Manatın ucuzlaşmasından sonra topdansatış şirkətləri və istehsalçı şirkətlər mağazalara mal verməyi dayandırıblar. “Marja”nın bu gün market sahiblərindən əldə etdiyi məlumata görə, mağazalarda mallar tükənməyə başlayıb.
Onların sözlərinə görə, artıq 4 gündür bir sıra təchizatçılar hesabı sıfırlamağı, yəni satılan malın dəyərinin ödənilməsini, satılmayan malların isə geri verilməsini tələb edirlər. Hətta bir sıra iri topdansatış şirkəti marketlər qarşısında şərt qoyub: Ya əvvəllər verilmiş malların pulunu 33% artım ilə ver, ya da mallarımı geri qaytar:
“Şirkətlər hər ayın əvvəli malı verib ayın sonuna yaxın pullarını alırlar. İndi gəlib Fevralın əvvəlində verilmiş malların pulunu 33% artım ilə istəyirlər. Pulun üzərində əlavə faizin verilməməsi halında mallarını mağazadan geri götürəcəklərini söyləyirlər. Bu ağılasığmaz hərəkətdir. Biz həmin malların çoxunu mövcud qiymətlər ilə satmışıq”,- market sahiblərindən biri dedi.
Mağaza sahibləri bildirirlər ki, topdansatış şirkətləri nə vaxt mal gətirəcəkləri barədə də bir söz demirlər.
“Marja”nın əməkdaşı da market və supermarketlərdə rəflərin boşaldığını müşahidə edib.
Digər məlumata görə, İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları sərt yoxlamalara başlayıb. Qiymətləri süni artıran mağazalar böyük məbləğdə cəzalandırılır.
TOVUZ KARTOFU İRAN KARTOFU OLUB
Mağazalarda diqqəti çəkən digər bir tendensiya tərəvəz və bostan məhsullarının da bahalşamasıdır. Məsələn, artıq “Araz” marketlərində kartofun 1 kiloqramı 1 manat 15 qəpiyə satılır. Satıcılar bildirirlər ki, kartof İrandan gətirildiyi üçün qiyməti artırılıb. Lakin onlar buna inanmırlar və satılan kartofun Tovuz kartofu olduğunu da iddia edirlər.