(Dostum Qulu Məhərrəmlinin 60 yaşına)
Yazıma bir pritça ilə başlayıram, özü də heç bir şərh vermədən. Zatən, görünən dağa nə bələdçi axı!?
Bu əhvalatı Uinston Çorçill Con Kennedinin müharibə vaxtı Londonda səfir olan atasına danışıb. Pritça belədir: «İki qurbağa olur, süd bidonuna düşürlər, çıxa bilmirlər. Qurbağanın biri ruhdan düşür, əlini saxlayır və gedir bidonun dibinə. O biri çırpınmaqda davam edir, səhərə qədər çırpınır, çabalayır və səhər açılanda artıq yorulur. Bu da əlini saxlayır, ancaq südə batmır. Məlum olur ki, səhərə qədər südü çalxadığı üçün yağ əmələ gəlib və bu yağın üstündədir. Beləcə, çalışqan qurbağa atılıb bidondan çıxır». Bunu danışan Çörçill səfir Kennediyə deyib ki, ser, bax, mən həmin o çabalayan qurbağalardanam”.
Çörçillin sözü olmasın, çabalamaq lazımdır….
Öz sənətində Çörçill qədər iradəli və əzmkar olan bir insandan danışmaq istəyirəm.
***
AzTV ki var, şəhər içində şəhərdir bura. Ölkə dağılsa da, buranın öz qanunları, çəki-tərəzisi, yapısı-tapısı vardı. Məsələn, burda yeyib-içənlərə şəhərin heç yerində rast gəlməzdin – indi orda vəzifədə olanların çoxu bir zamanlar buranın bərk vuran yazıçılarının, tele-jurnalistlərinin, rejissorlarının araqdaşıyanı, qulluq göstərəni idilər. Burda xərclənən pullar da şəhərin başqa yerlərində olası deyildi – kimin pulu çoxdur, özünü bura verirdi. Kimi poza verib çıxış edir, kimi qohum-əqrəbası haqqında veriliş çəkdirir, kimi də bəlağətli, yaltaq və pafoslu çıxışlar etməyə gəlirdi həvəslə…
Amma yox, buradakı yaradıcı adamları da heç yerdə görməzsən. Deyim ki, buradakı günah əhlinin bütün günahlarını 3-5 adam yuyur. Yəni bu böyük mühərriki əsl ziyalı ağlına malik bir neçə adam hərəkətə gətirir. Həmyerlim olsa da, uzun müddət AzTV-nin tam gücü ilə işləməsində və kanala baxımlılıq gətirən verilişlər hazılanmasında böyük qatqısı olan (söhbət baxımlı verilişlərdən gedir, təbii ki) Qulu Məhərrəmli ilə mən başqa yerdə yox, məhz bu “mühərrikin” özündə görüşdüm. Burada onu tanımayan, onun hörmətini saxlamayan, ona salam vermək üçün növbəyə durub xoşbəxt olmayan yox idi. (O bəlkə də yeganə telejurnalist idi ki, buradakı içki məclislərində iştirak etmir, öz nəfsini və ziyalı imicini inadla qoruyub-saxlayırdı).
Bir gün mərhum Eldar Baxış dedi ki, günorta düşərsən çayxanaya (mən bir ilə yaxın idi ki, Eldarın köməyi ilə radioda işləyirdim.) Getdim və gördüm ki, Məmməd Aslandır, Qulu Məhərrəmlidir və Eldar Baxışdır, oturub söhbətləşirlər. Eldar özünəməxsus şən əhvalla Məmməd Aslanı “böyük şair”, Qulu Məhərrəmlini isə “ən vicdanlı jurnalist” kimi mənə təqdim edib, sonra eyni ahənglə dedi:
– Qulu müəllim, bu, Azad Qaradərəlidir…
Qulu müəllim yalnız onda müşahidə etdiyim çox diri və şən bir əhvalla qalxıb mənimlə görüşdü, indi unutduğum hansısa xoş sözlər də dedi.
