Yazıçı-publisist Rafiq Tağıya sui-qəsddən 3 il ötür
Tağıyev Rafiq Nəzir oğlu 1950-ci il avqustun 5-də Masallı rayonunda anadan olub. Azərbaycan Dövlət Tibb Institutunun müalicə-profilaktika fakültəsini, Moskva Tibb Institutunun daxili xəstəliklər üzrə klinik ordinaturasını bitirib. Terapevt-kardioloq, kardioloq-reanimatoloq olub. 2006-cı ilin noyabrında “Sənət qəzeti”ndə çap etdirdiyi “Avropa və biz” məqaləsinə görə tutulub və 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, Cinayət Məcəlləsinin 283-cü maddəsi (milli, irqi və dini ədavətin qızışdırılması) ilə təqsirli bilinib. 2007-ci il dekabrın 28-də ölkə prezidentinin imzaladığı əfv fərmanı ilə azadlığa buraxılıb.
Rafiq Tağı 2011-ci il noyabrın 19-u axşam Bakıda, işdən qayıdarkən evinin yaxınlığında bıçaqlanıb. Naməlum şəxs ona bir neçə bıçaq zərbəsi vurub. Yaralı vəziyyətdə özünü evə çatdıran Rafiq Tağı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Xəstəxanada o, əməliyyat olunub. Lakin noyabrın 23-də Rafiq Tağı Bakının 1 saylı xəstəxanasında keçinib.
Rafiq Tağı ilk gənclik illərindən bədii yaradıcılıqla məşğul olub. Ölkənin ən tanınmış yazıçılarından və publisistlərindən biri idi.
Rafiq Tağının iki övladı – bir oğlu, bir qızı var.
Indiyədək Rafiq Tağının ölümünə görə məsuliyyətə cəlb edilən olmayıb. Cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Işlər üzrə Istintaq Idarəsinin icraatındadır.
“Media forum” saytı Rafiq Tağının həyat yoldaşı Mailə Tağıyevanın son üç ildəki açıqlamalarından parçaları təqdim edir:
30 noyabr 2011-ci il:
– Rafiqin adətiydi, işdən çıxanda Qəmərə zəng eləyirdi ki, anana de, süfrəni hazırlasın, gəlirəm. Gələn kimi də onu qucaqlayıb öpər, qız da atasının boynuna sarılardı. Amma o gün eləcə “Çatıram, qapını aç” deyib Qəmərə, içəri girəndə də görüşməyib, “Qızım, o biri otağa keç” deyib.
Mətbəxdə dovğa bişirirdim – Rafiqin ən çox sevdiyi yeməklərdən biridir…
Çağırıb dedi ki, məni bıçaqlayıblar. Tez yanına qaçdım. Əvvəl heç nə görmədim. Paltosunun yaxasını tutub girmişdi içəri, Qəmər yaralarını görüb qorxmasın deyə. Elə ki, əlini götürdü…
Sakitcə durmuşdu, eləcə deyirdi ki, özünüzü itirməyin. Qəmər də yanımıza gəldi və atasını o vəziyyətdə görüb qışqırdı. Rafiq tez dedi ki, “Qorxma, qızım, ölməyəcəm, ata canı, ölməyəcəm…”
Danışdı ki, avtobusdan düşüb evə sarı gələndə yaxınlıqdan keçən dəmir yolu xəttinə altı-yeddi addım qalmış arxadan kiminsə qaça-qaça ona yaxınlaşdığını hiss eləyib. Əvvəl oğru bilib onu, fikirləşib əlindəki çantanı almaq istəyir. Amma o, arxadan Rafiqin üstünə atılıb, birinci zərbəni boynundan, şah damarına yaxın yerdən vurub, sonra da bir neçə dəfə kürəyindən, başqa yerlərindən. Rafiq deyirdi ki, qatil çox həyəcanlıymış…
7-8 bıçaq yarası vardı bədənində, amma heç ah-uf eləmirdi. Bircə arxa qabırğalarının üstünədəki yaraya dəyəndə “Yavaş, ağrıdır” dedi. Alnına soyuq tər gəlmişdi, rəngi ağarmışdı. Uzandırdım ki, beyninə qan getsin. Bir az özünə gəldi, telefonunu istədi. Iş yerinə zəng eləyib dedi ki, səhər işə gələ bilməyəcəm.
