Rauf Arifoğlu Anar Məmmədovdan üzrxahlığının pərtliyini gizlətmək üçün “Azadlıq”ı şərləyir
“Yeni Müsavat” qəzeti nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdan üzr istəyib. Qəzetin baş redaktoru Rauf Arifoğlu hazırda bu addımın pərtliyini yaşayır. Çünki vaxtilə Rauf Arifoğlu “Azadlıq”qəzetini Anar Məmmədov barədə dərc etdiyi yazıya görə təkzib verməkdə qınayırdı. Rauf Arifoğlu “Azadlıq”ın ünvanına absurd ittihamlar səsləndirir, “Yeni Müsavat”ın az qala yenilməz bir media orqanı olduğu barədə pafoslu nitqlər söyləyirdi. Arifoğlu “Azadlıq”ı ittiham etməklə qəzetinin reytinqini qaldıracağını, zədələnmiş imicini xilas edəcəyini düşünürdü. Alınmadı. Üstəlik Rauf Arifoğlu Anar Məmmədovdan üzr istəməyə məcbur oldu. Çəkiləsi dərd deyil.
Rauf Arifoğlu hesab edir ki, bu dərdi ona “Azadlıq”ı şərləmək unutdura bilər. Artıq qəzetində “Azadlıq”a qarşı şər-böhtan kampaniyasına start verib. Arifoğlu iddia edib ki, guya “Azadlıq” Anar Məmmədov barədə gedən yazını “reklam haqqı” adı ilə hansısa məbləğ qarşılığında təkzib edib. Bəlkə Rauf Arifoğlunun qəzetində təkziblər, üzrlər “raklam haqqı” qarşılığında dərc edilir. Amma “Azadlıq”da belə bir qayda yoxdur. Əks iddiada olanlara aşağıdakı cümləni hədiyyə edirik: Allah Anar Məmmədovdan pul alana, o təşəbbüsdə bulunana və yalan deyənə lənət eləsin!
“Azadlıq”