Indiki hökumət sürətli valyuta itkisinə nə qədər duruş gətirə bilər
Vəfa Quluzadə: «Hesablamalara görə, neftin qiymətini hələ beş il müddətində də aşağı səviyyədə saxlamaq mümkün olacaq»
Rusiyaya qarşı sanksiyalar artıq öz bəhrəsini verməkdədir. Ölkədə rublun məzənnəsi ilə bağlı yaşananlar, neftin qiyməti Rusiya iqtisadiyyatının tənənzülünü sürətləndirməkdədir. “Rusiya iqtisadiyyatı sanksiyalara görə ildə 40 milyard dollaradək itki verir”. Bunu Rusiyanın maliyyə naziri Anton Siluanov deyib. Nazir neftin ucuzlaşması nəticəsində itkilərin 100 mlrd dollara çata biləcəyini bildirib.
Anton Siluanovun dəyərləndirməsinə əsasən neftin 30 faizədək ucuzlaşması 90-100 milyard dollar həcmində itkilərə səbəb ola bilər.
Nazir ölkəyə kapital axınının azaldığını da qeyd edib. Onun sözlərinə görə, 2014-cü ildə Rusiyadan kapital axını 130 mlrd dollar təşkil edib.
Nazir bildirib ki, ilin əvvəlindən neftin 30 faiz ucuzlaşması ilə yanaşı rubl da 30 faiz zəifləyib. Onun sözlərinə görə, rublun bundaan sonrakı məzənnəsi də neftin qiymətindən asılı olacaq.
Beləliklə, artıq Rusiya rəhbərliyi səviyyəsində dövlətin iri itkilər verməsi etiraf olunur. Bəs bu proses davam edəcəyi təqdirdə Rusiyanı nə gözləyir? Bəzi rəsmi məlumatlara görə, Rusiyanın valyuta ehtiyatı 300 milyarddan bir qədər artıqdır. Rusiyanın hazırkı itkiləri isə onu deməyə əsas verir ki, Kreml Qərbin sanksiyalarına uzun müddət dözə bilməz. Ehtiyatların bu sürətlə tükənməsi Rusiyanı ciddi sınaqlar qarşısında qoyur.
Politoloq Vəfa Quluzadə bildirdi ki, mütəxəsislərin hesablamalarına görə, neftin qiymətini hələ beş il müddətində də aşağı səviyyədə saxlamaq mümkün olacaq. ABŞ-ın neftlə bağlı bu cür addımlar atacağı təqdirdə bunun mümkün olduğunu deyən V.Quluzadə bildirdi ki, neftin qiyməti 50, hətta ondan da aşağı düşə bilər: “Rusiyanın neftdən asılılığı hamıya məlumdur. Ona görə Rusiya bir müddət sonra situasiyadan çıxış yolları axtaracaqdır. Çünki Rusiyanın Qərbin sanksiyalarına qarşı uzunmüddətli dirəniş göstərməsinə imkan yoxdur. Rusiya siyasətini dəyişməyənə qədər bu sanksiyalarla üzləşəcəkdir. Rusiyanın vaxtilə yığdığı neft pulları əriməkdədir”.
Rusiyanın 2020-ci ilə qədər ordusunu yeni silahlarla təchiz etmək istədiyini deyən V.Quluzadə vurğuladı ki, Rusiya bir müddət sonra ABŞ-la danışıqlara getməyə məcbur olacaq. Ukrayna böhranının hələ bir müddət də davam edəcəyini söyləyən V.Quluzadə qeyd etdi ki, Rusiya Qərbi hərbi güclə qorxutmağa çalışsa da, səyləri nəticə verməyəcək. Çünki Qərb Rusiyanın potensialını gözəl bilir.
Xəyal