Tez təcili yardıma zəng vurdum. Qəmər də Ilqar əmisinə zəng elədi. O, Yasamaldan bura (Xətai rayonu – red.) təcili yardımdan tez gəlib çatdı. Gələn həkim “Ünvanı tapa bilmirdik” dedi. Heç xərək də gətirməmişdilər yuxarı, halbuki beşinci mərtəbədən yaralı xəstəni aparmağa gəlmişdilər. Üstəlik, o gün liftimiz də işləmirdi. Özümü itirmiş halda həkimlərin üstünə qışqırdım ki, tez olun, bir şey eləyin. Rafiq yenə sakitiydi, onlara təkcə bunu dedi ki, məni xəstəxanaya çatdırın.
Allah kömək olsun qonşularımıza, aşağıdan xərək gətirməyə vaxt itməsin deyə köməkləşib Rafiqi özləri düşürdülər. Maşında həkimlər qoluna sistem qoşub xəstəxanaya apardılar. Qardaşları, bir də oğlumuz Asiman getdi onlarla, qayınlarım məni getməyə qoymadılar…
***
– Mənə qalsa, heç vaxt öz ölkəmdən getmərəm, yəqin ki, getməyəcəm də. Sonra deyərlər ki, qorxub qaçdılar. Hələ 5 il əvvəl – Rafiq həbsdən çıxanda da xaricdən xeyli müraciət gəldi ki, köçüb burdan gedək. Onda da Rafiq razı olmadı, dedi heç vaxt vətənimdən getmərəm, ölsəm də elə burda öləcəm. Elə də oldu…
***
– O, yalançı mollalara, mövhumata, fanatizmə qarşıydı. Rafiq Allaha inandığını deyirdi. Nəyə görə onu anlaya bilmədilər, başa düşmürəm…
***
– Rafiqi yazılarına görə, sifarişlə öldürüblər. Onun heç bir şəxsi düşməni yox idi. Rafiq özü də dedi bunu jurnalistlərə.
***
– Rafiq rəhmətə gedəndə oğlumuz Asiman yanında olub. Indi çox fikir eləyir, şəkillərinə baxıb ağlayır. Bizim yanımızda özünü tox tutsa da, için-için çəkir dərdini, yatağına uzanıb ağlayır ki, görməyək. O gün Qəmər xəstələnmişdi, onu qucaqlayıb dedi ki, bacı, xəstələnmə, daha atam yoxdur səni sağaltmağa. Rafiq uşaqları çox istəyirdi…
***
– Bu qətlin üstünün açılacağına həm ümidliyəm, həm də ümidsiz. Ona görə ümidliyəm ki, bizim düşmənimiz yoxdur, Rafiqi nəyə görə öldürdükləri də bəllidir. Ümidsizliyimi isə indiyə qədər ölkədə baş vermiş siyasi qətllərin üstünün açılmaması yaradır. Eşitdik ki, prezident bu məsələni nəzarət altına alıb. Bizim tələbimiz qatilin tapılmasıdır. Bilək ki, kimdir bunu törədən. Çox ehtimal var, çox şey danışırlar, qoy qatil tapılsın, biz də düşmənimizin kim olduğunu bilək. Gözləyirik…
***
20 fevral 2012-ci il (prezident Ilham Əliyevə müraciətdən):
– Qətlə yetirilmiş yazıçı-publisist Rafiq Tağının ailəsi olaraq Rafiq Tağının qətlinin təşkilatçılarının və qatilin bu günə qədər tapılmamasından çox narahatıq. Xüsusilə istintaqın qeyri-obyektiv aparılması, bizim hüquqlarımızın pozulması qətlin təşkilatçılarının və qatilin tapılmamasına münbit şərait yaradır. Istintaq orqanı istintaq aparmaqla yox, bizim hüquqlarımızı kobud şəkildə pozmaqla məşğuldur. Vəsatətlərimizin heç biri qəbul edilmir.
Istintaq qeyri-obyektiv aparıldığına görə heç bir nəticə vermir. Hesab edirik ki, Rafiq Tağının bıçaqlanması və xəstəxanada öldürülməsi arasında sıx əlaqə var və bu, vahid niyyəti – Rafiq Tağının öldürülməsini əhatə edib.
Xahiş edirik ki, cinayət işinin istintaqını nəzarətdə saxlayasınız və bizim hüquqlarımızın pozulmasının qarşısının alınmasına, qatilin və onun sifarişçilərinin tezliklə qəti şəkildə müəyyən edilməsinə göstəriş verəsiniz.
27 iyun 2012-ci il:
– Hər şey çox çətin oldu. Çox dostu bizi çox məyus elədi. Bizi axtaran olmadı. Qonşular və qohumlar bizə dəstək oldular… Müstəntiqi, biz axtarmasaq, qəti bizə məlumat vermir. Gərək özümüz ardıcıl olaraq əlaqə saxlayaq ki, nəsə məlumat alaq. Hamımız qatilin tapılmağını gözləyirik. 7 ay keçib. Necə olur ki, bu qədər müddətə qatil tapılmasın? Bizə deyirlər ki, qatil iz buraxmayıb. Bu necə ola bilər, anlamıram.
