İlkin Rüstəmzadənin karserə salınması ilə bağlı NİDA hərəkatı bəyanatla çıxış edib. Bəyanatda deyilir:
“Həbsdə olan üzvlərimizdən biri İlkin Rüstəmzadə noyabrın 25-də Kürdəxanı İstintaq Təcrisxanasında 1 həftəlik karserə salınıb. Karserə salınan gün İlkin Rüstəmzadənin Meydan TV-də İşçi Qrupla bağlı yazısı dərc olunmuşdu.
Əldə etdiyimiz məlumatlara görə yazı yayımlanan gün İlkin Rüstəmzadənin kamerası “şumon” edilib. Kamerasından başqa yazılar da tapılıb və türmə rəisi buna çox əsəbləşib. Bundan sonra İlkin Rüstəmzadəyə 1 həftəlik kars cəzası verilib.
Bu azmış kimi “şumon” vaxtı kameradan çörək doğramaq üçün istifadə edilən “bıçağı” (əslində götürülən alət qaşıq olub) qeyri-qanuni saxlanan kəsici alət kimi götürüb və aktlaşdıraraq təhqiqata göndəriblər. İlkin Rüstəmzadənin həbsdə də təzyiqlərə məruz qalması, karserə salınması, təhqiqat başlanması onun fikirləri, yazıları və hakimiyyətdəki şəxsləri sərt tənqid etməsi ilə bağlıdır.
Nida Vətəndaş Hərəkatı olaraq hakimiyyətdən qanunsuz yerə həbs olunan siyasi məhbusların dərhəl azadlığa buraxılmalarını və fikir azadlığına qarşı göstərdiyi düşmən münasibətindən əl çəkməsini tələb edirik!”.
***
NİDA Vətəndaş hərəkatının həbsdə olan üzvü İlkin Rüstəmzadə saxlandığı Kürdəxanı təcridxanasında cəzalandırılıb. Bu haqda AzadlıqRadiosuna məlumat verən vəkil Xalid Bağırov İlkin Rüstəmzadənin bir neçə gündür xüsusi kamerada saxlandığını bildirib:
“Noyabrın 27-si İlkinlə görüşdüm. Dörd gündür ki, karserdə saxlanır. Mediada “İnsan Hüquqları üzrə Birgə Qrup”un fəaliyyətini pisləyən yazı ilə çıxış edib. Bu yazıdan sonra onun qaldığı kamerada axtarış aparılıb. Çörək doğramaq üçün istifadə edilən bıçağı qeyri-qanuni saxlanan kəsici alət kimi qələmə verərək onu yeddi gün müddətinə karserə salıblar”.
İlkin Rüstəmzadə ötən ilin aprel 7-də “Nida”çı gənclərlə birgə həbs olunub. Gənclər əsasən kütləvi iğtişaşları təşkil etmə cəhdində təqsirli bilinirlər. İlkin Rüstəmzadəyə 8 il həbs cəzası verilib.