Yazıçı Zümrüd Yağmur ölkədəki neqativ ictimai-siyasi hadisələrə susqun münasibət bəsləyən həmkarlarına sərt çağırışla müraciət edib. Onun facebook səhifəsində yazdığını təqdim edirik:
“Ey “mən siyasətə qarışmıram” deyən ədəbiyyat əhli! Düz də edirsiniz. Siyasi partiyaya üzv olmaq, hər hansı bir qrumun nizamnaməsini və qaydalarını qəbul etmək qələm əhlinə bir az ağır gələr.
Azadlıq ədəbiyyat adamı üçün əsas şərtdir. Amma o azadlıq ki, insan gercək anlamda ürəyinin səsinə və əlinə qətiyyən qandal vurmasın, kiməsə yarınıb özünü realizə etmək üçün özündən böyük saydığı, imtiyazlar sahibi bir yazarın yanında yer almasın. O azadlıq ki, haqlı olaraq tənqid etdiyin xalqın adını fundamentalist, terrorçu qoyub xaricə sığınmayasan, sadəcə gedəsən, şəstlə, azad şəkildə… Getməkdə qəbahət yoxdur, qəbahət ondadır ki, kimisə ləkələyəsən, yalandan özünə həqiqət uydurub gedəsən.
Amma hələlik bunları bir yana qoyaq…
Gəlin bu gün ölkədə baş verən eybəcərlik və ədalətsizliyə bir göz ataq. İnanın, bu baş verənlərə münasibət bildirmək üçün siyasətçi olmaq lazım deyil. Necə ki, Rüstəm İbrahimbəyov, Eldəniz Quliyev və Çingiz Hüseynov siyasətçi deyil. Heç Türkiyədə ölkədə baş verənlərə reaksiya verən Minə Kırıkqanad, Mehmet Altan da siyasətlə məşğul olmur. Rusiyada Putinin şər siyasətindən yazan Dmitri Bıkov da siyasətçi deyil. Sadəcə bir az cəsarət, bir az da vətəndaşlıq mövqeyi qoyurlar ortaya…
Məgər siz, “siyasətə qarışmıram” deyənlər, bu adamlardan və yazarlardan dahamı qlobal düşünürsünüz? Onlardan dahamı azad və daha istedadlısınız? Axı bu gün ölkədə baş verənlərə münasibət bildirmək üçün siyasətə qarışmaq lazım deyil, sadəcə öz vicdanını və qələmini susmağa məhkum etməmək gərəkdir.
Bir çoxlarınızı tanıyıram və inanmıram ki, siz ölkədə baş verənlərin mahiyyətini anlamırsınız, buna görə əzab çəkdiyinizi də deyə bilərəm hətta… Kimsə həbs olunanlardan birini dəstəkləməyə, hətta insan kimi onun mənəvi keyfiyyətlərini qəbullanmaya da bilər. Bu da təbiidir, elə mənim də bu gün həbs olunanlar arasında qəbul etmədiyim insanlar var. Hətta elələri var ki, özümə münasibətdə onlardan müsbət bir şey görməmişəm. Amma bir yazar məsələlərə bu qədər xırda və cəsarətsiz, susqunca yanaşa bilərmi?
Bu gün baş verənlər bizim şəxsi istək və ambisiyalarımızın üstündə olan hadisələrdir. Bu hadisələrə kimisə dəstəkləmək və ya dəstəkləməmək, hansı siyasi təşkilatı bəyənib-bəyənməmək kimi yanaşmaq olmaz. Bu siyasət məsələsi də deyil artıq, insanlıq və ədalət problemidir.
Bu gün məhbus kimi dəmir barmaqlıqlar arxasında olanlar təkcə siyasi mövqelərinə, dünyagörüşlərinə görə məhkum həyatı yaşamırlar, onlar haqla nahaqqın, yalanla saxtakarlığın davasının qurbanlarıdır həm də… Demək, bu, ədalətsizliklə ədalətin, yalanla həqiqətin savaşıdır. Amma siz susduqca, yalan və saxtakarlığın haqqın və dürüstlüyün məğlubiyyətinə yönəlmiş hiyləgərliyi daha da sürətlə irəliləyir.
Gələcəyimiz, düşüncəmizdəki ədalət , ürəyimizdəki haqq həbs olunur bu gün. Oğulu ataya gərə girov götürən bu zehniyyəti belə sükutla qəbul etməniz səmimi qələm əhlinin vicdanına nə qədər yaraşır? Hətta, “iqtidar daha dünyaya açıqdır” deyirsiniz. Amma izn verin sizə inanmayım, əziz həmkarlar! İnanmayım ki, siz iqtidarın daha demokratik və mütərrəqi olduğunu səmimi şəkildə deyirsiniz. Əgər belədirsə, dediklərinizə inanırsınızsa, onda demək ki, indiyə qədər yazdıqlarınız yalandır, o yazılarda səmimi deyilsiniz.