***
– Baş prokurora belə bir sual verdim ki, niyə məhz Rafiq Tağı qurban oldu? O bildirdi ki, bizim Rafiq bəyə hörmətimiz var, bu işi edənlər xüsusi olaraq onu seçiblər ki, “Avroviziya” mahnı müsabiqəsi ərəfəsində ara qarışsın.
Zakir müəllim vəkilə danışmağa imkan vermədi. Hətta o, Elçin Sadıqova hansısa bir informasiyaya görə irad da tutdu. Guya vəkil bir məlumatı səhv verib. Vəkil isə məlumatın düz olduğunu bildirdi.
Baş prokurorla görüşdən az sonra bizi təzədən istintaqa çağırdılar. Biz həkimlərdən şikayət vermişdik. Həmin görüşə ekspertlər də gəlmişdi. Qayınım Ilqar həkimə sual verdi ki, əməliyyatdan sonra Rafiqin nəfəs almasında hər hansı bir problem yaranmışdısa, nə üçün onu süni nəfəsalma aparatına qoşmadınız? Həkim bu sualdan yayındı. Dil-dodağı əsdi. Nə cavab verdiyini anlamadıq. Deməli, Rafiqin ölümündə həkimlərin günahı var, onlar nəyisə düzgün etməyiblər.
***
– Mailə xanım, Rafiq Tağı öləndə anasına deməmişdiniz. Indi vəziyyət necədir? Bilirmi?
– Yox, hələ də xəbəri yoxdur. Indiyə kimi gizlətmişik. O elə bilir ki, Rafiq xaricə gedib. Oğlum Asimanı bu il əsgər yola salacağıq. O gün qayınanam qızına, mənim baldızıma deyib ki, niyə Rafiq gəlmir, axı Asiman əsgər gedəcək, gəlsin oğlunu yola salsın.
– Bəs qayınananız Hüzurə xanım oğlunun xaricə nə üçün getdiyini soruşmur?
– Soruşur. Işlə bağlı getdiyini deyirik. Bu yaxınlarda “Alatoran” jurnalında Rafiqlə bağlı xeyli məqalə çıxdı. Xeyli şəkil də var idi. Qayınanam şəkillərə baxıb xeyli sakitləşib, amma nə yazıldığını bilmir axı…
1 noyabr 2012-ci il:
– Dəfələrlə müraciət edib işin nə yerdə olduğunu soruşmuşuq, ancaq heç nə öyrənə bilməmişik. Hər müraciətdən sonra cavab göndərirlər ki, işə baxılır, yekunlaşanda sizə xəbər verəcəklər.
Sonuncu dəfə oktyabrın 9-da prezidentə müraciət etdik. Oktyabrın 16-da mən və qayınım Ilqar Tağıyev daxili işlər nazirinin müavini Vilayət Eyvazovun qəbulunda olduq. Dedi ki, cinayətkar heç bir iz buraxmayıb. Bu sözdən sonra dövlətə inamım necə itməsin? Dövlət bir cinayətkarın əlində aciz qalarmı? Amma öldü var, döndü yoxdur, Rafiqin qatili tapılmayınca əl çəkməyəcəm.
7 yanvar 2013-cü il:
– Rafiqin qatilinin tapılmasını istəmirlər. Çünki bu işdə dövlətin əli var. Yoxsa çoxdan tapardılar.
Elə hey deyirlər ki, iş gedir. Nəticə ortaya çıxarsınlar ki, biz də sakit olaq. Nə vaxta qədər iş gedəcək? 2013-cü ildə də istintaq bu qaydada davam etsə, prezidentin qəbuluna gedəcəm. Müraciətimə cavab verməsələr, başqa ölkələrə üz tutub dövləti biabır edəcəyəm. Qoy gəlib bizi də öldürsünlər.
3 aprel 2013-cü il:
– Müstəntiq dedi istintaq davam edir, bir nəticə olanda məlumat verəcəyik.
Demək olar, iş getmir. Dövlətdən yoldaşımın qatilinin tapılması işinə ciddi yanaşmağı umuram. Nə qədər gözləməliyəm? Niyə qatil tapılmır? Bir irəliləyiş olmasa, prezident Ilham Əliyev və xanımı Mehriban Əliyevanın qəbuluna gedəcəm.
