Siyavuş Novruzov bu gün baş verənləri niyə görmək istəmir?
Bəzən YAP təmsilçilərindən elə sözlər, elə ifadələr eşidirsən ki, donub yerində qalırsan. Fikirləşirsən ki, bu adam ya peşəkar aktyordu, ya da mövcud reallığı görməmək üçün and içib. Belə “fenomen”lərdən biri də YAP icra katibinin müavini Siyavuş Novruzovdu.
Siyavuş Novruzov “Yeni Azərbaycan” qəzetinə müsahibə verib və 22 yaşlı YAP-la bağlı xatirələrini bölüşüb. Həmişəki kimi YAP-ın zərurətdən yarandığını, xalqın bu partiyaya sonsuz sevgisini, Heydər Əliyevin insanlara qayğısını geniş təsvir edib.
Daha sonra YAP-çı deputata deyir: O dövrdə bizə təzyiqlər var idi, özü də çox idi. O vaxt yaş senzi ilə bağlı mitinqlərə başlanılanda, mən və Ziyafət Əsgərov bir yerdə Azərbaycan Milli Elmlər Akademiyasının “Aspirantlar yataqxanasında” yaşayırdıq. O vaxt mitinqlərdə plakat, şüarlar və digər ləvazimatları gəzdirən şəxslərin hamısı izlənilirdi. Hətta, o vaxtı biz 3 dəfə avtobus, 2 dəfə metro dəyişirdik ki, harada yaşadığımız bilinməsin. Bizə qarşı hücumlar və təzyiqlər olurdu. O vaxt Ayaz Mütəllibovun avtomatlı dəstəsi bir neçə dəfə gəlib otağımızı və plakatları dağıtdılar, bizə də hücum çəkdilər. Həmin silahlı dəstənin üzvləri Bakının ayrı-ayrı kəndlərindən yığılmışdı. Həmin dəstə silah çəkib mitinqi də dağıdırdı. Ayrı-ayrı partiya funksionerlərinə qarşı telefon zəngləri və hədələri var idi. Bu cür hadisələr regionlarda da baş verirdi. Partiya tərəfdarlarına qarşı ciddi təzyiqlər var idi.
O zaman Ilham Əliyev Moskvadan Bakıya qayıtmışdı. Ancaq bütün yolları bağlamışdılar ki, Ilham Əliyev Naxçıvana gedə bilməsin. Hava limanına gedən yolda ən azı 10 yerdə postlar qurulmuşdu ki, bizi saxlayıb həbs etsinlər. O vaxtkı hakimiyyət o qədər ədalətsiz idi ki, hətta övladın atası ilə görüşməsinə belə qadağa qoyurdu. Yəni bu cür insanlığa zidd və ədalətsiz hərəkətlər idi”.
Siyavuş Novruzovun fikirlərini oxudunuzmu? Adamların həbs edilməsi, plakatların cırılması, mitinqlərin dağıdılması, atanın baladan ayrı salınması kimi məqamlar, Siyavuş Novruzovun yaddaşında qeyri-insani hərəkət kimi qalıb.
Indi bu adama nə deyəsən? Bu adama nəyi xatırladasan?
Bütün bunlar qeyri-insani və ədalətsizlikdirsə, niyə 21 ildir bu siyasət YAP hakimiyyətinin ana xəttini təşkil edir?
Adamları mitinqə getdiyinə görə nəinki həbs edirlər, yaxınlarını işdən çıxarırlar, cibinə narkotik atırlar, evində silah atırlar.
Görəsən, həmin dövrdə hansısa YAP-çının ailə üzvünü şərləyiblərmi, Siyavuş Novruzovun cibindən narkotik çıxıbmı? Yaxud Siyavuş Novruzovun liderlərinin tikilmiş cibindən qumabara tapılıbmı?
Siyavuş Novruzov deyir ki, həbs olunmamaq üçün 2 metro, 3 avtobus dəyişirdik. Hazırkı şəraitdə isə avtobus, metro dəyişmək də işə yaramır. Sahə müvəkkili səndən qabaq evə gedib, səni gözləyir. Sonra da “polisə müqavimət” adı ilə həbs olunursan.
Atanı baladan ayrı salmağa gəlincə, bu həqiqətən də ədalətsizlik, şərəfsizlikdir. YAP hakimiyyəti isə 21 ildir bu “ssenari”ni normaya çevirib. Gültəkin Hacıbəylini 9 yaşlı övladı ilə təhdid edib, məhkəmələrə salmadılarmı? Əli Kərimlinin xəstə qayınını heç bir əsas olmadan həbs etmədilərmi? Təzəxan Mirələmlinin oğlunu çirkin siyasətlərinə qurban edib, qatilə çevirmədilərmi? Son olaraq AXCP Təşkilat Komitəsinin sədri Rafiq Daşdəmirlinin oğlunu narkotik ittihamı ilə həbs etmədilərmi?
Pərviz Həşimlini şərləyərək 5 yaşlı qızından ayrı salmadılarmı?
Bütün bunlar, Siyavuş Novruzovun təmsil olunduğu YAP hakimiyyətinin siyasətidir.
Siyavuş Novruzovun yaddaşını zorlayıb keçmişə ekskurs etməsinə ehtiyac yoxdur. Bugün YAP hakimiyyəti həmin qeyri-insani hərəkətləri gündəmə çevirib.
AXC-Müsavat dövründə üzəduranlar vasitəsilə vicdanlı adamları şərləmirdilər. AXC-Müsavat dövründə hüquq müdafiəçilərinə “ermənipərəst”, “vətən xaini” adı qoyub, zindana atmırdılar. AXC-Müsavat hakimiyyəti dövründə qadına işgəncə verib, partiya sədrinə qarşı izahat almaq praktikası yox idi.
AXC-Müsavat hakimiyyəti zamanı digər partiyaların qərargahını partlatmırdılar. Cənab Novruzov, mübarizənin bütün iyrənc formalarını bu ölkəyə sizin hakimiyyətiniz gətirib.
Adamların izlənməsinə gəlincə, insanların yataq otağına kamera yerləşdirmək, adamların intim həyatını lentə almaq, insanları şəxsi həyatı ilə şantaj etmək də YAP hakimiyyətinin “ixtira”sıdır.
Görünür, Siyavuş Novruzov keçmişə şər atmaqla, bugünün çirkabına bəzək vurmaq istəyir. Amma bütün bunlar yaxın tarixdi və hansı hakimiyyətin necə olduğu hamının xatirindədir.
Sadəcə olaraq Siyavuş Novruzov bugün baş verənləri, dünənə daşımaqla məşğuldu. O da bilir ki, bugün müxalifətə qarşı aparılan mübarizə qeyri-insani və ədalətsizdir.
Bugün həbsxanada olan 100-dən artıq siyasi məhbus AXC hakimiyyətinin deyil, YAP hakimiyyətinin girovudur.
Cənab Novruzov, sizin dedikləriniz “ağ yalan” deyil, ağın hələ kəşf edilməmiş çalarının yalanıdır.
Akif