Zümrüd Yağmur
Qara neftin ümidinə qalmış qara bəxtli ölkədə manat ucuzlaşdı. Manat ucuzlaşar-ucuzlaşmaz da “mötəbər və analoqsuz inkişafın” bu dəfə nəinki divarları, hətta təməli belə sarsıldı. Eynən уerə düşən bir dənəcik qarın qarşısında sarsılan kimi…
Amma mən manatın ucuzlaşmasından yazmaycam. Bu haqda iqtisadçılar kifayət qədər yazıb, baş verən hadisənin səbəb və doğuracağı nəticələri izah ediblər. Hətta bu mərhələdə sözü boğazına yığılanların Elman Rüstəmovu az qala dar ağacından asacaqmış kimi hiddətləndiyini də gördük. Amma dar ağacı altında cəllad olmaq istəyənlərin hamısı da yaxşı bilir ki, bu məsələ nə Elmar Rüstəmovluqdur, nə də manatın deyildiyi kimi, ucuz bir kağış parçası olmasında…
Məsələ bu ölkədə sözün ucuz olmasıdır.
20 ildən çox hakimiyyəti dönəmində hər şeyi, daha çox sözü ucuzlaşdıran YAP hakimiyyətinin bu mərhələdə onu manatdan da ucuz etməsini hamımız gördük əslində..
Neftin ucuzlaşması ilə bağlı xəbərlər yayılmağa başlayanda ölkə prezidenti İlham Əliyev çıxışında bildirdi ki, əhalisi bunu öz güzaranında hiss etməyəcək. İllərdir yalan eşidib, hər dəfə də bunu həzmi-rabiyəsindən keçirən əhali də bu sözə güvənib, hər şeyə rəğmən əlini qoydu başının altına ki, ölkənin birinci adamı söz deyib, daha bizə zaval yoxdur.
Daha sonra Elmar Rüstəmov televiziyada çıxış edərək bildirdi ki, manat ucuzlaşmayacaq.
Amma bitmədi… YAP-ın ən zəhmətkeş və vəfalı üzvü, millətə vəkillik etməkdən usanmayan Səyavuş Novruzov özünün bütün fəlsəfi və psixoloji təhlil qabiliyyətini işə salaraq dedi ki, manat-filan ucuzlaşmayacaq, bunu hansısa xarici qüvvələr və onların əlaltıları şayə kimi yayıb əhalini aldatmaq istəyir.
Sən demə, Səyavuş Novruzova acıq gedən o imiş ki, niyə ölkə əhalisini xarici qüvvələr və onlarla işbirliyində olanlar aldadır… Məgər bizim özümüzün yalan danışanlarımız və aldada bilənlərimiz yoxdur?
Beləcə, iqtidarın səmərəli fəaliyyəti nəticəsində ölkə əhalisini hansısa xarici qüvvə aldatmadı. Hər şey yerinə oturdu. Görürsünüzmü, heç Səyavuş Novruzovun səsi də şıxmır, çünki əhalini “yerli” yalanla aldatdılar.
Beləcə, Azərbaycan xalqı bir gecənin içində, heç bir tədbir görülmədən aldadıldı.
Bu qədər sadə və kəsə yolla… Bir sözlə, hakimiyyət özünün analoqsuz “sürətli ucuzlaşdırma” əməliyyatı ilə əhaliyə “manatterapiya” soku yaşatdı… Niyə də olmasın, axı insan bir halda, məsələn, sevincli vəziyyətdə çox qalanda bu, ona ziyan edir. Ona görə də psixoloqlar hal əvəzlənməsinin vacibliyindən danışır. Azərbaycan xalqı da YAP iqtidarının “analoqsuz inkişafı” nəticəsində illərdi ki, bir halda – “tox və xoşbəxt” yaşayırdı. Bunun ona pis təsir edəcəyini nəzərə alıb hakimiyyətin baş psixoloqunun məsləhəti ilə ölkə əhalisini başqa bir hala kecirmək üçün “manatterapiya” şoku yaşatdılar ki, əhalinin sağlamlığına ziyan dəyməsin, bir az da kasıbçılıq çəkib kədərlənsin.
Kədərli əhali də ona deyilən sözlərin boşa çıxmasını səssizcə izləyir. Kim danışsın axı, nə səs verən var, nə səs alan… Gərək səs verən ola ki, desin səsimi vermişəm, zəhmət çək mənə xidmət et. Səs alan da yox ki, dediyi sözün boşa çıxmasından qorxsun. Qorxsun ki, növbəti dəfə səs ala bilməz. Ölkə iqtisadiyyatını neftdən asılı edib heç bir daxili istehsal qurmayan və illərdir gələn pulları da mərkəzdə, ancaq öz gözlərinin gördüyü küçələrə döşədikləri daşa, divara xərcləyib, Bakının küləyində göyə sovrulanlar ona görə də istədikləri kimi at oynadırlar.
Ona görə də təkçə manatın ucuzlaşması deyil olay, əsl məsələ sözün ucuzlaşmasıdı…
Bu ölkədə sözü elə ucuzlaşdırıb, o qədər aşağı səviyyəyə salıblar ki, daha kimsə dediyi sözün arxasında durmamağı, verdiyi sözə əməl etməməyi ayıb və ya qəbahət saymır. Əksinə, dürüst danışana “maksimalist” deyib, adını “dəli” qoyanların ölkəsində dürüstlüyün yükünü çox az adam daşıya bilir…
Çünki bu ölkədə düz sözün və ya verdiyin vədin məsuliyyətini daşımaq sadə vətəndaşından tutmuş məmuruna kimi, hər kəs üçün “böyük” yükdür. Az qala çox insanımız açıq və ictimai şəkildə yalan danışa bilir və heç bir qınağa da tuş gəlmir. Yalan bizim həyat normamıza çevrildiyindən TV ekranlarından ən yüksən səviyyədə deyilən yalan sözə görə kimsə kimsəni qınamır.
Siyasət və gündəlik dolanışıq piştaxtasının üstündə illərdir alınıb satılan söz dəyərdən düşürsə, manatın ucuzlaşmayacağını deyib, sonra heç o sözü deməmiş kimi davrananlar 9 milyonluq xalq qarşısında nə utanacaq, nə də məsuliyyət hiss edəcək.
Hər şey sözlə başlayır. İnsanın düşüncələri sözlə başlayıb əməldə canlılıq qazanır. Bir ölkədə söz ucuzlaşırsa, hər kəs bir-birinə, məmur vətəndaşa, ata övladına, övlad valideyinə heç bir vicdan əzabı hiss etmədən yalan danışa bilirsə, özünü və sözünü heç bir xəcalət hissi duymadan satışa çıxarırsa, o məmləkətdə həqiqət barına bilməz.
Həqiqətin barına bilmədiyi yerdəsə nə aclar üsyan edər, nə də toxlar üsyandan qorxar…