Biz orada tanış olduq və tanışlığımız dostluğa çevrildi. Bu xarizmatik adamda incə yumor, xoş aura və iti zəka elə çuğlaşmışdı ki, bu keyfiyyətlərin hamısı bir yerdə hər adamda olmur.
Biz Qulu müəllimlə həmyaşıdıq. Yəni altmışı tamamlasa da, qəti verməzsən ona bu yaşı. Həmişə gülən gözləri, üzündəki sehrli təbəssümü onu şux və cavan saxlayıb.
Biz tərəflərdə qızılgülün bir növü var: həmişəbahar deyərlər. Yaz, yay, payız bu gülün üstündə qönçələr görərsən. Qulu müəllim də belədir. Ən ağır məqamlarda belə, onun üzündən təbəssüm əskik olmur.
Qulu müəllim adi jurnalist deyil, müasir düşüncəli, geniş dünyagörüşlü, yüksək erudisiyalı ziyalıdır. Maşınında qabaqcıl nəşriyyatların ən son kitabları olur həmişə. Ardıcıl mütaliəsi onun bir alim kimi həmişə formada olmasına da imkan yaradır.
***
Gün gəldi ki, daim hərəkətdə olan, öz beyni ilə AzTV deyilən bu ağır dəyirmanı da fırladan Qulu Məhərrəmliyə buranı qısqanmağa başladılar. Əvvəlcə öz əlləri ilə qurduğu “Səhər” verilişini əlindən aldılar (əslində o verilişin kökünə balta çaldılar. Qulu müəllimdən sonra o verilişə daha baxdım deyən görmədim). Və gün gəldi ki, şirkətdən çıxmasını istədilər. Bəli, məhz istədilər. Vaxtilə Qulu müəllimin yanında dayanmağı ilə fəxr edən “dost” indi başa keçmişdi və burada özündən savadlıları, ləyaqət və nüfuz sahibi olan kişiləri görmək istəmirdi (yadıma düşdü ki, N.Xudiyev sədr gələndə bu “dost” maliyyə işində törətdiklərinə görə həbs olunacağından qorxub necə yumağa dönmüşdü və hamının bu adamdan üz döndərib tək qoyduğu bir vaxtda Qulu müəllim ona necə ürək-dirək verirdi. Ah, nankorluq!!!).
Qulu Məhərrəmli mübariz adamdır, amma bu ədalətsizliyi taleyin istehzası kimi qəbul edib ona qarşı mübarizə aparmadı, illər uzunu çörək kəsdiyi “dostu” kimi baltanı kökündən vurmadı, hədyanlar danışmadı, çox ağayana davrandı, deyəsən, heç AzTV-dən gedişinə təəssüflənmədi də. Bircə müsahibə verib dairənin qapandığını dedi və üz qoydu yeni üfüqlərə…
***
Hər insana nəsib olan iş deyil ki, özündə bir neçə sənət sahəsini birləşdirə bilsin. Qulu müəllim televiziyaçı kimi mahir televiziyaçıdırsa, alim kimi mahir alim, müəllim kimi də bir o qədər mahir müəllimdir. Təsadüfi deyil ki, BDU-da dərs dediyi tələbələrinin onun haqqında dilləri ağızlarına sığmır. Hətta, bir qız onun feysbukdakı şəklinə beləcə şərh yazmışdı: “Mənim bircə gözəl və sevimli müəllimim!”
Qızın sözünü qəribliyə salmadan deyim ki, bu adamda, doğrudan da bir hüsn, kişi gözəlliyi və bizim tərəfdə deyildiyi kimi, kişi şahqəvətliyi var (bu sözün ədəbi dildə uğurlu qarşılığı olmadığı üçün dialektdə olduğu kimi yazdım. Mənası təxminən şah duruşlu, şah vüqarlı, şah baxışlı anlamlarına gəlir).
