Eldəniz Quliyev
Bizim “şanlı” hüquq – mühafizə orqanlarında “şərəflə” çalışan bəzi “ləyaqətli” və “qeyrətli” məmurlar BİRMÖVZULU adlı qorxunc bir mərəzə düçar olublar.
AXCP funksioneri hörmətli Rafiq Daşdəmirlinin oğlunun şərlənib həbs edilməsindən sonra, artıq tam əmin oldum ki, BİRMÖVZULU xəstəlik polis orqanları içərisində çox sürətlə, az qala lap, dedi-qodu sürətilə yayılmaqdadır!.. Adətən bu mərəz ağır, (bəzən hətta, sağalmaz) ruhi xəstələrdə tə…zahür edir:”Mən Napaleonam!”, ” Mən qazan qapağıyam!” , “Mən məstan pişiyəm!” və sair bu kimi sərsəm iddialar səsləndirib, öz dediyinə inanmaq, bu mövzudan kənar başqa heç nəyi qəbul etməmək, habelə bunu usanmadan günlərlə, aylar, illərlə təkrar etmək!…Əlbəttə, bu, həmin insanların psixikasında ciddi pozuntular olmasından xəbər verir. Səhv etmirəmsə, belə sapıntılar psixatriya elmində şizofreniyanın ağır formalarından biri sayılır.
Nə isə, sözümün canı budur ki, bəzi yüksək çinli polis məmurları ( müvaffiq olaraq, onların tabeçiliyindəkilər), məhz bu mərəzə yoluxduqlarına görə, öz fərqli siyası baxışları olan, yaltaqlıq-tulalıq etməyən,yalandan, saxtakarlıqdan uzaq durub haqq-ədalət tələb edən insanların hamısını “optovoy” şəkildə potensial narkotik istifadəçisi kimi görürlər.
Görür və “Mən narkotik tapanam!” deyə, bunu dönə-dönə təkrar edirlər. Ən dəhşətlisi budur ki, tapırlar da! Özü də – olmayan yerdə(?!) Əsl dəli yığıncağıdır, vallah. Şizofreniyanın simptomları isə göz qabağındadır!.. Deyirlər, Allah adamı öldürmək istəyəndə əvvəl onun ağlını əlindən alır. Bu məsəl yəqin ki, başını itirmiş hakimiyyətlərə də aiddir!..
“Allah şəfa versin!” deməkdən savayı əlimizdən nə gəlir ki?!