Dövlət başçısı Ilham Əliyevə alimdən növbəti açıq məktub!
«Qutunun şəffaf olmasının seçkinin şəffaflığına dəxli yoxdur, Akif Əlizadə!»
Fizika Institutunun əməkdaşı Elman Şahverdiyev ötən il Milli Elmlər Akademiyasında keçirilən “seçkilərdən” sonra dövlət başçısına ardıcıl məktublar yazır. Bu məktublarda o, seçkinin nəticələrinin ləğv olunmasını, təkrar seçki keçirilməsini tələb edir. Onun qənaətinə görə, AMEA-da seçki yox, təyinat olub ki, bu da elm adına xəcalətdir. Alim növbəti müraciətində yazır:
Başlanğıcı ötən sayımızda
“…Yuxarıda qeyd etdiyim ”şahidlərim” ifadəsinə qayıdaraq qeyd etmək istəyirəm ki, başqasının haqqını yemiş bu adam hər an kimisə şərləməyə hazır olmağı özünə vəzifə borcu bilir! O, bunu elə ustalıqla edir ki, düşünürsən, burada bir tarixçi araşdırmasına ehtiyac var! Sanki bu adamı belə davranmağa vadar edən qan yaddaşıdır! Belədirsə, görəsən neçə günahsızlar bunların qurbanı olub?! Institutda bir çoxlarına qarşı faktiki olaraq əsir düşərgələrindəki qaydalar tətbiq olunur. Bircə əlinə dəyənək verilməyi qalıb!
Sual oluna bilər ki, özünü idarə edə bilməyən, ağzının danışığını bilməyən Nazim Məmmədovu belə cinayətkarcasına məsuliyyətsiz davranmağa nə vadar edir? Onda cəzasızlığa belə əminlik hardandır? Fikrimcə, əsas səbəb onun himayədarı olan Oktay Ələkbərovun tez-tez sirdaşlarına təkrar etdiyi o ifadə ki, mən Nazim Məmmədovu direktor təyin etmişəm ki, o, bu camaatı şillə-təpiklə idarə etsin. Cənab prezident, xahiş edirəm fikir verin ki, Nazim Məmmədov-Oktay Ələkbərov cütlüyü Institut üçün hası təhlükə mənbəyidir və təcili təxirəsalınmaz tədbirlər görün!!!
Nazim Məmmədov çalışır ki, Institutda ona az da olsa yaxın işlərə həmmüəlliflik edə, dissertasiyalara rəhbərlik edə və sair. Yəni bu adam vəzifə səlahiyyətlərindən gen-bol sui istifadə edir!
Direktor vəzifəsi daha çox administrativ vəzifədir, elmlə dərindən məşğul olmağa bir o qədər vaxt qalmır; amma bu adam direktor təyin ediləndən sonra onun həmmüəllif olduğu elmi işlərin sayı kəskin artıb! Bu işlərə sitatlar isə çox azdır və əksəriyyətini Türkiyədə çalışan bir nəfər edir. Hətta bunları nəzərə alsaq belə, onun sitatları SCOPUS-da mənimkindən dəfələrlə azdır.
Fatma Abdullazadənin həyat yoldaşına kim məqalələr yazır?
Akif Əlizadə, hansı ağlı başında olan adam yalnız iki il qabaq doktorluq dissertasiyanı müdafiə etmiş (ilkin müdafiəni isə – Almaniyadan Skype vasitəsi ilə!), illərdir ayağı ölkəyə dəyməyən Ənvər Nəhmədova səs verər?! Deyilənlərə görə, bir adam cəmi iki səs yığıb, amma elan edilib ki, 25 səs toplayıb. Bu adamda məsuliyyətsizliyin həddinə baxın ki, 20 ildən artıq xaricdə işləməsinə baxmayaraq elmə yalnız 50 sitat gətirir və özünü müxbir üzv təyin etdirir! Nədi, nədi, bu “almaniyalı alim” Fatma Abdullazadənin həyat yoldaşı Oktay Ələkbərova son illər məqalələr yazır, yazmaqdadır və yazacaqdır! Bundan əlavə, bu səbəbə görə EIF-dən ayrılan milyonlarla qrantın mənimsənilməsinin leqallaşdırılması istiqamətində çalışır! Onun işlərinə SCOPUS-da olan sitatların sayı mənimkindən 11 dəfə azdır! Bu adam başqasının haqqını yeməyi şəninə necə sığışdırır! Bu təyinolunmuş da seçki öncəsi ölkəni tərk etmişdi! Yəqin patronu Oktay Ələkbərov onu inandırıb ki, belə lazımdır! Onsuz da artıq “çlen-korsan”!
