İqtisadiyyatının əhəmiyyətli hissəsi neftdən asılı olan Azərbaycanda iqtisadi böhranın qapımızın ağzında olması son günlər daha həyəcanlı şəkildə proqnozlaşdırılmağa başlanmışdı. Dünya bazarında neftin qiymətinin düşməsi nəticəsində Milli Valyuta – manatın kursunun dollara nisbətdə ucuzlaşması gözlənilən olsa da, bu hadisənin cəmiyyətdə bu qədər ajiotaj yaradacağı və belə kəskin devalvasiyaya gediləcəyi təxmin edilməzdi. Ən azından ona görə ki, Mərkəzi Bankın rəhbəri xalqa açıqlama verərək, insanları təlaş keçirməmə çağırmışdı. Cəmiyyət də haqlı olaraq buna inanmışdı . Bütün bunların müqabilində manatın birdən-birə 34 faiz ucuzlaşdırılması xalqın Mərkəzi Bankın rəhbərliyi təfindən açıq şəkildə aldadıması kimi qəbul edilir . Çünki, cəmi 3 gün əvvəl MB-nin rəhbəri Elman Rüstəmov AzTV-ə açıqlamasında Azərbaycanda kəskin devalvasiyaya gedilməyəcəyini bildirmişdi. Sitat :
“Azərbaycanda kəskin devalvasiyanın aparılması üçün heç bir səbəb yoxdur.Təbii ki, kəskin devalvasiyanın aparılması ölkədəki iqtisadi agentlərin, sahibkarların, əmanətçilərin (banklara manatla əmanət yatıranlar) mənafelərinə zidd olardı. Başqa ölkələrdən fərqli olaraq, biz bu addımı atmadıq. Birmənalı olarq deyirəm ki, bu addım barədə heç düşünülmür. Bizim əsas məqsədimiz bundan ibarətdir ki, ölkədə iqtisadi artımı stimullaşdıraq, ölkə başçısının dediyi kimi, ixracatı stimullaşdırılması istiqamətində siyasət aparaq. Çevik məzənnə siyasəti də bunun tərkib hissəsidir”.
MB rəhbəri Elman Rüstəmov çıxışı zamanı 1 doların 85 qəpiyi keçməyəcəyini vurğuladığı halda, bu gün Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN, Avronun isə 1.1950 AZN səviyyəsində müəyyən olunması bir daha onu göstərir ki, Azərbaycan xalqı növbəti dəfə hökumət səviyyəsində aldadıldı. Belə kəsgin ucuzlaşma isə təbii ki, Elman Rüstəmova inanıb həm pulunu manatla saxılayan insanların, həm də son günlər manatla əməliyyatları davam etdirən bankların kəsgin ziyana düşməsinə səbəb olub.
Təbii ki manatın kursunun bir gecədə bu qədər ucuzlaşdırılmasının heç bir iqtisadi əsası yox idi. MB hətta manatın ucuzlaşmasına qərar vermişdisə, bu öz həllini bazar səviyyəsində də tənzimlənərək, tədricən tapa bilərdi. Amma məsələ burasındadır ki, hətta bu siyasətlə belə manatın kursunun bu qədər ucuzlaşacağı inandırıcı görünmürdü. Millətin ağır maddi rifahi üzərindən bu cürə çirkin oyun oynayanların hüquqi məsuliyyəti nədən ibarətdir? Qanunla bu addım hansı cinayət tərkibi daşıyır?
Hüquqşunas Qurban Məmmədovun fikrincə, bütün bu baş verənlərə görə ölkə başçısı İlham Əliyev məsuliyyətə cəlb olunaraq məhkəməyə verilə bilər:
“Bütün dünyanın gözü qabağında İlham Əliyev efir vasitəsi ilə dünya dövlətlərinə, iş adamlarına və Azərbaycan vətəndaşlarına səsləndi ki manat sabitdir, pullarını manatla saxlasalar, həm təminatlı olar, həm də əlavə qazanc əldə edərlər.
Cəmi 1 ay sonra manat devalvasiyaya uğradı və pullarını manatla saxlayanlar bir gecənin içində 34 faiz ziyana düşdülər.
Sual yaranır:
1. İlham Əliyev və onun rəhbərlik etdiyi hökumət cəmi 1 ay sonra ilə bağlı iqtisadi proqnozlaşdırma edə bilmirlərsə, demək ki yerlərində deyillər, İSTEFA VERMƏLİDİRLƏR !
2. İlham Əliyev və onun başçılıq etdiyi hökumət qəsdlə və bilə -bilə ki 10 gün sonra manatın başına bu oyunu açacaqlar, onda aydın olur ki, İlham Əliyev əsassız reklamla insanların pullarını cəlb edib onları milyard dollarla ziyana uğradıb.
İndi söz zərərçəkənlərindir.
Prezident özü isə bu məsələyə aydınlıq gətirməyə borcludur.
Viktor Kojeni işində olduğu kimi, bu hadisələr də çox böyük beynəlxalq skandallara səbəb ola bilər.
Ola da bilsin ki, ətrafında olan bəzi yaramazlar prezidenti bilərəkdən, ya da bilməyərəkdən səhv yönəldiblər. Belədirsə, biz tezliklə ciddi istefaya göndərmələrin şahidi olacağıq”.