Deputat bu qənaətdədir ki, Azərbaycanı tərifləyən adamlar öz ölkələrində qınaq obyektinə çevrilirlər. Artıq hakimiyyət düşərgəsində elə bir “ənənə” yaranıb ki, ABŞ-ı, Avropa Birliyini tənqid etməyənə pis baxırlar. Indi Qərbdən hava proqnozu veriləndə də küsəyən hökumətimiz bunu ikilistandartlar, qərəz kimi qiymətləndirir.
Son dövrlər ölkədə artan repressiyalar, tanınmış simaların həbsi Qərblə münasibətləri daha da gərginləşdirib. Artıq bu insanların siyasi sifariş əsasında həbs olunduğu heç kimdə şübhə doğurmur. Ona görə də Azərbaycan hakimiyyətindən siyasi məhbusları azad etmək tələb olunur. Hakimiyyət isə həmişəki kimi tutarsız arqumentlərlə vəziyyətdən çıxmağa çalışır. Nəticədə məlum olur ki, daha da dərinə batıblar.
Avropa Şurasının strukturlarında təmsil olunan bəzi şəxslərin Ilqar Məmmədov və başqalarının azadlığa buraxılması barədə bəyanatlarına münasibət bildirən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib ki, Azərbaycanı tənqid edənlər öz ölkələrində reytinq qazanmaq istəyir:ÿ”Bəziləri isə sadəcə öz ölkələrində reytinqlərini qaldırmaq üçün Azərbaycanı hədəf seçirlər. Səthi yanaşmadan qaynaqlanan bəyanatlar da var. Içərisində hansısa həqiqətləri daşıyan məqamları Azərbaycan tərəfi öyrənir. Lakin bu təklif və bəyanatların əksəriyyəti siyasi xarakter daşıyır”- deyə Səməd Seyidov bildirib.
Səməd Seyidovun bu açıqlamasında böyük etiraflar yatır. Deputat etiraf edir ki, Azərbaycanın imici dünyada çox zədələnib və bu hakimiyyəti tənqid etməyənlərin öz ölkələrində imici aşağı düşür. Əslində, bu həqiqətdir və bunun yaşanmış təcrübələri var. Məsələn, şahzadə Endryu Ilham Əliyevlə görüşdüyünə görə, ölkə mətbuatında kəskin tənqid olunmuşdu. Yaxud, “kürü diplomatiyası” iflasa uğrayandan sonra, Avropa Şurasının deputatları Azərbaycan nümayəndə heyəti ilə bir masa arxasında oturmaqdan çəkinirdilər.
Səməd Seyidovun təmsil olunduğu hakimiyyət öz şəxsi maraqlarına görə Azərbaycanın imicini bərbad vəziyyətə salıb və görünür ki, bu yanlış siyasəti davam etdirmək firkrindədilər.
Həqiqətən də Azərbaycan hakimiyyətinin milyonlarından imtina edib, həqiqətləri dilə gətirən adamlar öz ölkələrində reytinq qazana bilərlər. Çünki, azad cəmiyyətin nümayəndələri qondarma ittihamlarla həbs olunmuş insanların taleyinə biganə qalmaq istəmirlər və bunu anti-insani addım kimi qiymətləndirirlər.
Təklif və bəyanatların siyasi xarakter daşımasına gəlincə, bu normalıdır. Çünki, həbs olunanlar “siyasi məhbus” statusundadılar, həbs edənlər isə siyasi hakimiyyətdir. Ona görə də tənqid və bəyanatlar da siyasi olmalıdır.
Hökumətimizin maraqlı yanaşması və umacağı var. Bunlar günahsız adamları şərləyib həbs etməlidilər, dünya isə bunlar haqqında gülə-gülə bəyanat verməlidir.
Bir sözlə, Səməd müəllimin qənaəti düzgündür, arqumenti isə həmişəki kimi çiynənmiş və qeyri-realdır.
Akif