İlkin İsmayıllı
“İndi neftin qiyməti çox aşağı düşübdür. Azərbaycanda bir adam bunu hiss edib mi?! Xeyr, hiss etməyəcəkdir. Çünki bizim çox güclü iqtisadi dayaqlarımız var”. Bunu prezident İlham Əliyev dekabrın 16-da ASAN Könüllülərinin I Ümumrespublika Forumunun açılış mərasimində çıxışı zamanı deyib.
İlham Əliyev son çıxışlarında xüsusi olaraq vurğulayırdı ki, neftin qiymətinin düşməyi bizə təsir etməyəcək. Ancaq təsiri artıq göz önündədir. Dövlət idarələrində işçilərin kütləvi ixtisarı davam etməkdədir. Bakı Metropoliteni, “Azərenerji” və ARDNŞ-dən sonra daha bir neçə qurum ixtisar barədə qərar verib. Dövlət qurumlarında müxtəlif vəzifələrdə çalışan işçilərə verilən pul mükafatları, paketləri ləğv edilir və ya azaldılır. “BP-Azərbaycan”da çalışan 105 yerli və 150 xarici işçi işdən çıxarılıb. “Qarasu”, “Bahar Energy” və digər əməliyyat şirkətlərinin işçiləri müxtəlif bəhanələrlə məcburi məzuniyyətə göndərilir, işdən çıxarılırlar.
Neftin ucuzlaşmağı hökümətin investisiya layihələrini təxirə salmağa, dövlət sifarişlərini də azaltmağa məcbur edir. Bu da öz növbəsində gələcəkdə yeni işsizlik dalğasının yaranmasına səbəb olacaqdır.
Tətbiq edilən iqtisadi sanksiyalar, neftin qiymətinin aşağı düşməyinin Rusiya iqtisadiyyatını böhran vəziyyətinə salmağı, Azərbaycanlı immiqrantların da maliyyə vəziyyətinə əhəmiyyətli dərəcədə təsir edir. Bu da öz növbəsində ölkəyə göndərilən xarici valyutanın həcmini azaldır. Artıq soydaşlarımızın ölkəyə kütləvi köç halları da müşahidə edilir. Onların ölkəyə qayıdışı işsizlik problemini daha da körükləyəcəkdir.
Bütün sadalanan hallar əmtəə və xidmətlərə məcmuu tələbi azaltdığı üçün ölkə iqtisadiyyatında multiplikator effekti yaradaraq, özəl sektorun inkişafını ləngidəcək. Və gələcəkdə özəl sektorda da kütləvi işçi ixtisarlarına zəmin yaradacaq.
Maraqlısı isə odur ki, İlham Əliyev neftin ucuzlaşmağının təsirsiz ötüşəcəyi tezisini əsaslandırmaq üçün manatın məzənnəsinin sabitliyini əsas gətirirdi. Absurd yanaşma olduğu aydındır. Manatı bir müddət süni şəkildə sabit saxlamaq, bizi gözləyən iqtisadi fəlakətlərdən qurtulmaq üçün yetərli deyil. Əgər 2015-ci ilin dövlət büdcəsinin gəlirlərinin 53,5 faizi Neft Fondundan birbaşa transfert şəklində ödəniləcəksə, 20 faizə yaxını neft sektorunun vergiləri hesabına formalaşacaqsa, YAP hakimiyyətinin ölkəmizi neftin əsirinə çevirdiyini əminliklə söyləmək olar. Əlbəttə ki, qiymətlərin aşağı olmağı uğurlu neft strategiyasına, saxələnmiş iqtisadiyyata malik Norveçə təsirsiz ötüşə bilər. Amma kiçik və orta sahibkarlığın ÜDM-də 1-2 faiz təşkil etdiyi Azərbaycan kimi ölkələrdə bu tendensiya heç də yaxşı şeylər vəd etmir.
Yanvarın 27-i prezident avronun devalvasiyasını bəhanə edərək, manatın məzənnəsinin aşağı salınacağına dair ilk anons verdi. Guya ki, yüksək məzənnənin Azərbaycanın ixrac potensialına mənfi təsir göstərə biləcəyindən narahatdır. Halbuki yanvarın 10-da Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında İlham Əliyevin çıxışı yadımızdadır:
“Manatın məzənnəsi sabitdir. Bu da çox müsbət göstəricidir. Çünki manatın sabit olması ilk növbədə, insanların rifah halının yaxşılaşmasına xidmət göstərir, əhalinin alıcılıq qabiliyyəti artır. Azərbaycanda manatın məzənnəsi sabitdir. Bu, bir daha bizim uğurlu iqtisadi siyasətimizi göstərir.”
Yanvarın 27-i baş tutan konfransda isə prezident İlham Əliyev deyib:
“İndi bir manat bir avrodan daha da qiymətlidir və bahalıdır. İqtisadiyyat, ixrac potensialımız üçün bu, o qədər də müsbət hal deyil. Hesab edirəm ki, bir manat bir avro səviyyəsində qalarsa, makroiqtisadi vəziyyət təmin ediləcək. Eyni zamanda, bu, insanların gündəlik həyatına ancaq müsbət təsir göstərəcək.”
10 gün ərzində nə baş verdi ki, əla həzrət cənablarının fikirlərinin ildırım sürəti ilə dəyişməyinə səbəb oldu? İlham Əliyev avronun devalvasiyasının ixrac potensialını zəiflədəcəyi arqumentini əsas gətirir. Əgər o, bu barədə səmimidirsə, qoy azad bazar iqtisadiyyatı təmin edilsin, monopoliya aradan qaldırılsın, kredit faizləri aşağı salınsın, rəqabətli mühit, müstəqil, ədalətli məhkəmə sistemi yaradılsın. Bax onda Azərbaycan üçün mücərrəd olan hansısa “ixrac potensialı” anlayışından söhbət açmaq olar. Çünki bu sistemlə belə bir potensialı inkişaf etdirmək, reallaşdırmaq qeyri-mümkündür. Onu da nəzərinizə çatdırım ki, ölkənin ixracının təxminən 95 faizi neft-qaz sektorunun payına düşür. Həmçinin bildirir ki, məzənnənin aşağı salınmağı insanların gündəlik həyatına ancaq müsbət təsir göstərəcək. Lakin gün kimi aydındır ki, idxaldan aşırı dərəcədə asılı vəziyyətdə olan ölkədə manatın məzənnəsinin düşməyi, prezidentin əvvəlki çıxışlarında da bildirdiyi kimi, daha çox əhalinin rifah halının mənfiyə doğru getməyini sağlayacaqdır.
Əlbəttə ki, avronun devalvasiya arqumenti sadəcə bəhanədir. Bəllidir ki, Rusiyada siyasi və iqtisadi böhranın, ölkəmizin tədiyyə balansında isə kəskin dəyişikliklər olduğu bu ərəfədə manatı uzun müddət sabit saxlamaq mümkün olmayacaq. Çünki belə olan təqdirdə Mərkəzi Bank təxminən 1 ilə valyuta ehtiyatlarını xərcləyib bitirə bilər. Təkcə 2014-cü ilin noyabr-dekabr aylarında Mərkəzi Bank ehtiyatlarının 10 faizini itirib.
Manatın kursunun dəyişməyinin psixoloji təsirlərinin də böyük olacağını nəzərə alsaq, bu siyasətin ölkədə əmtəə və xidmətlərin qiymətlərində yüksək artım, inflyasiya yaradacağı məlumdur. Görək bundan sonra da İlham Əliyevin üzü gəlib deyəcək mi ki, neftin qiymətinin düşməyi əhaliyə təsir etməyəcək?!