Saxlanmanın səbəblərinə və baş verənlərə aydınlıq gətirmək üçün Azadlıq Radiosu Turxan Kərimovdan müsahibə alıb. Müsahibəni təqdim edirik:
– Turxan, hadisə necə baş verdi?
– Səhər işə gedəndə 4 nəfər mülkigeyimli özlərini təqdim etmədən məni saxladı. Daha sonra «Hyundai» markalı avtomobilə oturmağımı istədilər. Onlardan kim olduqlarını soruşduqda, Nərimanov rayon 18-ci polis bölməsinin əməkdaşları olduqlarını bildirdilər. Avtomobilə əyləşdim. Onlar mənə vəsiqələrini də təqdim etdilər.
– Avtomobildə necə davrandılar?
– Normal. Məni tanıdıqlarını bildirdilər. Xüsusi bir söhbət baş vermədi. Dedilər yeni rəis gəlib, səninlə görüşmək istəyir. Telefonu avtomobildə söndürdülər. Sonra şöbəyə gətirdilər.
– Şöbədə kimin yanına apardılar?
– Şöbə rəisi özü qəbul etdi. Nə işlə məşğul olduğumu, harada yaşadığımı soruşdu, təhsilimlə maraqlandı. Mən də bütün sualları cavablandırdım. Mənə ehtiyatlı olmağı tapşırdılar. Bildirdilər ki, dövlətin iqtisadi gücü artır və bütün vətəndaşlar dövlətin yanında olmalıdırlar. Bir də soruşdu ki, polis haqqında nə yazıram? Bildirdim ki, elə bir şey yazmamışam, gedib yoxlaya bilərsiniz. Dedilər ki, hər şeyi bilirik, sadəcə, ehtiyatlı ol. Yarım saatlıq söhbətdən sonra buraxdılar.
– Şöbədə hər hansı təzyiq oldumu?
– Heç bir təzyiq olmadı, normal rəftar etdilər. Xüsusi bir sualın üzərində də durub nəyisə araşdırmağa çalışmadılar. Çox güman ki, saxlamaqla xəbərdarlıq etmək istəyirlər ki, polis hər şeyə nəzarət edir.
***
Turxan Kərimov sərbəst buraxılıb. Bu haqda Azadlıq Radiosuna özü məlumat verib. «Nərimanov rayonu 18-ci polis bölməsinə aparıldım. Soruşanda ki, niyə mülki geyimlilər gətiriblər? Cavab verdilər ki, bilməmişik. Sadəcə sorğu-sual etməyə gətirdiklərini bildiriblər. Həyat tərzimdən, ictimai-siyasi hadisələrdən suallar verdilər».
***
«Dostu maşını izləsə də, sürətinə yetişə bilməyib və izini itirib»
Azadlıq Radiosunun əməkdaşı Turxan Kərimovu cümə günü səhər saat 11-də işə gələrkən mülki geyimli şəxslər saxlayıb. Onu naməlum istiqamətdə aparıblar.
Bu haqda onun qardaşı Əziz Kərimov məlumat verib. «Hər səhər dostu ilə görüşüb işə gedir. Bu dəfə evdən çıxanda mülki geyimli şəxslər qardaşımı tutub qara rəngli maşına basıblar. Dostu maşını izləsə də, sürətinə yetişə bilməyib və izini itirib. Hara aparıldığını bilmirik».
Daxili İşlər Nazirliyindən bu haqda məlumatları olmadıqlarını bildiriblər.