Ekspertlər bunu mümkün sayır
Rusiyada baş verənlərin fonunda dövlət başçısı Vladimir Putinlə bağlı maraqlı xəbərlər dərc olunmaqdadır. “Mənə bəlli oldu ki, Federal Təhlükəsizlik Xidmətinin (FSB) dərinliklərində Rusiyanın ali rəhbərliyini yeni siyasi fiqurla dəyişdirməyə hazırlaşırlar”. Bu açıqlama ilə rusiyalı jurnalist Aleksandr Sotnik öz “Facebook” səhifəsində çıxış edib (axar.az). O, daxili və xarici uğursuzluqların, KIV-in təbliğatına baxmayaraq, artıq hakimiyyətin təcili şəkildə dəyişdirilməsi vacibliyini üzə çıxdığını bildirib: “Heç kimə sirr deyil ki, 1982-ci ildən Rusiyanı hər şeyə qadir olan KQB (DTK) idarə edir. 1984-cü ildə Andropovun ölümü heç nəyi dəyişmədi. Yaşlıların vəfatından sonra hakimiyyətə gənc və enerjili Qorbaçov gətirildi. Amma rəhbərliyin qabiliyyətsizliyi planlaşdırılan nəticələrə çatmağa imkan vermədi və ”SSRI layihəsi” basdırıldı. Qorbaçovun bütün həyatı boyunca lazım olduğu məqamlarda canlı müqəvva kimi istifadə edilməsi şərtilə yaşamağına icazə verildi”.
Jurnalist açıqlamasında Putinin əvəzlənəcəyini yazıb: “Putinin sonuncu dəfə siyasi meydanda sarsıdıcı məğlubiyyəti çox güman ki, sistemin təcili işə salınaraq yenilənməli olduğuna dair bir xəbərdarlıqdır. Təəssüf ki, məndə bunun necə baş verəcəyi haqqında geniş təsəvvür yoxdur. Amma əminəm ki, artıq yaxın zamanlarda biz Kremlin daxildən necə dəyişdiyinin şahidi olacağıq. Artıq baş rolda olacaq oyunçular hazırlanır. Ölkədə və dünyada korrupsiyanı boğmağı bacaran yeni, perspektivli, parlaq siyasətçi peyda olacaq, necə deyərlər ”insan simasında” bir çekist”.
Bu arada Putin ABŞ-ı növbəti dəfə hədələyib. Putin bəyan edib ki, ABŞ heç vaxt Rusiyanı özünə tabe edə bilməyəcək. “Onlar bizi alçatmaq yox, sadəcə özlərinə tabe etmək istəyirlər. Bizim hesabımıza problemlərini həll etməyə çalışırlar. Bizi özlərinə tabe edərək Rusiyanı öz təsir dairəsinə salmağa çalışırlar. ABŞ tarix boyu bunu etmək istəyib, amma alınmayıb. Biz təslim olmayacağıq”, deyə Putin bildirib.
Putin eyni zamanda vurğulayıb ki, Rusiya 2020-ci ilə qədər aqressiv silahlanma kursu seçəcək.
“Putin əlindən gələni edəcək ki…”
Politoloq Vəfa Quluzadə hesab edir ki, Putin NATO ilə qarşıdurmaya getməməli idi. Çünki zəif iqtisadiyyatı olan ölkə qlobal qarşıdurmaya girişməməlidir: “Rusiyanın zəif nöqtəsi onun iqtisadiyyatıdır. Ölkənin infrastrukturu yoxdur. Yollar hələ də normal çəkilməyib. Rusiya neft və qaz ixracından asılı dövlətdir. Rusiya iqtisadiyyatını düzəltməmiş gərək bu qarşıdurmaya getməyəydi. Rusiya istəyir ki, Amerika yenidən onunla dünyanı bölüşdürsün. Amma artıq dünya o dünya deyil”.
Bu baxımdan V.Quluzadə hesab edir ki, 2020-ci ilə qədər Rusiyanın aqressiv silahlanma kursu yürüdəcəyinə gəlincə isə, Rusiyanın nə ordusu, nə də iqtisadiyyatı SSRI zamanındakı kimi güclüdür. Ona görə bu ritorika sadəcə olaraq bəyanatdır: “Qlobal baxımdan bu qarşıdurma Rusiyanın məğlubiyyətinə gətirib çıxara bilər. Əgər Rusiya ümid edirsə ki, 2020-ci ilə qədər möhkəm silahlanıb Qərbin qarşısında duracaqlar yanılırlar. Çünki Qərb də silahlanır”.
FSB-nin Putini devirməsinə gəlincə isə, V.Quluzadə hesab edir ki, bu Rusiyada yaranmış situasiyadan irəli gəlir: “1944-cü ildə Hitlerə sui-qəsd edildi. Hitler o zaman Almaniyada çox populyar idi. Müharibə bitənə qədər Hitlerə alman xalqının ümidi çox güclü idi. Amma buna baxmayaraq əsgəri elita da belə bir rəy var idi ki, Hitleri aradan götürsək Almaniyanı xilas edə bilərik. Ona görə Hitlerə qarşı polkovnik Ştaufenberq sui-qəsd cəhdi etdi. Rusiyada da eyni vəziyyət ola bilər. Bunu heç kəs istisna etməməlidir. Putin bunu anlayır və əlindən gələni edəcək ki, ətrafındakı heç kim bu barədə fikirləşməsin. Amma bu variant ola bilər, bunu istisna etmək olmaz”.
«Geosiyasi qarşıdurmada bu cür məlumatlar bir psixoloji elementlərdir»
Rusiyada yaranmış situasiya ilə bağlı istər ölkə daxilində, istərsə də xaricində müxtəlif spekulyativ məlumatların yayıldığını deyən təhlükəsizlik eksperti Sülhəddin Əkbər isə bildirdi ki, zaman-zaman mətbuata belə informasiyalar sızdırılır ki, Rusiyada hakimiyyətin demokratiya yolu ilə dəyişdirilməsi mümkün deyilsə, qalan yol saray çevrilişidir: «Əslində geosiyasi qarşıdurmada bu cür məlumatlar bir psixoloji elementlərdir. Məqsəd Rusiya cəmiyyətində Putinə olan inamı sarsıtmaqdır. Ona görə bu cür məlumatların yayılmasını siyasi bir gediş də saymaq olar».
Xəyal