Neft ixracatçıları neftin qiymətində baş verənləri nəzərə alsalar da, Azərbaycan və Rusiya bundan uzaqdır
Uzun müddətdir gözlənilən büdcə müzakirələri başlayıb. Dünya bazarında neftin qiymətinin düşməsi büdcə gəlirləri neftdən aslı olan ölkələrdə narahatlıq yaradıb. Amma bu tendensiyaya baxmayaraq Azərbaycan neftin bir barreli üçün qiyməti hazırkı bazar qiymətindən də artıq götürmək istəyir. “Neftin qiymətinin bir barrelə görə $60-dək azalması Azərbaycanın 2015-ci il üçün dövlət büdcəsinə problem yaratmayacaq”.
Maliyyə naziri Samir Şərifov belə hesab edir. Bu barədə o, parlamentdə 2015-ci il üçün büdcə layihəsini təqdim edərkən bildirib.
Dövlət büdcəsi layihəsində məlumatlar neftin qiymətinin bir barrelə görə $90-dan hesablanıb. Bu, dünya bazarında neftin indiki orta qiymətindən $12 çoxdur.
Eyni zamanda son üç ayda neftin qiymətinin 20% azalmasına baxmayaraq, Azərbaycanın 2015-ci il üçün dövlət büdcəsinin xərclərinin maliyyələşdirilməsi üçün problem yoxdur, nazir bildirib.
Neftin qiyməti ilə bağlı proqnozlar nikbin deyil. Bütün hallarda sözügedən xammalın ucuzlaşması neft ölkələrinin gəlirlərini azaldacaq, iqtisadiyyatının “əyləcini” sıxacaq. Buna görə büdcəsinin 40 faizi neftdən asılı olan dövlətlər “qara qızıl”ın qiyməti ətrafında tərəddüdlər yaşayırlar.
Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib ki, 2015-ci ilin dövlət büdcəsində neftin barrelinin 90 dollardan hesablanmasına heç bir təhlükə gözlənilmir. Nazirin sözlərinə görə, neftin dünya bazarlarında ucuzlaşması dövlət büdcəsinə əsaslı təsir göstərməyəcək. “Neftin qiymətləri ilə bağlı dünya bazarlarındakı arzuolunmaz ssenarilərə hazırıq”-deyə S.Şərifov bəyan edib.
Amma aparılan araşdırmalar göstərir ki, Rusiya və Azərbaycan istisna olmaqla digər neft ixracatçıları dünyada baş verənlərə adekvat reaksiya verərək neftin qiymətini ehtiyatlı müəyyənləşdiriblər. “Bizim yol” qəzetində dərc olunan məqalədə qeyd olunur ki, Beynəlxalq Valyuta Fondu neft ölkələri üçün büdcədə baza qiymətlər müəyyənləşdirib. Fond bildirir ki, neftin barrelinin 80 dollardan aşağı olması Körfəz Əməkdaşlıq Şurasına üzv olan 6 dövlətin büdcəsində təhlükə yaradır.ÿ
BVF qeyd edir ki, Səudiyyə Ərəbistanı 2015-ci ilin büdcəsini tənzimləməsi üçün “qara qızıl”ın baza dəyərini 80-90.70 dollardan, Birləşmiş Ərəb Əmirlikləri 73.30 dollardan, Küveyt 53.30 dollardan, Qətər 77.60 dollardan hesablamalı, Oman və Bəhreyn isə daha az itkili büdcə layihəsinə hazır olmalıdır.
Rusiyada inadkarlıq edir…
Iri neft ölkələrindən biri olan Rusiya 2015-ci il üçün dövlət büdcəsinin xərclərində “qara qızıl”ın barrelini “URAL” markası ilə 96 dollardan hesablayıblar. Rus analitikləri dünya bazarında neftin qiyməti aşağı düşəcəyi təqdirdə büdcənin icrasında ciddi problemlərin olacağını düşünürlər. Lakin hökumət inanır ki, gələn il neftin illik orta qiyməti 100 dollar ətrafında olacaq.ÿ
Amerika materikində üçüncü ən böyük neft hasilatçısı olan Meksikanın dövlət büdcəsinin üçdə biri neft gəlirlərindən asılıdır. “Qara qızıl”ın qiyməti Meksika hökuməti ilə parlamenti arasında fikir ayrılığı yaradıb. Belə ki, Maliyyə Nazirliyinin parlamentə təqdim etdiyi büdcə layihəsi ötən ilə nisbətən artaraq 4,6 trilyon peso (təqribən 354 milyard dollar) təşkil edir. Maliyyə naziri Luis Videqaray bildirib ki, 2015-ci ildə büdcənin neft gəlirləri aşağı düşəcək. Eyni zamanda “Petroleos Mexisanos” Dövlət Şirkətinin ixracatı azalacaq. Qeyri-neftdən daxil olan vergilərin isə həcminin artaraq ÜDM-də 10,7 faiz təşkil edəcəyi proqnozlaşdırılır.
“Qara qızıl”ın hər 1 dollar ucuzlaşması Meksika üçün 300 milyon dolların itirilməsi deməkdir.
Venesuela təlaşdadır?
Venesuelanın maliyyə naziri Rudolf Marko bildirib ki, neftin qiyməti ilə bağlı hər bir ssenariyə hazırdırlar. Bu səbəbdən 2015-ci ilin büdcəsində 35 faizlik artıma getməkdən çəkinmirlər. Lakin ekspertlər böyük iqtisadi krizisin yaşanacağını istisna etmirlər. Çünki ölkənin ixracının 96 faizi neftdən asılıdır. Və hazırda hasil etdiyi xam neftin barrelini 74-76 dollar ətrafında satır ki, bu da 2010-cu ildən bəri ən aşağı göstəricidir.
