O, saray çevrilişinin olmayacağını dedi
"Türkiyənin iştirakı olmadan bir çox regional məsələnin həlli mümkün deyil"
Dekabrın 18-də Rusiya prezidenti Vladimir Putin ilin yekunlarına həsr olunmuş sayca onuncu böyük mətbuat konfransını keçirib. Moskvanın Beynəlxalq Ticarət Mərkəzində müxtəlif ölkələrdən olan min ikiyüzdən artıq jurnalist qarşısında sualları cavablandıran Putin ölkəsini hazırkı durumda ayı ilə müqayisə edib. Putin bununla Qərb ölkələrini hədəfə alıb: "Ayı bal və giləmeyvə yeməklə yaşayır. Amma ayını nə vaxtsa dinc qoyurlar? Yox. Ayını həmişə zəncirləmək, dişlərini və pəncələrini qopartmaq istəyəcəklər. Sonra isə dərisini soyub divardan asacaqlar. Bax, bizə də belə seçim təklif edirlər".
Rusiya prezidenti rublun sabitləşəcəyini bildirib. Ancaq Vladimir Putin iqtisadi böhranın iki il çəkəcəyilə bağlı xəbərdarlıqla çıxış edib.
Rusiya lideri rublun ucuzlaşmasını "xarici amillərlə" izah edərək deyib ki, Mərkəzi Bankın reaksiyası daha çevik ola bilərdi. Eyni zamanda o, Mərkəzi Bank və hökumətin atdığı addımların adekvat olduğunu deyib.
Vladimir Putin mətbuat konfransını ilin iqtisadi göstəricilərilə bağlı məlumatdan başlayaraq deyib ki, "maliyyə bazarlarında bəzi təlatümlərə baxmayaraq", Rusiya iqtisadiyyatında hər şey ümumilikdə qaydasındadır.
Prezident 2014-cü ildə büdcə artımının Ümumi Daxili Məhsulun 0,2 faizini təşkil etdiyini deyib.
Onun sözlərinə əsasən, Mərkəzi Bank rublu dəstəkləmək üçün valyuta müdaxilələri etməyəcək.
Mərkəzi bankın faiz dərəcəsini yüksəltmək qərarı Putinin fikrincə, düzgün addım idi və Rusiyada makroiqtisadiyyatın sabitləşməsində yönəlib. Bundan zərər çəkən sosial qruplara dövlət yardım edəcək. Kiçik biznes üçün kreditlər sərfəli faizlə verilir.
Putin deyib ki, Rusiyanın maliyyə çətinlikləri xarici amillərlə yaranıb. Bunlara neftin qiymətinin düşməsi də daxildir. Putin iqtisadiyyatı şaxələndirməyi düşünür.
Mətbuat konfransında aqressiv dildən istifadə edən Putin Moskva ilə Qərbin qarşıdurmasında ABŞ və Avropa Birliyini təcavüzkar, Ukraynanı isə bu ölkədəki münaqişənin günahkarı adlandırıb.
Putin: "Saakaşvili başladı…"
Rusiya prezidenti ilin son mətbuat konfransında Gürcüstanla hazırkı münasibətləri şərh edərkən onların indiki hala gəlməsində keçmiş rəhbərliyi tənqid edib.
"Mən Saakaşviliyə deyirdim: heç bir şərtlə hərbi hərəkətlərə başlamayın. Lakin o başladı", – Vladimir Putin deyib.
Onun sözlərinə görə Saakaşvili dünya boyu təqib edilərək vətənə qayıda bilmir. Lakin Rusiyanın buna "aidiyyəti yoxdur".
Eyni zamanda Vladimir Putin deyib ki, Gürcüstandakı münaqişələri həll etmək üçün Tbilisi qarşı tərəflə "siyasi dialoq"a başlamalıdır.
Rusiya lideri deyib ki, Gürcüstanla hazırda təmaslar, demək olar, yox səviyyəsindədir. Lakin Moskva Gürcüstanın istənilən nümayəndəsini görməyə hazırdır.
