Əliyev və Tahir Xubanovun qətlə yetirdiyini ehtimal edirlər.
2006-cı il avqustun 14-də isə cinayətkar qrupa başçılıq etmiş Azərbaycan Daxili Işlər Nazirliyinin Cinayət-Axtarış Idarəsinin keçmiş əməkdaşı Hacı Məmmədov Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmədə Elmar Hüseynovu onun dəstəsinin öldürdüyünü bildirib".
Sabahkı qəzetlərsə “Bu gün Elmar Hüseynovun qətlindən 10 il keçdi” yazacaq…
Rövşən Hacıbəyli