Mən bir yazıçı kimi, Qulu müəllimi daim müşahidə etmişəm. Axı bir surət yaradarkən gözlərinin önünə real həyati obrazı mütləq gətirməlisən. Nə yazıqlar ki, zəmanəmizdə hərtərəfli zəngin olan belə həyati prototiplər indi qəhətə çəkilib. Heç özünə deməmişəm, mən romanlarımda bir neçə obrazı yaradarkən Qulu müəllimin insanı tilsimləyən simasını gözlərim önünə gətirmişəm. Konkret olaraq, “Kuma-Manıç çökəkliyi” romanımın (əsər “Yazı” dərgisində hissə-hissə dərc olunub, kitab kimi də çapa hazırlanır) əsas qəhrəmanlarından olan Haşım bəyin obrazını yaradarkən həmişə Qulu müəllimi gözümün önünə gətirərdim.
Kitablarımın ilk nüsxələrindən birini hökmən ona vermişəm həmişə. Lap az tanındığım vaxtlarda da beləydi, indi də belədir. Onda da vaxt tapıb oxuyar, fikrini deyərdi, indi də. Bu yaxınlarda xaricə gedərkən özü ilə götürdüyü “Şəhərcik” romanımı oxuyandan sonra da zəng vurdu. Etik nöqteyi-nəzərdən onun roman haqqında dediyi tərifləri burada yazmağım düz olmazdı, amma sizə deyim ki, mən bir neçə gün bu zəngin və zəng sahibinin səmimi fikirlərinin əsarətində oldum. O belədir, sənə layiq olanı əsirgəməz: ya söz şəklində, ya başqa formada.
Dostlarını göstər, kim olduğunu deyim – belə bir ifadə var. Bir tərəfdə Arif Əliyev, Elçin
Şıxlı, Zeynal Məmmədli, digər tərəfdə Rafiq Əliyev, Ramiz Rövşən, Musa Yaqub kimi adamlarla daim bir yerdə görərsiniz onu. Bir-birilərindən qidalanmaq dostların adətidir, deyərlər.
***
Qulu Məhərrəmli, hər şeydən öncə, bir televizyonçudur. AzTV-dən sonra çalışdığı “Xəzər”də də bunu göstərə bildi. Apardığı “Dost məslisi” proqramı qısa vaxtda xeyli tamaşaçı toplaya bilmişdi. Çoxları dünyada baş verən hadisələrin mahiyyətini bilmək üçün onun apardığı “Gündəm”ə baxırdı. Mən “baxırdı”nı keçmiş zamanda ona görə deyirəm ki, artıq bu veriliş dayandırılıb, çünki müdrikliyi, nüfuzu, hörməti artdıqca, istedadlı adamın qısqanclıqdan qarşısına kötük itələyənlərin də sayı artır. Amma bu kötük adamlar anlamırlar ki, Allahın sevdiyi bəndənin yolunu heç bir vəzifə sahibi kəsə bilməz, çünki Allah daim Qulu müəllimin başının üstündədir və bu, onun böyük xoşbəxtliyidir.
Onun bir xoşbəxtliyi də var: efirdə başqa, auditoriyada başqa, həyatda bambaşqa adam olmaqdan tamamən uzaqdır. Onun səmimiyyəti buna imkan vermir. Son dərəcə gözəl dillə, yapışıqlı, çəkici və valehedici tərzi ilə Qulu Məhərrəmli dinləyicini ovsunlaya bilir. Şekspir demişkən: “Gələcəyinizi bərbad etməməsi üçün, danışığınızı qaydaya salın.” O bunu bacarıb. Öz sehrli səsi, tamaşaçını cazibəsində saxlayan kişi hüsnü və natiqlik məharəti ilə.
Hə, onda daha mühüm bir keyfiyyət də var: o, elə şəxsiyyətdir ki, ən yaxın dostları belə, ona qeri-iradi “Qulu müəllim” – deyə müraciət edirlər. Elə mən də!
Azad QARADƏRƏLİ
Yazıçı-publisist