19 iyun 2013-cü il:
– Daima müstəntiqlə əlaqə saxlayıram. Müstəntiq hər dəfə tez bir zamanda nəticənin olacağını bildirir. Ancaq heç bir iş getmir. Rafiqin ölümünün 2 ilinə bir neçə ay qalıb, amma hüquq mühafizə orqanları hələ bir nəticə ortaya qoymayıb. Bu çox müəmmalıdır. Necə olur bıçaqlanan başqa adamların qatili iki-üç günə tapılır, amma Rafiqin qatili tapılmır? Maraqlıdır, bunlar qatilin əlində bu qədərmi acizdirlər?
Prezidentin qəbuluna düşmək üçün iki dəfə müraciət etmişəm. Üçüncü dəfə də prezidentə teleqram vuracam. Dövlət başçısının bizi qəbul etməsini istəyirik.
Inanın ki, ürəyim partlayır. Rafiqin ölümünə hələ də vərdiş edə bilmirəm. Hər axşam elə bilirəm Rafiq bu saat işdən gələcək.
24 iyun 2013-cü il:
– Bir istəyimiz var ki, prezident bizi qəbul etsin, sözümüzü deyək. Niyə qətlin istintaqı bu qədər yubanır? Niyə cinayətin üstü açılmır? Belə olmaz axı, az qalıb ölümündən iki ilə yaxın vaxt keçsin, hələ bir xəbər yoxdur.
5 avqust 2013-cü il:
– Rafiq deyirdi ki, təqaüdə çıxmağa bir ilim var, Asiman işləyib ailəni dolandırar, mən də oturub yazılarımı yazaram. Qismət olmadı. Adamın inanmağı gəlmir Rafiqin yoxluğuna. Amma Rafiqsiz Rafiqin ömründən iki il ötür. Iki ildir onsuzuq.
***
– Rafiq çox sadə idi. Heç kimi narahat etmək istəmirdi. Ad gününü xüsusi qeyd etməyi sevmirdi. Elə ailə üzvlərimiz arasında, sakitcə qeyd edərdik. Xörək bişirərdim, süfrə açardım, ancaq heç kəsə deməzdik. Sonuncu dəfə 2010-cu ildə qardaşı onu dəniz adı ilə aparıb restoranda qonaqlıq vermişdi.
***
– 22 il evlilik həyatımız olub. Ciddi çəkişməmiz olmasa da, həmişə birinci o güzəştə gedib. Rafiqdə kin yox idi, bir az tərsliyi vardı. Deyirdi bircə sən xasiyyətimə, kasıblığıma dözürsən. Başqası dözməzdi bəlkə.
***
– Heç nə yoxdur. Nə müstəntiqlərdən xəbər var, nə də müraciətimizə cavab gəldi. Heç nə ilə maraqlanmırlar… Baş prokuror Zakir Qaralov bizi çağıranda dedi ki, ola bilsin, qatil cinayəti başqa ölkədən gəlib törədib. Bu necə ölkədir ki, qatil əlini-qolunu sallaya-sallaya gəlib cinayət törədib gedir? Daxildən məlumat verilməsə, yad ölkədən gələn Rafiqin iş qrafikini nə bilir?
***
– Rafiq Allahı çox sevib, Allahdan başqa da heç nəyə inanmayıb. Evdə həmişə “Quran” olub, hərdən oxuyardı. Babası Masallıda məscid tikdirib. Sadəcə, Rafiqin mollaların çoxundan xoşu gəlmirdi. Deyirdi onlar “Quran” oxuyub başqa işlər görürlər. Uşaqları da inandırırdı ki, təkcə Allah var.
10 sentyabr 2013-cü il:
– Avqustun əvvəllərində, Rafiqin ad günü ərəfəsində mediaya açıqlama vermişdim ki, yoldaşımı sifarişlə öldürüblər. Baş Prokurorluqdan məktub göndərdilər ki, guya iş üzrə istintaq gedir. Istintaq hələ də gedir, amma bu iş başa çatmayıb. Elə bil baş aldadırlar. Yalandan iki cümlə sözü məktubla evə göndərirlər. Mənə belə məktublar lazım deyil. Mənə nəticə lazımdır.
Işi aparan müstəntiqə bir neçə dəfə zəng vursam da, cavab vermədi. Iyunun 22-də prezidentə etdiyimiz müraciətə də heç bir reaksiya olmadı. Ona görə bilmirəm şikayətimi hara deyim. Ölkə rəhbərliyi məni qəbul etsəydi dərdimi deyərdim, istintaqın getmədiyindən danışardım.
***
– Bu yaxınlarda qayınanam deyirdi ki, Rafiqə deyin gəlsin, darıxıram, birdən ölərəm, onu görə bilmərəm. Deyir Asiman əsgərlikdən qayıdıb, yekə oğlandır, gəlib oğlunu evləndirsin. Məcburam qayınanama yalan danışım.