"Ukraynada nizamlı Rusiya qoşunları yoxdur"
Ukraynanın şərqindəki böhran mövzusuna toxunan Rusiya lideri deyib ki, "Donbas nümayəndələri" tərəflər arasında ayırıcı xəttin yaradılmasını nəzərdə tutan protokola imza atmayıblar.
Putin deyib ki, hazırkı mərhələdə tərəflər "hamını hamıya" prinsipi üzərində əsirlərin dəyişdirilməsini həyata keçirməlidirlər.
Rusiya qoşunlarının münaqişədə iştirakı barədə ukraynalı jurnalistin sualına cavab verən Vladimir Putin Ukraynada nizamlı Rusiya qoşunlarının olmadığını deyib.
O deyib ki, "könüllü və qəlbin çağırışı ilə" Donbasdakı döyüşlərdə iştirak edənlər "muzdlu deyillər və onlara pul ödənilmir".
Münaqişənin dinc yolla həllinə ümid etdiyini deyən Vladimir Putin Kiyev hökumətini Ukraynanın şərqində cəza əməliyyatı keçirməkdə suçlayıb.
"Kadırov çıxışında emosionallığa yol verdi"
Putin qalmaqallı jurnalist Kseniya Sobçakin Çeçenistanla bağlı sualını sərt qarşılayıb.
Rusiya prezidenti Çeçenistan lideri, Ramzan Kadırovun bir müddət əvvəl polis və hərbçiləri qətlə yetirən terrorçuların yaxınlarının məsuliyyətə cəlb olunması və ya ölkədən çıxarılması barədə ünvanlanan suala cavabında "Kadırov çıxışında emosionallığa yol verdi" deyib.
"Kadırovun terroristlərin Çeçenistanda yaşayan qohumlarına göstərdiyi münasibət başadüşüləndi. Belə olan halda başqa münasibəti gözləmək olmazdı. Heç kim məhkəmənin qərarı olmadan kimisə günahkar saya bilməz. Terror törədənlərin qohumları onların hərəkətindən həmişə xəbərdar olur. Mən bunu uzun illərin təcrübəsindən çıxış edərək deyirəm. Amma bu heç kimə, o cümlədən Çeçenistanın rəhbərliyinə icazə vermir ki, emosional açıqlamalar etsin. Onun bu sözləri səsləndirməyə haqqı yoxdu. Evləri yandıranlar, digər terror hadisələri törədənlər maskada olub. Bütün bu faktları aydınlaşdırmaq lazımdır ki, onlar kim olub", deyə Putin bildirib.
"ABŞ öz qüvvələrini Rusiyaya sərhədləri yaxınlığına çəkir"
"Soyuq müharibə" və Rusiya təyyarələrinin NATO ölkələri sərhədlərində uçuşlarının fəallaşması barədə suala cavab verən Vladimir Putin Qərbi tənqid edib.
O deyib ki, Rusiya getdikcə öz maraqlarını daha sərt müdafiə edir ki, bu da ABŞ-ın narazalığına səbəb olur.
Putin deyib ki, ABŞ mühüm hərbi sazişlərdən "birtərəfli qaydada" çıxaraq öz qüvvələrini Rusiyaya sərhədləri yaxınlığına çəkir.
Rusiya liderinin sözlərinə görə, dünya boyu hərbi bazalar saxlayan ABŞ-dan fərqli olaraq Rusiyanın xaricdə cəmi iki bazası var. "Siz isə deyirsiz ki, biz aqressiv siyasət keçiririk!", – Putin deyib.
"Ərdoğan cəsur bir şəxsiyyətdir"
Rusiya prezidenti Vladimir Putin Qərbi virtual "Berlin divarı" yaratmaqda ittiham edib. O, rusiyalılara söz verir ki, iqtisadiyyat bərpa olunacaq.
Rusiya prezidenti Vladimir Putin Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı da tərifləyib.
