Bu ölkənin SWIFT-dən çıxışı gerçəkləşir
Samir Əliyev: «Rusiyanın geri çəkilməməyi onun SWIFT-dən çıxarılması ilə nəticələnə bilər»
Ukraynanın Mariupol şəhərinin rusiyameylli separatçıların mövqelərindən atəşə tutulması və mülki sakinlərin həlak olmasından sonra Qərbin Rusiyaya qarşı sanksiyalarının dərinləşəcəyi deyilir. Rusiyaya qarşı yeni tədbirlərin nədən ibarət olacağı hələlik məlum deyil, ancaq Qərb Rusiyanın beynəlxalq bank sistemi SWIFT-ə çıxışını qadağan edə bilər.
SWIFT sistemi hazırda qlobal maliyyə axınlarını tənzimləyən əsas sistemdir və bu sistemə daxil olmayan banklar xarici hesablar üzrə əməliyyat apara bilməz.
Məlumat üçün qeyd edək ki, Brüsseldə yerləşən SWIFT sistemi (Society for Worldwide Interbank Financial Telecom-munication) 1973-cü ildə yaradılıb. Il ərzində onun vasitəsilə 1,8 milyard xəbər ötürülür. SWIFT hər gün 6 milyard dollar məbləğində ödənişli tapşırıqlar da ötürür. Onda 210-dan artıq ölkədən 10 mindən artıq maliyyə təşkilatı iştirak edir. Rusiya Mərkəzi Bankı da daxil olmaqla Rusiyanın 600-dən artıq iştirakçısı SWIFT-lə işləyir.ÿ
“Moskvaya təzyiqlərin artması halında Rusiya bankları SWIFT sistemindən kənarlaşdırılarsa, bu, ABŞ ilə Rusiya əlaqələrinin kəsilməsi demək olacaq”.
Bu barədə Davos Iqtisadi Forumu çərçivəsində keçirilən “Rusiya üçün proqnoz” sessiyasında çıxış edən VTB bankının başçısı Andrey Kostin bildirib.
“Biz artıq banklararası hesablaşmaların lokal sistemini yaratmışıq və bu, SWIFT-i əvəz edə bilər. Biz çinli tərəfdaşlarımızla milli valyutalarda hesablaşma sisteminin yaradılması üzrə danışıqlar aparırıq. Lakin mən bunu demək istərdim ki, əgər belə bir iş baş verərsə bu, Şərqlə Qərb arasında qlobal münasibətlərin ciddi şəkildə pisləşməsinə səbəb olacaq”, – deyə Kostin hədələyib.
Onun sözlərinə görə, bu kəsilmə baş verərsə, onda “ertəsi gün hər iki səfir – ABŞ-ın Moskvadakı, Rusiyanın isə Vaşinqtondakı səfiri paytaxtları tərk etməli olacaq”.
Kostin xatırladıb ki, oxşar hadisə daha əvvəl, məsələn, ABŞ və Iran arasında baş verib: “Bunun nəticəsi ölkələr arasında siyasi dialoqun, mədəni və digər əlaqələrin kəsilməsi oldu. Bu o deməkdir ki, bundan sonra Rusiya ilə ABŞ arasında heç bir əlaqə olmayacaq”.
VTB rəhbəri hesab edir ki, Rusiyaya münasibətdə belə addımlar Moskvanı “müharibə yoluna, soyuq müharibəyə” təhrik edəcək: “Daha yaxşısı biz preventiv tədbirlər görək ki, Şərq və Qərb arasında buna imkan verməyək”.
Iqtisadçı Samir Əliyev bildirdi ki, Rusiya banklarının SWIFT-dən çıxarılmasını bir il öncə təklif etmişdi. Həmin dövrdə bunu qeyri-real sayıldığını deyən S.Əliyev hesab edir ki, Rusiyanın geri çəkilməməyi onun SWIFT-dən çıxarılması ilə nəticələnə bilər: “Bunun nəticəsidir ki, ABŞ və Qərb Rusiyaya qarşı sanksiyaları sərtləşdirib. Əgər məsələ bu qədər ciddiləşibsə deməli Qərb bu addıma gedə bilər. Beş-altı ay əvvəl bu addım bir qədər real görünməsə də hazırda belə bir qərar qəbul oluna bilər”.
SWIFT-dən çıxarılmanın Rusiya iqtisadiyyatına ciddi zərbə vuracağını deyən S.Əliyev bildirdi ki, nəticədə heç bir rus şirkəti xarici ölkələrlə maliyyə əlaqəsi yarada bilməyəcək: “Rusiya daxildə SWIFT yaratmaq istəyir. Amma bu şıxış yolu deyil. SWIFT-dən ayrımla nəhəng bir beynəlxalq şəbəkədən kənarda qalmaq deməkdir. Ruisya əvvələr də deyirdi ki, sanksiya bizə təsir etməyəcək. Amma zaman göstərdi ki, reallaıq başqa cürdür”.
Xəyal