Avropa Ittifaqı ilə əməkdaşlıq müstəqilliyə təhdid imiş
Mövcud hakimiyyətin demokratiya, insan haqları, şəffaflıq kimi anlayışlara nifrət etdiyi heç kimə sirr deyil. Yəni, ümumbəşəri dəyərlərdən, oddan qorxan kimi qorxurlar. Məhz, bu nifrət və qorxunun nəticəsdir ki, 20 ildən artıq müddət keçməsinə baxmayaraq, Azərbaycan bütün beynəlxalq hesabatlarda sonuncu yerləri tutur.
Belə “qorxu”lu anlayışlardan biri də “Assosiasiya sazişi” anlayışıdır. Azərbaycanın bu sazişə imza atmaq məsələsi gündəmə gələndən, hökumətimiz anti-Qərb siyasətini prioritet seçib. Yəni, demokratik islahatlar aparmamaq, insan haqlarına hörmət etməmək üçün, bütün demokratik dünya ilə düşmən olmağı gözə alıblar. Bir qayda olaraq, hakimiyyət bu sazişə imza atmamağı dövlətin və millətin mənafeyi ilə izah etməyə çalışır. Əslində, isə dövlətə və millətə xidmət etməmək üçün, bu tipli beynəlxalq əməkdaşlıqlardan imtina edirlər.
“Assosiasiya sazişi”ni imzalamaq üçün, “fərdi əməkdaşlıq” məsələsini ortaya atıblar. Ancaq, həmişə olduğu kimi, yenə də arqumentləri məğlubiyyətə məhkumdur.
Belə ki, Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov mətbuata açıqlama verib və Azərbaycanın xarici siyasətindəki “şikəst”liyə tərif vurmağa çalışıb: “Bu il Azərbaycan 10-a yaxın Avropa ölkəsi ilə strateji tərəfdaşlığa dair bəyanat və digər sənədlər imzalanıb. Ümumiyyətlə, ayrılıqda Avropa Ittifaqının bir çox ölkələri ilə xüsusi münasibətlərimiz var. Azərbaycan prezidenti və Macarıstan baş naziri arasında söhbətlərdə hər ikisinin milli maraqların təmin olunmasını əsas götürdüyünü müşahidə etdim. Macarıstanın baş naziri də ölkəsinin maraqlarını əsas götürdüyü üçün Avropa Ittifaqı ilə aralarında müəyyən problemlər yaranır. Bu gün dünyanın onlarla ölkəsində fəlakət yaşanır. Bu nöqteyi-nəzərdən Azərbaycanın beynəlxalq aləmdə bu cür nüfuzunun olması onun böyük tarixi nailiyyətidir. Azərbaycanın uğuru həm də sabitliyini, təhlükəsizliyini, bu çərçivədə özünün inkişafını təmin etməsidir” – deyə Novruz Məmmədov bildirib.
Bəli, PA rəsmisi sübut etməyə çalışır ki, Avropa Ittifaqı ilə “Assosiasiya sazişi”nin imzalanması, müstəqilliyə təhdid, Avropa Ittifaqı ölkələri ilə fərdi əməkdaşlıq isə dövlətçiliyimizə xidmətdir.
Göründüyü kimi Azərbaycan hakimiyyəti xalqı aldatmaq siyasətindən bir an belə geri çəkilmək istəmir. Görəsən, “Assosiasiya sazişi”nin hansı müddəasıdır ki, müstəqilliyimizi təhdid edir?
Belə çıxır ki, Fransa, Almaniya, Italiya və digər onlarla ölkə öz müstəqilliyinə xəyanət edib və yeganə müstəqillik aşiqi bizim hakimiyyətimizdir.
Yaxşı olar ki, cənab Novruzov etiraf etsin ki, bu sazişi imzalamaq hakimiyyətin müstəqilliyinə zərbədir. Belə ki, bu və bu kimi sənədlərin imzalanması insanları şərləyib tutmağa, bütün sahələri inhisara almağa, demokratiyanı boğmağa, söz azadlığını məhdudlaşdırmağa, seçkiləri saxtalaşdırmağa imkan verməyəcək. Bu isə, YAP hakimiyyəti üçün qeyri-müstəqillik mühiti formalaşdırır.
Eyni zamanda qeyd etmək lazımdır ki, hakimiyyətin öyündüyü “fərdi əməkdaşlıq”ın heç bir sığortası yoxdur. Məsələn, Avropa Ittifaqının qərarından sonra bir neçə ölkə “cənub axını” layihəsindən imtina etdi. Bu isə onu göstərir ki, ən böyük sığorta və ən böyük perspektiv Avropa Ittifaqıdır. Yəni, bu gün Azərbaycanla fərdi əməkdaşlıq edən ölkələr həm də Avropa Ittifaqının üzvüdür və bu qurumun qərarı ilə istənilən vaxt bu əməkdaşlığa son qoya bilərlər.
Bir sözlə, Avropa Ittifaqı ilə əməkdaşlıq heç bir ölkənin müstəqilliyini almır və belə bir öhdəlik də yoxdur. Necə olur ki, iqtisadi əməkdaşlıq gündəmə gələndə, istirahət etmək, müalicə olunmaq, təhsil almaq lazım olanda Avropanı su yoluna çevirirsiniz, ancaq siyasi assosasiyadan, demokratik islahatlardan söhbət düşəndə bu məkan “müstəqillik ovçusu”na çevrilir?
Cənab Məmmədov, bu arqumentlər çoxdan dəfn olunub və hamı əsl dərdinizin nə olduğunu gözəl bilir.
Sizin müstəqillik anlayışınız, demokratiya tələb edən Avropadan qaçıb, Azərbaycanı tələb edən Rusiyaya sığınacaq qədər, analoqsuzdur.
Akif