Bir zamanlar o tayla bu tayı ayıran Araz çayına hansı dərdimizi yükləmədik? Hansı ağrı-acımızı tökmədik onun üstünə? Nə qədər göz yaşımızı axıdıb suyunu bulandırdıq. Guya aradakı tikanlı məftilləri Araz çəkmişdi, o bağlamışdı uzun illərdən bəri üstü ot basmış, uçulub-tökülmüş körpülərin yolunu. Gün gəldi, günahkar saydığımız o dilsiz-ağızsız çayın üstündən qırıb-tökdük tikanlı məftilləri, qapalı yolları açdıq. Bu, ikiyə bölünmüş bir xalqın tarixində ən böyük gün sayıla bilərdi. Bizim üçün, bəlkə də, Berlin divarının yıxılmasına bənzər bir gün. Ən xoşbəxt gün! Amma zaman keçdi, yaxınlaşdıqca dərdimizin üstünə dərd qalandı, o taylı-bu taylı dərdlərimiz daha ağır yük oldu qəlbimizə. Orda yanan canlardan burdakıların qəlbinə atəş düşdü, burda yananlardan ordakıların qəlbinə. Taleyimiz heç dəyişməyibmiş ki…
Arazın o tayındakı parçamıza ən yaxın yurd yerimiz Naxçıvandır. Və nə yazıq ki, bu gün oradakı insanlarımızın durumu başqa bir dövlətin əsarətində olan soydaşlarımızın durumundan daha acınacaqlıdır. Illərdir bu məkanda elə bir sərt idarəçilik sistemi qurulub ki, imkanı olan başını alıb gücü çatdıqca qaçmaq istəyir uzaqlara. Çünki orada baş verən qanunsuzluqlar, haqsızlıqlar və repressiyalar üçün kimsə cəzalandırılmır. Dəhşətli hadisələr baş verir, insanlar oğurlanır, işgəncəyə məruz qalır, həbsə atılır, lakin baş verən bütün bu özbaşınalıqlara görə kimsə məsuliyyət daşımır. Kiməsə “gözün üstə qaşın var” deyən olmur. Elə dərəbəyliyin, mənəmliyin və saymazlığın baş alıb getməsinə də bu, əsas verir.
Məlumdur, həmin ağılalmaz idarəçilik və özbaşınalıq üzündən orada müxalif fikirli insanların sayı xeyli azalıb. Həmin insanların üzləşdiyi zorakılıq hadisələrini də vaxtaşırı izləyirik. Ötən həftə belə insanlardan biri olan AXCP fəalıÿHicran Qasımovu şərləyib həbs etdilər. Onun ədalətsiz həbsi bir yana qalsın, yeri, saxlanma şəraiti, həbs səbəbi haqqında da əsaslı məlumat vermək istəmirlər. Bütün bunlardan narahatlıq keçirən ailə üzvləri Naxçıvan MR DIN-ə gediblər. Orada baş verən rəzaləti də artıq mətbuatdan oxumusunuz hər halda. Hicran bəyin 70 yaşlı anası Rəhilə xanımı və həyat yoldaşı Səadət xanımı həbs edərək polis şöbəsinə aparıb, gecəyə kimi orada saxlayıblar. Səbəb də bu olub ki, Səadət xanım həyat yoldaşı ilə görüşməkdə israr edib. Çünki ailənin ona işgəncə verilməsi ilə bağlı böyük şübhələri var…
Biz illər öncə o taylı soydaşlarımızın başına belə müsibətlər gətirildiyini eşidib sarsılırdıq. Daha indi baş verən dəhşətli hadisələrin miqyasına görə heç fərqlənmirik. Son illər Arazın bu tayında – Naxçıvanda baş verənlər o tayda baş verənlərdən daha acınacaqlı şəkil alıb. Guya burada Məlahət Nəsibovanın və yoldaşının başına gətirilənlər oradakı hüquq müdafiəçisi Məryəm Sadat Yəhyəvinin başına açılanlardan yumşaqdır? Yoxsa burada şərlənən müxalif fikirli insanlara qarşı aparılan repressiyalar orada siyasi lətifələrə görə həbs olunan soydaşlarımızın başına gətirilənlərdən daha qanunidir? Ya bəlkə bu tayda illərdir qapını mətbuatın və hüquq müdafiəçilərinin üzünə bağlayıb, qadağan zona elan edilməsi o taydakı rejimin qaydalarından betərdir?
Heç böyük fərq yoxdur. O taylı-bu taylı eyni bəlaların içindəyik. O zamanlar Arazı günahkar tutub, dərdimizi onun üstünə tökürdük. Indi üz-üzdən utanır, günahı özümüzdə aramağa məhkumuq. Çünki nə olur-olsun, haqsızlığın, qanunsuzluğun, zorakılığın bu yerə gəlib çıxmasında bizim də günah payımız var…