Neftin qiyməti ucuzlaşdıqca Azərbaycanda həyat səviyyəsi də sönməyə doğru gedir
Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, neftin dünya bazarında orta qiyməti (Brent, WTI və Dubai Fateh markaları üzrə) 2015-ci ildə 56,73 ABŞ dolları, 2016-cı ildə isə 63,88 ABŞ dolları təşkil edəcək. “Trend”in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının 2014-cü il ərzində pul siyasəti haqqında hesabatında deyilir.
Hesabat dövrünün sonuna Brent markalı neftin qiyməti ilin əvvəlilə müqayisədə 43 faiz ucuzlaşıb. Orta illik qiymət isə 99 dollar olub ki, bu da 2013-cü ildəki qiymətdən (109 dollar) 9,2 faiz azdır.
Sənəddə bildirilir ki, neftin dünya bazarında qiymətlərinə əsas ixracatçılarda hərbi-siyasi gərginliyin yüksəlməsi kimi artırıcı təsirlərlə yanaşı, qlobal tələbin azalması, OPEK tərəfindən hasilatın yüksək həddə saxlanılması, ABŞ-da şist neftinin hasilatı kimi azaldıcı faktorlar təsir edib. 1984-cü ildən bəri neftin qiymətinin 6 ay ərzində 30 faizdən çox azaldığı 5 epizod müşahidə olunub.
Hesabata əsasən, 2014-cü ildə neftin qiymətinin kəskin enməsinin 2008-ci ildə baş vermiş anoloji hadisədən əsas fərqi odur ki, bu dəfə neftin qiymətində enmə diapazonu digər əmtəələrlə müqayisədə daha çox olub. Yəni 2014-cü il ərzində dünya əmtəə bazarlarında qiymətlər aşağı düşməyə meylli olub. Ilin II yarısından etibarən enerji, metal və minerallar, kənd təsərrüfatı malları indeksləri üzrə enmə sürətlənib: “Dövr ərzində əmtəə qiymətləri indeksi 29 faiz, ərzaq qiymətləri indeksi isə 6,4 faiz azalıb. Qiymətlərin neqativ dinamikası həm tələb, həm də təklif amillərilə izah edilir”.
Beləliklə, əsas sözçülər neftin iki il ərzində bahalaşmayacağını bildirir. Maraqlıdır, bu faktor ölkə əhalisinin güzəranında, manatın məzənnəsində hansı formada özünü göstərəcək?
Iqtisadçı-ekspert Nemət Əliyev 2014-cü ilin ilk ayında ölkədə gəlirlərin 17-18 faiz azaldığını vurğulayaraq, Mərkəzi Bankın xarici valyuta axınının kəskin şəkildə azalması fonunda dollara nisbətdə 33 faizdən çox manatı ucuzlaşdırmaq məcburiyyətində qaldığını deyir. Ekspert bildirir ki, burda əsas həlledici amil neftin qiymətinin kəskin şəkildə aşağı düşməsidir. Yaxın gələcəkdə ölkə daxilində bütün istehlak mallarının qiymətinin bahalaşacağı qaçılmazdır. Ekspert süni qiymət artımının qarşısının alınması adı altında guya, qiymətlərin bahalaşmayacağına dair vədlər verilməsinin heç bir iqtisadi əsaslarının olmadığını qeyd edir: “Yalnız idxal olunan malların daxili bazarda manata konvertasiya olunması hesabına ümumi ticarət dövriyyəsində olan malların qiymətləri 11 faizdən çox artıb. Dolayı təsirlər baxımından da təxminən 40-50 faiz qiymətlərin yüksələcəyi qaçılmazdır. Hazırda qiymətləri yüksəltməyə doğru hər addım atılıb. Lakin maaş, təqaüd və sosial müavinətlərin qaldırılması yönündə heç bir tərpəniş görmürük. Deməli, manatın devalvasiya edilməsi hesabına əhalinin manat şəklində saxladığı əmanətlərin, bankların, müəssisə və təşkilatların manat şəklində saxladığı vəsaitlərin 5,8 milyard itki yaratmasını bir tərəfə qoysaq, əlavə olaraq əhalinin alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşüb. Hələ başlanğıc mərhələdə vəziyyət belədir. Ölkənin sosial-iqtisadi göstəricilərinin təhlili göstərir ki, əhalinin ölkənin qeyri-neft sektorunu stimullaşdırmaq sahəsindəki fəaliyyəti kəskin şəkildə öləziyib. Bankların, hökumətin bu istiqamətdəki fəaliyyəti də yavaşıyıb. Belə olan halda, qeyri-neft sektorunda istehsal göstəriciləri azalıb. Deməli, daxili bazara mal təklifinin həcmi kəskin şəkildə aşağı düşüb. Manatın devalvasiyası hesabına ölkə daxilində qiymətlərin artım səviyyəsinə əlavə təkan verilib. Təklifin kəskin şəkildə aşağı düşməsi tələbi artırır. Deməli, qiymətlərin artması prosesi reallaşacaq və bu da ilin sonuna qədər baş verəcək. Insanların dolanışığına, maliyyə vəziyyətinə bu amil kəskin şəkildə təsir edəcək. Neftin qiymətinin aşağı düşməsi Azərbaycanda vəziyyətin daha da ağırlaşması deməkdir”.
Nigar