Türkel Azərtürk
Hətta 77 nəfəri öldürən şəxsə qarşı da belə cəza tətbiq edilməyib!
Son vaxtlar həbsxana mövzusu ilə bağlı maraqlı şeylər oxumağa başlamışam. Bu mövzunun mənə nədən yaxın olduğunu söyləməyə ehtiyac yox. Həbsxanaya bənzər bir ölkədə doğulub, boya-başa çatan hər kəs bilir bunu.. Keçək mətləbə. Oxuduğum maraqlı faktlardan biri Brazilya həbsxanaları haqqındadır. Deməli, bu ölkənin həbsxanalarında maraqlı bir qanun var. Burada dustaqlar cəza müddətlərini kitab oxumaqla azalda bilərlər. Dustaq həbsxananın kitabxanasından istənilən kitabı oxuyub, kitabla bağlı imtahandan keçərsə, oxuduğu hər kitaba görə cəzasından 4 gün azaldılır. Yəni, törətdiyi cinayətə görə 4 il azadlıqdan məhrum edilmiş biri, gündə bir kitab oxumaqla cəzasını 1 ilə endirə bilər. Bu isə cinayət törətmiş şəxsin islah olmasına, yenidən cəmiyyətə daha yararlı biri olmasına hesablanmış qərardır. Norveç həbsxanasında isə vəziyyət bir başqadır. Bir çoxunuza qəribə gələcək, amma Norveç həbsxanalarında dustaqların yaşayışı Azərbaycanda özünü azad adlandıran insanların yaşayışından daha yaxşıdır. Oranın həbsxanalarının özünün üzgüçülük zalından, futbol meydançasından tutmuş, internet klubuna qədər hər bir şəraiti var.
Norveçdən söz düşmüşkən bu yaxında baş vermiş bir hadisəni diqqətinizə çatdırım. 77 insan öldürdüyü üçün 21 il azadlıqdan məhrum edilmiş Norveç terroristi Anders Breyvik bu yaxınlarda cəza çəkdiyi “İla” həbsxanasının rəhbərliyini məhkəməyə verib. Səbəbi odur ki, çox şəkərli qəhvə içməsini bilə-bilə, təcridxana əməkdaşları ona şəkəri az verib. Qeyd edim ki, məhkəmə onun vəsatətini təmin edərək, təcridxana rəhbərliyini cəzalandırıb. Məhkəmə təcridxana rəhbərliyinə bildirib ki, siz insanın yalnız azadlığını məhdudlaşdıra bilərsiniz, başqa heç nəyini. Bu terrorist daha sonra hazırlaşaraq, “Oslo” universitetinin politologiya fakultəsinə daxil olub. Beləliklə, təcridxana əməkdaşları hər gün onu xüsusi maşınla universitetə aparıb gətirirlər. Yəni ki, “Əhmədlidə azad yaşamaqdansa, Norveçin “İla” həbsxanasında dustaq olmaq daha yaxşıdır” fikrinə inanın.
İndi isə özümüzdən – Azərbaycandan danışaq. Əvvəla onu deyim ki, Azərbaycanın həbsxanadan elə bir fərqi yoxdur. Bütün Azərbaycan “uğurlu siyasət” nəticəsində hasarlanıb. Lənkərandan Qazağa kimi yolboyu ağ daşlı hasardan başqa gözə heç nə dəymir. Normal ölkələrin həbsxanalarında insanın azadlığı məhdudlaşdırılsa da, Azərbaycan vətəndaşlarının bütün azadlıqları nəinki məhdudlaşdırılıb, hətta tam əllərindən alınıb. Deməli, bizdə vəziyyət daha da acınacaqlıdır. Bizdə “həbsxana” adlandırılan yerlər həbsxana deyil, cəhənnəmdir. Amma Azərbaycan həbsxanalarında da yuxarıda sadaladığım bəzi şeylər var. Məsələn kitab. Amma bizdə bu kitablardan maarifləndirmə, savadlanma üçün yox, işgəncə vermək üçün istifadə edilir. Yəqin ki, həbsxana rəhbərinin Şahin Novruzluya H. Əliyevin kitabını məcburi oxutdurması yadınızdadır. Təkcə bu misal bəs edir ki, Brazilya və Azərbaycan həbsxanaları arasındakı fərqi anlayasınız. Bizim həbsxanalara düşən insan artıq həyatının məhv olması ilə barışır. Çünki o insan başa düşür ki, bu soyuq, nəmli divarlar, keyfiyyətsiz qidalar onu orada fiziki baxımdan məhv edəcək. Hələ nisbi azadlığa qovuşandan sonra mənəvi baxımdan daha çox məhv olacaq. Bu isə daha ağırdır. Biz elə bir cəmiyyətdə yaşayırıq ki, həbsxanaya düşüb çıxan birinə salam belə verməkdən çəkinirik. Onlara dəyərsiz, lazımsız bir adam kimi baxırıq. Bu isə həmin insanları yenidən cinayət törətməyə vadar edir.
Son olaraq bir şeyi təkrar xatırlatmaq istəyirəm: heç kim həbsdən sığortalanmayıb. Hətta bu gün həbsxanaları fiziki istismar yuvasına çevirən, neçə-neçə günahsız insanı bu həyata məhkum edənlər də. Ona görə də, həm qanunları nəzərə alaraq, həm də gələcəyinizi düşünərək heç olmasa gələcək evinizi indidən təmir etdirin. Sonra çox gec ola bilər. Hə, bir də günahsız yerə həbs etdirdiyiniz insanları azad edin. Çünki o həyatı yaşayanlar dustağı olan dustağı qəbul etmirlər.