Taksi sürücüsü intihar həddinə çatdırıldı və özünü yandırdı
Ölkə başçısı Ilham Əliyev 2 gün öncə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda iştirak etdi və geniş nitq söylədi.
Onun bu geniş nitqində məmurların hədələnməsi, kobud, yekəxana məmurların cəzalandırılması məqamı da yer almışdı: “…Ölkəmizin uğurlu inkişafı üçün vətəndaş-məmur münasibətləri mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu sahədə də nümunəvi ölkə olmalıdır. Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir. Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz. Siyasi mədəniyyət olmalıdır və insanlara hörmətlə yanaşmaq lazımdır. Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar”- deyə Ilham Əliyev bildirdi.
Biz, ötən yazımızda xeyli məqamları sadaladıq və prezidentin “cəzalandırılacaq” ifadəsinin yalnız sözdə ifadə olunduğunu sübuta yetirdik. Amma prezidentin məlum çıxışından bir gün sonra növbəti acınacaqlı hadisə baş verdi. Belə ki, Nəqliyyat Departamentinin işçiləri taksi sürücüsünü intihara məcbur etdi. Bəli, kirayədə yaşayan, iki uşaq atası halal zəhməti ilə pul qazandığı vaxt nəqliyat işçilərinin kobudluğu ilə üz-üzə gəldi. Arzuman Hümbətov özünü yandırdı və xəstəxanalıq oldu.
Əvvəla, bu, nəqliyyat müfəttişlərinin törətdiyi ilk hadisə deyil. Həm də cəmiyyət arasında bu adamlara “nəqliyyat qoçuları” adı verilib. Tez-tez bu şəxslərin kobudluq etdikləri, sürücülərə küçə söyüşləri ilə müraciət etdikləri, fiziki zor tətbiq etdikləri haqqında xəbərlər eşidirik. Belə görünür ki, məqsədli şəkildə belə başıpozuq, savadsız, insanlarla kobud davranan şəxslər işə götürülür və bunun arxasında duranlar var. Əks halda idmançı görkəmli, özünü apara bilməyən şəxslər işə götürülməzdi. Görünür, belə adamlar vasitəsilə pul yığmaq, “məqsəd”ə çatmaq daha asandır.
Digər tədəfdən, yuxarıda qeyd etdiyimiz kimi, bu hadisə Ilham Əliyevin çıxışından 1 gün sonra baş verdi. Deməli, bu çıxışın əhəmiyyətsiz olduğunu, daxili auditoriyaya hesablandığını aidiyyəti şəxslər də başa düşür.
Indi Ilham Əliyev bu hadisəyə də münasibət bildirsin və cəza tətbiq etsin. Amma hansısa yüzüncü dərəcəli əlaltı şəxsləri yox, bu işin başında duranları, bu tendensiyanı yaradanları cəzalandırsın. Işsizliyin, yoxsulluğun artdığı, ixtisarların çoxaldığı bir vaxtda, sürücülüklə ailəsini dolandıran şəxslərə qarşı belə münasibət vəhşilikdir. Bu hakimiyyət elə bir vəziyyət yaradıb ki, hamı sürücülük etməklə məşğul olur və hamı da buna görə qeyri-rəsmi ödənişlər edir. Bütün bunlardan sonra vətəndaşı özünü yandırmaq həddinə çatdırmaq ən böyük cinayət deyilmi? Nə vaxta qədər bu qoçu dəstələri insanların əzrayılına çevriləcək?
Niyə bu səviyyədə insanlar rəsmi bir qurumu təmsil etməlidir və niyə Nəqliyyat Nazirliyi bunlara göz yumur?
Suallar çoxdur, cavabını isə ölkə başçısı verməlidir. Bütün məkanların lentini kəsdiyi kimi, bütün sahələrdəki neqativlərə də “qırmızı xətt” çəksin.
Azad