Şəmşad AĞA
Seymur Həzi ilə tanışlığımız Hüqonun “Səfillər”indən başladı. Bir dəfə Jan Valjanla bağlı status yazmışdım. Girib statusun altında yepyekə bir şərh yazdı. Söhbət uzandı…
Bundan sonra vədələşib görüşdük.
Müntəzəm görüşlərimiz isə “Karvan”da baş tutdurdu.
Tam səmimi deyim ki, Seymur müxalif gənclər içərisində, cameədə o şəxslərdəndir ki, onunla hər mövzuda danışmaq və ortaq məxrəcə gəlmək olur. Kifayət qədər savadlı, intellektli, vicdanlıdır…
Seymura əsassız hökm oxundu. 5 il həbs cəzasına məhkum edildi. Ortada nə ağıllı başlı bir fakt, nə də tutarlı arqument var. Seymurun həbsi isə siyasi sifarişdir. Tağı Əhmədov demişkən, burcutmağın yeri yoxdur.
Amma ona qarşı irəli sürülən ittiham birmənalı olaraq özünüifşadır. Bunun başqa bir adı varsa, deyin! Davaya səbəbkar olan şəxs 6 ay, özünü qoruyan 5 il həbsə məhkum edilirsə, özünü qorumağın nə faydası…
Mövcud üsul-idarənin total hökmranlığı və totalitarizmin məişətə belə nüfuz etdiyi bir çağda bunun heç bir anlamı da yox…
Baxın, Seymura qarşı Cinayət Məcəlləsinin 221.3 (silah və silah kimi istifadə olunan əşya tətbiq etməklə xuliqanlıq) maddəsilə ittiham irəli sürülür.
Biabırçılıqdır.
Adam evdən şəhərə gələrkən tanımadığı bir nəfər ona yaxınlaşır, “facebook”da göndərdiyi mesaja niyə cavab vermədiyini soruşur. Sonra da cavab gözləmədən Seymurun üzərinə hücum çəkib, ona zərbə endirir. Seymur isə özünü müdafiə etmək məqsədilə əlindəki su butulkasını ona tullayır.
Və plan baş tutur…
İndi də adaşı Seymur Baycan durub deyir ki, həbsxanalarda “kitab yarmarkaları” açılsın. Hələ onun bu yarızarafat, yarıciddi müraciətinə dəstək verib həbsxanada kitab dükanı açmaq istəyənlər də tapıldı. Yəqin, hələ də fərqinə varmayıblar ki, bu adamları kitab oxumaq üstə tuturlar.
Ən maraqlısı isə bilirsiniz nədir?..
Seymurun əlindəki su butulkasının qiyməti 20 qəpikdir.
Bu qədər sadə…
Yazı arqument.az saytından götürülüb