Yəqin ki, təyinatları diqqətlə izləyənlər, demək olar, bütün bölmələr üzrə sayca ikinci gücə sahib yeni bir toplumun (şərti olaraq deyək ki, ŞIMAL-qərb alyansının) meydana çıxmasını müşahidə etdilər! Belə süni dəstənin yaradılması ölkənin ən böyük toplumunun qəsdən sıxışdırılması hesabına həyata keçirilir!
Seçim üçün bircə meyar olmalıdır: elmə gətirilən sitatların sayı və bu sitatların əsasında törəmə göstəricilər, məsələn, bir məqaləyə orta sitat, Hirş indeksi! Kimin hansı qütbdən olmasını əsas götürmək bu millətin maraqlarına zidd olan yanaşmadır!
Məqsədli yarımştatlar…
Cənab Prezident! AMEA-ya təyinatlarda mənə qarşı olan ayrı-seçkiliyi indi də sizə müraciətlərimlə bağlı haqqımı yeyənlər həyata keçirir. Haqqımı yeyənlər “dissiplina”nı əsas silah edərək haqq-hesab çəkirlər, amma hamının davamiyyətini açıqlamaq istəmirlər. Vaxtaşırı sıxışdırmaq istədikləri adamların davamiyyətə əsaslanmayan siyahısını divara asırlar! Noyabrda mənə Fizika Institutunun direktoru N.Məmmədov töhmət verib. Ilin sonunda hamıya verilən pul mükafatından məhrum edilmişəm. Məni təqib edən əsas fiqurlardan biri yuxarıda qeyd olunan elmə sitatlar gətirməyən həqiqi üzv təyin olunmuş 75 yaşlı direktor müavini, bir neçə yerdə işləyən Cavad Abdinovdur. Onun qohumları işə gəlmir. Yarımştatlar işdə olmur. Ölkə fiziklərinin əksəriyyəti Fizika Institutunda, buradakılar da universitetlətdə sanki sözləşmiş kimi yarımştatdırlar. Kiminsə bir neçə yerdə işləməsinə qarşı deyiləm. Amma bir çox hallarda burada məqsəd hardansa pul qopartmaqdır, görülən işin keyfiyyətli olması deyil. Kiminsə nə qədər pul almasının fərqində deyiləm. Məni az-çox tanıyanlar bilir ki, dünya malında gözüm yoxdur. Sadəcə qeyd etmək istəyirəm ki, elmə sıfır səviyyəsində sitat gətirənin mükafatlandırılması sözsüz ki, açıq və ya qapalı hiddət doğuracaq! Cavad Abdinov bunun bariz nümunəsi deyilmi?!.
Otaqlar repetitorxanadır. Institutun bir mərtəbəsində geniş fəaliyət göstərən yeməkxana var. Yeməkxananın havalanma sistemi işləmir deyə və ya hansısa başqa səbəblərdən Institutun bütün mərtəbələrini qoxu başına alıb. Maraqlıdır ki, həmin mərtəbədəcə milyonlarla manata alınmış cihazlar quraşdırılıb. Görəsən niyə direktor Nazim Məmmədov bu cihazların sıradan şıxmasına şərait yaradır? Bəlkə tam işlədə bilmədiklərindən! Bir məsələni də qeyd etmək istəyirəm. Nazim Məmmədovun əmri ilə bayram günləri işə gəlmək qadağan olunub, işdən sonra, şənbə və bazar günləri üçün isə icazə almaq lazımdır. Bu bir az qəribədir, çünki az qala on ilə yaxındır bu məhdudiyyətlər tətbiq olunmurdu. Bundan əlavə, Institutda kart sistemi tətbiq olunur və mərtəbələr videokameraların nəzarəti altındadır; yəni kiminsə qanunsuz hərəkətini qeyd etmək problemi yoxdur. Problem ondadır ki, özü haqqında “bütün günü institutun qayğıları ilə yaşayır” yalanını yuxarılara sırıdıqdan sonra artıq N.Məmmədov maskanı çıxartmaq qərarına gəlib. Axı bir də patronunun hesabına başqasının haqqını yeyərək tamamilə layiq olmadığı halda müxbir üzv, direktor olan adam bir az “dincəlmək” qərarına gəlib. Həm də işləyənlərə mane olmaq qərarına.
