Orxan Valehli
Yanlış anlamayın, mənim pərdə və tül mərkəzlərindən yazmaq fikrim yoxdur. Hakimiyyətin və hakimiyyətə çalışan yerli TV-lərin gözümüzdən asdığı pərdələrdən yazacağam.
Deməli belə: Hər gün soyadını daşıdığım, ayaqları tutulmuş babamla söhbət etməyə gedirdim. Hər dəfə də söhbət dönüb-dolaşıb siyasətdə dayanırdı. Hər zamankı kimi, bu dəfə də hakimiyyətin xalqa laqeydliyindən danışdım. Babam dözməyərək dilləndi: “Heç səndə insaf yoxdur?”. Bu reaksiya məni çox təəcübləndirdi. Dərhal niyəsini soruşdum. Cavab bu cür oldu: “Sənin xalqa qarşı laqeydlikdə ittiham etdiyin prezident səndən az əvvəl AzTV-də çıxış etdi və bir yumurta nədir ki, onun qiymətinin artımına bu qədər sərt reaksiya Verdi?! Qiyməti süni şəkildə qaldıranları cəzalandıracağını dedi. İndi sən özün fikirləş, adi bir yumurtanın qiymətinin artırılmasına qarşı olan bir prezidentin hansı laqeydliyindən danışmaq olar? Bu insafa sığırmı? Hələ mən onun icra başçılarını necə tənqid etdiyini demirəm. Öz doğum gününü Ağcabədi rayonunda sadə camaatın arasında qeyd etməyini demirəm…”.
O bu sözləri deyərkən, mən düşüncəmdə özüm özümü günahlandırırdım. Cavabım isə ani susqunluq oldu. “Günah məndədir” dedim. Elə bildi ki, mən səhv fikirdə olduğumu anlayıb, geri çəkilmək qərarına gəlmişəm. Amma mənim özümü günahlandırma səbəbim, ona hər gün “Azadlıq” qəzeti gətirməməyim idi. Mən məlumatları qəzetin internet saytından oxuduğumdan, qəzet almağa ehtiyac duymurdum. Qəzetin bir az köhnə sayı da olsa, tapıb babama verdim. O məndən onun üçün oxumağımı istədi. Mən də böyük məmnuniyyətlə oxudum. Və təsadüfə baxın ki, qəzetin həmin sayında babamın xalqa qarşı laqeydlikdə günahlandırılmasına etiraz etdiyi prezidentin aldığı bahalı saat barədə məlumat var idi. Eyni zamanda, yenidən qalxmış benzin qiyməti barədə yazılmışdı. Mənim qəzeti sona qədər oxumaq imkanım olmadı. Çünki babamın əsəbləri dözmədi. O mənə bir daha AzTV-yə baxmayacağına söz verdi. Məndən də söz verməmi istədi ki, hər gün ona yeni qəzet gətirim. Təbii ki, mən də razılaşdım.
Babamın fikirləri çox qarışıq idi. Mən isə, çox xoşbəxt idim. Çünki hər an ölümlə üz-üzə olan xəstə bir insanın gözlərinin açılıb haqqı görməsinə vəsilə olmuşdum. Doğrudur, bu gündən sonra o mübarizə apara bilməz. Amma mübarizə etməyə də bilməz. İndi onun əsl mübarizəsi mənə mane olmaq deyil, bu yolda dəstək olmaqdır.
Bax, əsl gözdən pərdə asmaq bu cür olur. Doğrudur, buna həmişəlik nail ola bilməsələr də, öz çirkin siyasətlərini yürütdükləri dövrdə nail olmağı bacarırlar. İndi həqiqətləri tirajlayan qəzetlər çox azdır. Bəzən öz həyatları bahasına da olsa, bu cür gözdən pərdə asanların işinə mane olan bütün qəzetlərin ayaqda qalması üçün çalışan, vuruşan insanlara təşəkkür edirəm. Bu təşəkkür tək mənim deyil, həm də qoca babamın adındandır. Nə qədər ki, belə qəzetlər var olacaq, bizlər yanlış düşüncədən, yanlış yanaşma tərzindən qurtulacağıq.