Azərbaycandakı korrupsiya dünyanın gündəmindən düşmədiyi üçün, hakimiyyət korrupsiya ilə mübarizə mənzərəsi yaratmaq istəyir
Azərbaycandakı korrupsiya məsələsi dünyanın gündəmindən düşmür. Hər dəfə yeni korrupsiya layihələri üzə çıxır və məlum olur ki, çirkli əməliyyatlar hakimiyyətin yuxarı eşalonundan yönləndirilir. Iqtisadçı ekspertlər hesab edir ki, dünyanın heç bir yerində büdcənin 50 faizi tikintiyə xərclənmir.
Bu isə, tikinti adı altında milyardlarla vəsaitin şəxsi ciblərə axmasını təmin edir. Bundan əlavə, Mərkəzi Bankın milyonlarla rüşvət alması, xarici lobbilərə milyonlarla pulun ödənilməsi, gömrükdən keçən malların mühüm hissəsinin qeydiyyata alınmaması, idaxal-ixrac əməliyyatları zamanı göstərilən rəqəmlərdəki dəyəri milyardlarla ölçüləcək fərqin yaranması kimi korrupsiya faktları var. Təhsil və səhiyyədəki korrupsiya fırıldaqları yüksək səviyyədə etiraf olunub. Ölkədən ofşorlara çıxarılan 48 milyard dollar, məmurların Avropa ölkələrindəki şirkətləri, villaları ilə bağlı faktlar da korrupsiya şəbəkəsinin elementləridir.
Yəni Azərbaycanda korrupsiyanın dövlət siyasətinə çevrilməsi və ölkədəki bütün strukturların bu cür fəaliyyəti danılmaz faktdır.
Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycanın adının mütəmadi olaraq korrupsiya əməllərində hallanması, hökuməti profilaktik tədbirlər görməyə vadar edib. Eyni zamanda ötən gün ABŞ Konqresində Azərbayca və ATƏT üzvü olan digər ölkələrlə bağlı korrupsiya dinləmələri keçirilib. Yəqin ki, bu dinləmələrdə Azərbaycanla bağlı yeni məqamlar ortaya çıxacaq və bu istiqamətdə informasiya yenidən yayılacaq. Bütün bunları nəzərə alaraq, hakimiyyət antikorrupsiya tədbirlərinə start verib və korrupsiyaya qarşı mübarizə görüntüsü yaradır.
Belə ki, bugünlərdə Bakıda Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) ali qurumu – üzv dövlətlərin Assambleyasının üçüncü sessiyası keçirilib. Baş prokuror Zakir Qaralov Beynəlxalq Antikorrupsiya Akademiyasının Assambleyasının növbəti il üçün sədri seçilib.ÿ”Mövcud modeli beynəlxalq təşkilatlar tərəfindən nümunə kimi qeyd olunan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Idarəsinin təcrübəli prokurorları tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində bu kateqoriyadan olan cinayətlərin ilkin araşdırılması və istintaq metodikasına dair tövsiyələrin hazırlanması Azərbaycan tərəfinin Assambleyaya rəhbərliyi müddətində həmkarlara töhfəsi olacaq”- deyə Zakir Qaralov bildirib.
Göründüyü kimi, dünyanın müxtəlif yerlərində Azərbaycandakı korrupsiya ilə bağlı dinləmələr keçirildiyi halda, Azərbaycan hökuməti dünyaya korrupsiya ilə mübarizə üsullarını tövsiyə etməyə başlayıb.
Hər dəfə korrupsiyadan söhbət düşəndə, “ASAN xidmət” kimi 1-2 layihədən sitat gətirilir və Korrupsiyaya Qarşı Mübarizə Idarəsinin yaradılması önə çəkilir. Bu tipli tədbirlərin keçirilməsi isə, hakimiyyətin karrupsiya məsələsində iradə göstərdiyinin mesajı kimi təbliğ olunur. Hansıki, Azərbaycanda korrupsiyanın miqyası hər ötən gün daha da artır və bunu danmaq mümkünsüz olur.
Bu gün Bakıda keçirilən tədbir və Akdemiyaya Zakir Qaralovun sdər seçilməsi, növbəti mərhələdə korrupsiyaya qarşı mübarizənin hansı səviyyədə olacağını göstərir. Bugünə qədər korrupsiyanın zirvəsini fəth edənləri Zakir Qaralov həbs edəcəkmi?
Əlbəttə ki, xeyr. Sadəcə olaraq hakimiyyət qabaqlayıcı tədbir görür və hökumətin bu məsələnin həllində maraqlı olduğunu göstərməyə çalışır.
Akif