Fuad Qəhrəmanlı: «İlham Əliyevin çıxışındakı sərt ritorika hakim komanda daxilində panik əhval-ruhiyyənin yaranmasının qarşısını almağa hesablanıb»
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda dövlət başçısı Ilham Əliyev ənənəvi ritorikasına müraciət edib.
Azərbaycan hakimiyyətini insan haqlarını pozduğuna görə tənqid edən beynəlxalq təşkilatları hədəf seçən I.Əliyev vurğulayıb ki, Azərbaycan iqtidarına qarşı bu cür təzyiqlər etməyin faydası yoxdur: “Məhz iqtisadi güc bizə bu imkanları yaratdı və bu gün biz müstəqilik. Iqtisadi və siyasi cəhətdən heç kimdən asılı deyilik. Heç kim bizimlə diktat dili ilə danışa bilməz. Bəziləri bunu istəyir, ancaq alınmır və alınmayacaq. Biz öz sözümüzü təmkinlə, çox soyuqqanlı deyirik və heç kimin qabağında başıaşağı deyilik, ölkəmizi ləyaqətlə idarə edirik”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə, I.Əliyevin bu çıxışı daha çox Qərbin dəyişməz mövqeyinə cavabdır. F.Qəhrəmanlının sözlərinə görə, Azərbaycanla Qərb arsında siyasi gərginlik yaranmazdan öncə hakimiyyət çox çalışdı ki, iqtisadi, təhlükəsizlik məsələlərini qabardaraq Qərbdən gələn demokratiya tələblərinin qarşısını alsın. Ancaq Qərbin demokratiya məsələsində Azərbaycana yönəlik tələblərindən geri çəkilməməsi onunla nəticələndi ki, Azərbaycan daxili represiyalara rəvac verməklə, antiQərb ritorikasını seçdi və xarici siyastdə açıq-aşkar Rusiya xətti götürdü: “Neçə müddətdir ki, Ilham Əliyev iqtidarı məhz Rusiya meyilli siyasətlə Qərbə təsir etməyə, Qərbin ölkəmizdə baş verənlərə loyalığını təmin etməyə çalışır. Azərbaycan iqtidarı xüsusilə də Ukrayna böhranından istifadə edərək Rusiya və Qərb ziddiyyətlərindən istifadə etməyə çalışır. Ancaq bu cəhd uğursuzluğa uğrayıb”.
F.Qəhrəmanlı hesab edir ki, I.Əliyevin Almaniya səfəri zamanı Merkelin “insan haqları məsələsində fikir ayrılığımız qaldı” deməsi də onu təsdiqləyir ki, Qərb demokratiya, insan haqları məsələsində güzəştə getmək niyyətində deyil: “Ona görə də Ilham Əliyev və ətrafı məqsədli və sərt şəkildə Qərbi ittham etməklə geri çəkilməyəcəkləri, güzəşt etmək niyyətində omadıqları ilə bağlı mesaj verməyə çalışırlar. Düşünürlər ki, əsas diqqətin Rusiyaya yönəldiyi bir vaxtda fürsətdən istifadə edib Qərbi öz güzəştsiz mövqeləri ilə barışmağa sövq edə biləcəklər. Ona görə də Qərblə yaranmış gərginliyə bir növ əsəb mübarizəsi kimi baxıb psixoloji müvazinəti qoruyub saxlamağa çalışırlar. Fikir verin, bir tərəfdən belə sərt bəyanatlar verilir, o biri tərəfdən də Almaniya səfəri zamanı Merkel bildirdi ki, Ilham Əliyevlə danışıqların nəticəsi olaraq Riqa sammitində Avropa ilə əməkdaşlıq istiqamətində addım atmağa razılıq verib. Demək, iqtidarda da Qərbdən üz döndərməyin mümkün olmaycağını bir fakt kimi qəbul edirlər”.
F.Qəhrəmanlının sözlərinə görə, ikinci mühüm məqam ondan ibarətdir ki, həm Rusiyanın zəifləməsi, həm Qərbdən gələn tənqidlərin ritorikasının sərtləşməsi cəmiyyətdə dəyişikliklərə ümidləri artırır. Amma bu proses həm də hakim komanda daxilində sabahla bağlı qorxu və narahatlıqları gücləndirir: “Ona görə də Ilham Əliyevin çıxışındakı sərt ritorika hakim komanda daxilində panik əhval-ruhiyyənin yaranmasının qarşısını almaq, cəmiyyətdə siyasi xarakterli gözləntilərin yaranmasına imkan verməmək məqsədi daşıyır”.
F.Qəhrəmanlının fikrincə, bu siyasətin perspektivi yoxdur, çünki Azərbaycan iqtidarının resursları Qərblə açıq qarşıdurmada uzun müddət dava gətirmə üçün yetərli deyil. “Getdikcə Rusiyanın zəifləməsi və neftə bağlı iqtisadi problemlərin ölkəni böhrana sürükləməsi Azərbaycanı daha zəif bir duruma sürükləməkdədir”, deyə F.Qəhrəmanlı vurğuladı.
Xəyal