Özləri elmə sitat gətirə bilmirlər, heç olmasa başqalarına mane olmasınlar! Görəsən niyə Cavad Abdinov bir neçə iş yerində mahiyyət etibarilə baş girləyə-girləyə təkcə bu Institutdan 3000 min manata yaxın pul alır, cəmi ayda 400 manat alana, həmişə bir iş yeri olana, amma elmə bugün akademiyada bütün sahələr üzrə ən çox sitat gətirənə qarşı (bu sətirlərin müəllifi nəzərdə tutulur – E.Ş.) səlib yürüşünə çıxıb. Əlbəttə, Nazim Məmmədov və onun patronu Oktay Ələkbərovla birlikdə! Niyə dərk etmirlər ki, elmi idarə bir qayda olaraq yaradıcı adamların toplumudur. Burda kazarma rejimi heç vaxt effektiv olmaz! Bir də ki siz axı “dissiplina”nı belə selektiv yanaşma üçün istifadə edirsiniz; yəni ondan kimlərləsə haqq-hesab çəkmək üçün yararlanırsınız. Elə deyilsə, niyə bütün işçilərin davamiyyətini açıqlamırsınız! Nəyi gizlədirsiniz!
Kimisə yarımştat keçirməyə çalışırsınız ki, öz qohumlarınızdan, adamlarınızdan bəzilərini də Instituta “ilişdirəsiniz”. Axı mənim laboratoriyamın bir işçisinə qarşı bunu bir dəfə tətbiq etmişdiniz!
Elmi işdə əsas məsələ elmə sitat gətirən yüksək keyfiyyətli nəticələrin alınmasıdır! Işə gəlib baş girləmək yox! Cavad Abdinov, “dissiplinalı” olub elmə neçə sitat gətirdiniz: sıfır səviyyəsində. Bəs onda nə üçün barsız elmi həyat tərzinizi bu ölkənin elminə sırımaq istəyirsiniz?! Hanı sizin özünüz dediyiniz kimi 300 məqalənizə olan sitatlar?! Yoxdur! Deməli, onları ən yaxşı halda makulatura adlandırmaq olar! Hanı sizin 30 tələbənizin işlərinə olan sitatlar!!! Problem bilirsiniz nədədir: on illiklərdir sizə bəlli səbəblərdən ən yüksək vəzifələr verilib, AMEA üzvülük ödəmələri edilib və sizə yanlış olaraq elə gəlib ki, bəlkə doğrudanda sanballı alimsiniz! Sizin yaşda adamı ilin sonunda bir daha direktor müavini təyin etdilər! Siz həm də laboratoriya rəhbəri, şöbə müdiri, elmi şuraların, neçə-neçə dissertasiya şuralarının, ekspert şuralarının və s. üzvüsünüz. Məgər bütün vəzifələrə sizin kimi dominant dəstənin üzvü olanlar sahib olmalıdır! Bu cür primitiv dəstəbazlıqla biz hara gedirik?! Axı Institutda 80-ə yaxın elmlər doktoru var. Çoxu da sizdən gənc və sizdən fərqli olaraq az-çox müasir elmi trendlərdən xəbəri olan, atkual istiqamətləri analiz edə bilən!!
Niyə bu ölkənin elminin inkişafına əngəl olursunuz axı?! Məgər ömürlük vəzifədə olmalısınız?! Yoxsa bəzilərinin də alnına vəzifə yazılıb!! Yaxşı olmazmı ki, bu cür elmi göstəriciləri ilə Cavad Abdinov gedib evində oturub işləyənlərə mane olmasın!!!
Institutu üçlüyün əsarətindən xilas edin!
Cənab Prezident, bir daha müraciət edirəm ki, nə qədər gec deyil, Institut rəhbərliyini harınlamış, gözləri ayaqlarının altını görməyən N.Məmmədov-O.Ələkbərov-C.Abdinov üçlüyünün əsarətindən xilas edin! Onların fəaliyyəti Azərbaycan elminin inkişafına ancaq mane olur! Elmə ən çox sitat gətirənin təqib olunmasının bir adı var: düşmən dəyirmanına su tökmək!!!
Cənab Prezident! Seçkilərin AMEA Nizamnaməsinə zidd keçirilməsinin, saxtalaşdırılmasının qarşısını ala bilmədiyinə görə Sizin Administrasiyanın humanitar siyasət söbəsinin rəhbəri Fatma Adbullazadəni və AMEA Prezidenti Akif Əlizadəni ISTEFA-ya çağırıram. Eyni səbəblərdən AMEA vitse-prezidenti Akif Hacıyevi də ISTEFA-ya çağırıram.