Bu gün siz “siyasətə qarışımamaqla” baş verən ədalətsizliyə, yalan, saxtakarlığa və haqsızlığa susursunuz əslində. Bu gün olanlara münasibət bildirməmək üçün “siyasətə qarışmıram” deyib, əslində bu sözlərin arxasında gizlənməyə çalışaraq özünüzə qlobal şəxsiyyət donu biçməyə çalışırsınız. Amma alınmır…
Axı bilirsiniz ki, cibinə narkotik maddə atılıb tutulan dindar narkoman deyil, kimisə döyməklə ittiham olunan adam cinayətkar deyil. Bilirsiniz bunu və susursunuzsa?!…
Təbii, beyni və düşüncəsini yaltaqlıq və qorxaqlığın işğal etdiyi, manqurtlaşdırdığı ədəbiyyat əhlindən söz getmir. Mən heç Anar, Elcin, Mövlud Süleymanlı və ya onların yanında yer alan, bu gün adına “gənc istedad”, “sözü saymıram” deyib əllaməliklə və öyrəndiyi bir-iki sözlə qeyri-adilik libasına bürünənlərdən danışmıram. Mən bu gün qələminə qıfıl vursa da, vurulsa da ürəyini hər şeyə rəğmən azad saxlaya bilən yazarlara səslənirəm. İstedad və qələminizi indi bir anlığa yazdığınız şeir, romandan ayırın və baş verənlərə qarşı yazın, deyin, səsiniz gəlsin. Qoyun Azərbaycanda qadınlar evinə qonaq gələndə hələ o qonağın üzünə də çıxmasın, hətta qoy Novruzəli də öz qutusunun yanında keşik çəksin. Bunları tənqid etmək hər zaman mümkündür və asandır bəlkə də. Bir az da əlinizi daha ağır daşın altına qoyun. Siyasətə qarışmadan, şəxslər üzərindən deyil, baş verənlərə münasibət bildirərək susmayın lütfən…
Tarixin hər dönəmində eynən bu günkü kimi susqun və dilsiz olan ədəbiyyatımızın üzünü indiki zamanın da sınağından qara çıxarmayaq. İndi ölkədə həbs olunanlar nümunə yaradır, ədəbiyyatımız da nümunə yaratsın. Necə ki, bu gün Rafiq Daşdamirli oğluna görə sövdələşməyə getmədi, necə ki, İlkin Rüstəmzadə həbsxanadan onu həbs edənlərə meydan oxuyur, necə ki, Tofiq Yaqublu həbsxanada ola-ola susmur, biz də susmayaq.
Bilirəm, əziz həmkarlarım, indi çoxunuz əsirlikdəsiniz, hakimiyyətin yaratdığı, yuxarı maaş verib sizi jurnalist, redaktor yerinə işlətdiyi saytlarda girovsunuz. O işlədiyiniz saytlarda gördüyünüz işi jurnalist də görə bilər, amma sizi dəvət edirlər. Niyə, çünki qələminiz və vicdanınızı belə satın alırlar. Bəlkə çoxunuz o saytların qapısından içəri girəndə girov götürüldüyünüz günə lənət oxuyursunuz. Amma hər şeyə rəğmən “siyasətə qarışmamalqla”, heç bir məmura yaltaqlanmamaqla özünüzü azad elan edib sığortalaya bilməzsiniz axı… Bəlkə vicdanınızı kimsəyə yaltaqlanmamaqla, kimsənin əlini öpməməklə sakitləşdirirsiniz? Bu sizin susmanıza bəraət ola bilərmi?
Bir düşünün…
Bu gün qələminiz və səsinizi satın alanlar sabah sizdən donos yazmağı, bir-birinizi satmağı tələb etsələr də heç nə demədən, bu günün sakitliyi və səbri ilə donos yazıb satqınlıq edəcəksiniz? Bu gün heç bir ideologiyası olmayan bir hakimiyyətlə üzbəüzük, sabah hər hansı bir qurama ideologiyanı cəmiyyətə sırımaq istəyəndə sizin qələminiz və istedadınızdan istifadə etməyə qalxsalar, yenəmi heç birinizdən səs çıxmayacaq?
Bəlkə Süleyman Rüstəmlə eyni sırada durmaq niyyətindəsiniz?!
Axı seçiminiz var. Nümunələr də qarşınızda…
Niyə Hüseyn Cavid yox, Məmməd Rahim olmağı seçirsiniz?”.