Çox maraqlıdır ki, 2015-ci ildə böyük büdcə artımına gedilməsinə baxmayaraq, gəlirlər hissəsində neftin baza qiymətini 60 dollardan hesablayıblar. Yerli analitiklər sual edir ki, neftin qiyməti aşağı olacağı təqdirdə büdcə imkanlarını necə artıracaqlar. Çünki Venesuelanın dövlət büdcəsinin 70 faizdən çoxu neft amili üzərindədir. Xüsusilə, borc içində üzən ölkə üçün kəsiri örtmək çox çətin olacaq.ÿ
Səudiyyə Ərəbistanının 742, Azərbaycanın isə 37 milyardlıq Neft Fondu var
Nəhəng neft hasilatçısı, OPEC-in üzvü Səudiyyə Ərəbistanı üçün neftin ucuzlaşmasının büdcə narahatlığı yaşatmayacağını demək olar. Hətta büdcədə neftin baza qiymətini 95 dollardan götürsə belə, SƏ-nin büdcəni icra etmək imkanları genişdir. Ekspertlər hesab edir ki, 742 milyard dollar rezervi olan hökumət üçün büdcə kəsirini örtmək çətin olmayacaq.ÿ
Bu ölkənin büdcəsində “qara qızıl” ilin birinci yarısı üçün 85 dollardan hesablanıb. Büdcənin xərcləri 240 milyard dollar (900 milyard SR) və gəlirləri isə 227 milyard dollar (855 milyard SR) planlaşdırılır. Beynəlxalq Valyuta Fondu hesab edir ki, neft hasilatını artırmayacağı təqdirdə Səudiyyə Ərəbistanının büdcə kəsirini örtmək fiksal problemlər yaradacaq.
Qonşu dövlət Qazaxıstana gəlincə, onlar da Azərbaycan hökuməti kimi büdcədə neftin qiymətini 90 dollardan götürüblər. Büdcənin gəlirləri 35 milyard dollar (6,2 trilyon tenqe), xərclərÿisə 38 milyard dollar (6,9 trilyon tenqe) proqnozlaşdırılır. Büdcə layihəsinə görə, Milli Fonddan transfertlərin həcmi 6 milyard dollar təşkil edəcək. Qazaxıstanlı ekspertlər bildirir ki, neftin qiyməti aşağı düşərsə, ölkənin iqtisadiyyatına mənfi təsir göstərəcək. Artıq ümumi daxili məhsulun artım tempinin aşağı düşməsi qaçılmaz olacaq.ÿ
Nemət Əliyev: “Neftin qiymətini artıq götürərək çatışmayan vəsaitin Neft Fondundan ödənilməsi niyyəti məsuliyyətsiz yanaşmadır”
Bəs Azərbaycan hakimiyyətinin digər ölkələrdən fərqli neft strategiyası nə vəd edir?
Növbəti il üçün büdcə ilə bağlı müzakirələrin hələ davam etdiyini deyən iqtisadçı Nemət Əliyev bildirdi ki, hökumətin gələn ilin büdcəsi üçün neftin bir barrelinin 90 dollar göstərməsini artıq bir çox ekspertlər yanlış dəyərləndirib. Bu baxımdan bəlkə hökumət gedən müzakirələri, dünya bazarındakı tendensiyaları nəzərə alaraq qərarını dəyişə də bilər. Amma hər bir halda N.Əliyev hesab edir ki, neftin qiymətini 90 dolların üzərində fokuslaşdırmaq indiki reallıqdan çox uzaq görünür: “Yox, hökumət mövqeyində israr edəcəksə, deməli, onlar Neft Fondundakı 37 milyard dollara güvənərək bu addımı atırlar. Onsuz da Neft Fondundan növbəti il üçün 10 milyard vəsaitin transfert olunması nəzərdə tutulub. Sanki hökumət neftin gələcəkdəki qiymətinin aşağı olmasını iddia edərək Neft Fondundan daha bir neçə milyardı silmək üçün əsas hazırlayır”.
N.Əliyev vurğuladı ki, amma hökumət neftin bir barreli üçün qiyməti hətta reallığa uyğun müəyyənləşdirərsə belə, bu, iqtisadiyyatı gözləyən çətinliklərdən xilas etməyəcək. Çünki, ötən müddət ərzində hökumət qeyri-neft sektorunun inkişafı istiqamətində real addımlar atmayıb: “Neftin qiyməti aşağı düşəcəksə, o zaman mənfəət vergisindən büdcəyə daxil olmalarda xeyli çatışmazlıq olacaq. Bu zaman ölkənin qeyri-neft sektoru normal fəaliyyət gösətərmək bacarığında olmalıdır ki, gəlir gətirə bilsin. Qeyri-neft sektoru inkişaf etmədiyindən hökumət ona güvənə bilmir. Başqa çıxış yolu ƏDV-nin artırılması ola bilər ki, bu da əhaliyə toxunan haldır”.
Iyirmi üç illik hakimiyyətləri müddətində hazırkı iqtidarın Neft Fondundan 75 milyardlıq vəsaiti xərclədiklərini deyən N.Əliyev vurğuladı ki, hökumət ötən müddət ərzində 6 milyard da borc edib. Nəticədə ölkə iqtisadiyyatının inkişafı üçün 81 milyard vəsait xərclənsə də, normal iqtisadiyyat qurula bilməyib. “Düşünürəm ki, hakimiyyətin neftin qiymətini artıq götürərək, çatışmayan vəsaiti Neft Fondundan ödəmək istəməsi məsuliyyətsiz yanaşmadır. Bu eyni zamanda hakimiyyətin bu istiqamətdəki səriştəsizliyini göstərir”, deyə N.Əliyev vurğuladı.
Xəyal