Görüşdən sonra verilən açıqlamalar buna dəlalət edir
Berlin görüşü göstərdi ki, hakimiyyət üçün Azərbaycanın köklü maraqları əhəmiyyətli deyil
Azərbaycanın dövlət başçısının Berlinə səfəri hakimiyyət üçün arzuolunmayan bir sıra məqamlarla müşayiət olundu. Yanvarın 21-də Almaniya kansleri Merkel ilə görüşən I.Əliyevə bir sıra mühüm mesajlar verilib.
Öncə ondan başlayaq ki, I.Əliyevi Berlində o qədər də xoş qarşılamadılar. Əliyevin səfər edəcəyi barədə xəbər tutan bir neçə hüquq-müdafiə təşkilatı tənqidi bəyanatlar yaydılar. Merkelin iqamətgahı qarşısında etiraz aksiyası keçirildi.
“Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatının məlumatına görə, hazırda Azərbaycan həbsxanalarında ən azı, 22 nəfər vicdan məhbusu var. Ölkə daxili ilə yanaşı, xaricdə də çox tanınmış hüquq müdafiəçisi Leyla Yunus, jurnalist Xədicə Ismayıl da onların arasındadır.
Görüşün nəticələrinə dair mətbuat konfransında Angela Merkel danışıqların mövzusu haqda ümumi şəkildə məlumat verib. Almaniya kansleri ilə Azərbaycan prezidenti regiondakı geosiyasi vəziyyəti, Berlinin də həllində iştirak etməyə hazır olduğu Dağlıq Qarabağ problemini müzakirə ediblər. Merkel Azərbaycanda insan haqlarının vəziyyətinin də ikitərəfli əlaqələrdə Almaniya üçün vacib məsələlərdən biri olduğunu vurğulayıb.
Amma Ilham Əliyev cavabında bu məsələyə, ümumiyyətlə, toxunmadı.
Hüquq və azadlıqlara gəlincə, Əliyev iddia edib ki, ölkəsində bunlar təmin olunur. Merkel I.Əliyevin bu sözlərinə görə qonağa etirazını bildirməsə də, yada saldı ki, Azərbaycan Avropa Şurasının üzvüdür. Deməli, insan haqlarını qorumağa, demokratiya normalarını və qanunun aliliyini təmin etməyə borcludur. “Biz hesab edirik ki, insan haqları sahəsində problemlər var. Bizim tənqidlərimizə səbəb olan həmin hallar barədə də biz danışdıq”,- deyə Merkel bildirib.
Merkel çıxışında açıq şəkildə bəyan edib ki, Azərbaycanla bir sıra məsələlərdə ciddi fikir ayrılığı mövcuddur.
Ekspertlər hesab edir ki, Ilham Əliyevin Berlinə səfəri Azərbaycan hakimiyyətinin Qərb ölkələri ilə münasibətlərinin çox gərgin olduğu vaxta təsadüf edir. 2014-cü ilin ortalarından başlayan repressiyalar Qərblə münasibətlərin hədsiz gərginləşməsinə səbəb olub. Xeyli müddət ərzində Avropa Birliyi ilə Azərbaycan arasında Assosiasiya Sazişi ilə bağlı müzakirələr gedib. Hakimiyyətin demokratik hüquq və azadlıqlara geniş miqyaslı hücumlarından sonra bu sahədə danışıqlar faktiki olaraq dayanıb. Buna baxmayaraq Avropa Birliyi istər enerji, istərsə də təhlükəsizlik, istərsə də demokratiya baxımından Azərbaycanla işləməkdə çox maraqlıdır. Bütün bunlar Azərbaycanın köklü maraqlarından da mühümü əhəmiyyət kəsb edir. Amma təəssüf ki, hakimiyyətdə olan siyasi komanda üçün iqtidarın maraqları bu maraqlardan üstün tutulur. Amma bütün bu bəyanatlara baxmayaraq Azərbaycanda yürüdülən siyasət davam edir. Nəzərə almaq lazımdır ki, may ayında Riqada Şərq Tərəfdaşlığı proqramına cəlb olunmuş ölkələrin sammiti keçiriləcək.
Eyni zamanda ekspertlər ona diqqət çəkirlər ki, Avropa Birliyinin aparıcı dövləti olan Almaniya müxtəlif sahələrdə AB-Azərbaycan münasibətlərinə dinamizm gətirməyə çalışır. Məhz bu məqsədlə Ilham Əliyev Almaniyaya dəvət olunmuşdu. Yayılan məlumatlarda bildirilir ki, Merkel ilə Ilham Əliyevin görüşündə hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb edən məsələlər müzaikrə olunub. Almaniya kanslerinin Qarabağ probleminin həlli ilə bağlı ölkəsinin və Avropa Birliyinin bundan sonra daha ciddi addımlar atmağı haqqında bəyanatının əslində, böyük əhəmiyyəti var. Təəssüflər olsun ki, bütün dünyadan, o sıradan Avropa Birliyi və Almaniyadan konfliktin həllində Azərbaycanın qanuni mövqeyinin dəstəklənməsini tələb edən Ilham Əliyev demokratiya və insan hüquqları məsələlərində faktiki olaraq əməkdaşlıqdan imtina edib. Hətta Merkel açıq şəkildə məhz bu məsələlərlə bağlı Ilham Əliyevlə aralarında ciddi fikir ayrılığının olduğunu bəyan edib. Azərbaycan hakimiyyəti Qarabağ probleminin həllində səmimidirsə, o halda Almaniya və Avropa Birliyi ilə istər bu, istərsə də enerji sahələrində olduğu kimi insan hüquq və azadlıqlarının qorunmasında da əməkdaşlıq etməlidir. Berlin görüşü bir daha sübut etdi ki, Azərbaycan üçün müstəsna əhəmiyyət kəsb edən Qarabağ məsələsi ilə bağlı Avropa ilə əməkdaşlığa can atan hakimiyyət demokratiya və insan hüquqları məsələsində əməkdaşlıq etmək niyyətində deyil. Ilham Əliyevin “əhalinin 90 faizi məni dəstəkləyir”, “Azərbaycanda insan hüquq və azadlıqları ilə bağlı problem yoxdur” bəyanatı hakimiyyətin bundan sonra da Qərb dünyası ilə bu sahədə konflikt vəziyyətini davam etdirməkdə israrlı olduğunu göstərir. Tam əsasla hesab etmək olar ki, Berlin görüşü Azərbaycanın köklü maraqları baxımından Avropa Birliyi və o sıradan Almaniya ilə münasibətlərin yaxşılaşdırılması sahəsində itirilmiş daha bir şansdır.
Xəyal