Kreml rəhbəri Ərdoğanın cəsur bir şəxsiyyət olduğunu deyib.
Putin Ərdoğana bəzi layihələri nümayişkaranə şəkildə elan etməməyi təklif etdiyini deyib. "Amma o möhkəm kişidir. O, düşündü və dedi ki, yox, danışacağıq".
V.Putin qeyd edib ki, Türkiyənin iştirakı olmadan bir çox regional məsələnin həlli mümkün deyil.
Rusiya lideri qeyd edib ki, indi avropalı bürokratların da Türkiyəyə getməyə başlaması maraqlıdır və görünür onlar Türkiyəni Rusiyaya qarşı sanksiyalara inandırmağa çalışıblar. "Amma Türkiyə müstəqil ölkədir. Bunun üçün də o belə təzyiqlərə qarşı mübarizə apara bilər. Rusiya ilə Türkiyənin ortaq maraqları çoxdur. Buna görə də iki ölkənin əməkdaşlığı fəal şəkildə inkişaf edəcək".
Putinə bir sıra maraqlı suallar da verilib. Məsələn, ondan "Rosneft" prezidenti Seçinin nə qədər maaş aldığını soruşublar. Cavabında Rusiya prezidenti nəinki Seçinin, heç öz maaşının da nə qədər olduğunu bilmədiyini deyib. "Sözün düzü, mən heç öz maaşımı da bilmirəm. Gətirirlər, yığıram, hesaba göndərirəm, hətta saymıram".
Rusiya prezidentinə bu dəfə də şəxsi həyatı ilə bağlı sual verilib. Voronejdən olan jurnalist prezidentin niyə subay olması ilə bağlı soruşub.
"Hər şey qaydasındadır. Narahat olmayın!", – prezident cavabında deyib.
"Mənim Avropadan olan dostum bir dəfə soruşdu: "Bura bax, sənin sevgilin var? Sən kimisə sevirsən?". Cavabımda "hə" dedim: Ondan da soruşdum: "Bəs sənin?". "Bəli, Allaha şükür",- deyib araq badəsini başına çəkdi. O, yəqin elə qərara gəlib ki, mən tamamilə vəhşiləşmişəm".
O deyib ki, iş arasında fasilələrdə uşaqları ilə bəzən görüşməyə imkan tapır. "Lyudmila Aleksandrovna ilə dost əlaqələrimiz var və biz müntəzəm görüşürük".
Mətbuat konfransında digər diqqət çəkən məqam isə Rusiya prezidentinə sual verən jurnalistlərdən birinin sərxoş olması olub. Əvvəlcə özünü Türkiyədən gələn jurnalist kimi təqdim edən şəxs sual vermək üçün ona şans veriləndə Kirovdan olduğunu bildirib. Putin "siz axı Türkiyədən deyilsiniz" dedikdə isə jurnalist "nə etmək olar, belə alındı" deyib və zaldakı digər jurnalistlərin də gülüşünüə səbəb olub. Daha sonra curnalist "siz bilirsiniz bizdə kvas hazırlayırlar. Çoxlu kavs… Yaxşı kvas" deyib. Putin isə "mən görürəm, siz artıq yellənirsiniz" deyə jurnalistə cavab verib.
Jurnalist mövcud iqtisadi durumda Vyatsk kvaslarını gözləyən böhrana toxunub və ticarət şəbəkəsində ancaq Koka-Kola, digər qazlı içkilərin satılmasından gileylənib. Putin Koka-Kola ilə müqayisədə Vyatsk kvaslarının faydasına arxayın olduğunu və yerli istahlakçılara yardım edəcəyinə vəd verib.
Diqqət çəkən digər sual son vaxtlar tez-tez söhbət açıldığı saray çevrilişi ilə bağlı olub. Bizdə saray çevrilişi ola bilərmi? sualına Putin "Bizdə saraylar yoxdur, müvafiq olaraq saray çevrilişləri də olmayacaq" cavabını verib.
Fizzə