Cənab Prezident, Fatma Abdullazadə 20 ildən artıqdır ki, elmə, təhsilə, səhiyyəyə, mədəniyyətə, TQDK-ya, Ali Attestasiya Komissiyasına, Elmin Inkişafı Fonduna və s. kuratorluq edir. Bu sahələrin hər birindəki bərbad vəziyyət isə göz qabağındadır. Son illər isə sanki Fatma Abdullazadə öz səlahiyətlərini AMEA Fizika Institutunda çalışan Oktay Ələkbərova həvalə edib. Özü elmlər namizədi olan bu şəxs bu statusuna görə Institutun bütün işlərinə qarışır, kimin akademiyaya təyin olunması, kimə qrant verilməsi, kimin direktor olması, kimin elmi şuraya, dissertasiya şuralarına üzv olması, lazım gələndə aspirantların elmi rəhbərlərinin münasib adamla əvəzlənməsi, kimin dissertasiyasının və nə vaxt təsdiq olunması və ya olunmaması, bölmə və AMEA Rəyasət heyətinin iclaslarının gündəliyinin formalaşması və s. məsələləri həll edir, Azərbaycan elminin prioritet istiqamətlərini müəyyən edir. Daha doğrusu öz yazarlarının məşğul olduğu sahələri “prioritet” istiqamət qəbul etdirib ki, sabah istəmədikləri adamların qrant almağına, akademiyaya üzvlüyünə və s. “qanuni əsaslarla” mane olsunlar. Görəsən ona bu səlahiyyətləri kim verib?! Belə çıxır ki, kimlərsə artıq 20 ildən yuxarı mühüm vəzifədə işləməkdən yorulub, ona görə də öz səlahiyyətlərini yaxın adamına transfer edib.
Cənab Prezident, susmağınız kart-blanş kimi anlaşılır
Cənab Prezident, çox təəssüf ki, vəfizə səlahiyyətlərinizə rəğmən (çünki təyin olunmuşların siyahısı sizin administrasiyada və sizə yaxın bir rektorun iştirakı ilə tərtib olunub), Sizin susqunluğunuzu, hərəkətsizliyinizi başqalarının haqqını yeyənlər kart-blanş kimi başa düşüb günü-gündən daha da özbaşınalıq edirlər. Və bu səbəblərə görə qorxuram ki, bu istefa çağırışlarından sonra bu şəxslərin vəzifələri daha da yüksəldilə, səlahiyyətləri bir az da artırıla! Buna artıq əsas da var. Son aylar sizə müraciətlərimdə baza fizika təhsili olmayan Arif Həşimovun 2002-2009-cü illərdə Fizika Institutuna rəhbərlik etməsi, doktorluq dissertasiyası olmadan avtoreferat əsasında müdafiə etməsi (hamı bilir ki, bu faktı Fizika Institutunun direktorluğundan işdən çıxarılanda administrasiyada ona ən yüksək səviyyədə xatırlatmışlar), 2007-ci ildə isə SCOPUS da sıfır səviyyəsində sitatları olmasına baxmayaraq doktorluqdan birbaşa akademik təyin olunması haqqında yazmışdım. Bu yaxınlarda həmin pensiya yaşlı Arif Həşimov “Azenerji” nəzdində Energetika Institutuna direktor təyin edilmib! Doğrudan da öklədə deyəsən kadr qıtlığıdır, əgər özünü kompremitə etmiş birini o vəzifədən o birisınə təyin edirlərsə! Daha doğrusu, bəlli dəstələrin açıq və gizli üzvlərinə vəzifələr verilib, kənardakılara olmaz deyə, rotasiyanın ümidinə qalıblar!
Qeyd edim ki, Arif Həşimovu şəxsi maraqları əsasında təqib edən şəxs Fatma Abdullazadənin həyat yoldaşı Oktay Ələkbərovdur. Təqibin əsas səbəbi o idi ki, Arif Həşimov özü dominant dəstənin üzvü olduğundan o, Oktay Ələkbərovun Instituta gələn maliyyə axınına, EIF-in, AMEA Rəyasət Heyətinin, Neft Şirkətinin Elm Fondunun, bəzi müştərək beynəlxalq qurumların ayıracağı qrantlara şəriksiz “nəzarət” edə bilməyəcəkdi. Doğrudan da, indi Nazim Məmmədovun direktorluğu dövründə Oktay Ələkbərov hüdudsuz hakimiyyət sahibidir. Eyni zamanda onu da demək lazımdır ki, Oktay Ələkbərovun əndazədən çıxmasının elə birinci səbəbkarı A.Həşimovun özü olub. Elmlər namizədi olmasına baxmayaraq ona laboratoriya yaratdı, direktor kabinetinə istədiyi vaxt girişini təmin etdi, əsas məsləhət yeri etdi və s.
Cənab Prezident! Bir daha müraciət edirəm ki, AMEA-da elm adına qara ləkə olan son seçkilərin nəticələrini ləğv edəsiniz, yenisini keçirəsiniz. Əlbəttə, daha obyektiv olardı ki, AMEA-da bu sahədə əvvəlki onilliklər ərzində keçirilən seçkilərin də təyinatlar əsasında baş verdiyini nəzərə alaraq daha dərin dəyişikliklər olsun.
Fizika Institutunu indiki yarıtmaz, elmi işçilər üçün ciddi təhlükə mənbəyi olan rəhbərliyindən xilas edəsiniz”.