Coşqun
Sosial şəbəkələrdə müxtəlif tiplərdən biri də tez-tez klassiklərin yaradıcılığına müraciət eləyənlərdi. Xalqdan gileylənmək imkanı düşən kimi Nizamidən, Füzulidən, Sabirdən sitat gətirirlər. Axırda da mütləq həmin klassiklərdən birinə müraciətlə yazırlar ki, “Allah sənə rəhmət eləsin, filankəs!”
Bunu daha çox o adamlar yazır ki, özü hələ bir dəfə vətəndaş mövqeyi göstərməyib. Oğlunu universitetdə pulun hesabına oxudur, qızını işə rüşvətlə düzəldib, amma Sabirdən sitat gətirib xalqı məzəmmət eləyir. Guya, bu fərqlidi…
Halbuki, klassiklərin yazdıqlarının arasında özünü rahatca tapa bilər. Personajlardan biri də özüdü, amma xəbəri yoxdu.
111 ildi Cəlil Məmmədquluzadənin “Poçt qutusu”ndan sitat gətiririk. Novruzəlini məsxərəyə qoyuruq, ələ salırıq. Nə dəyişib ki? Novruzəlilər dəyişdimi? Yox! Novruzəlilərin nəsli kəsildimi? Yox! Aramızdadılar! Yaşayırlar! Daha poçt qutusu yoxdu, seçki qutusu var. Yadınıza gələr, keçən seçkilərdən birində Gəncədəki məntəqədə vətəndaş şəxsiyyət vəsiqəsini qutuya atmışdı. Yalnız evə gedəndə başa düşmüşdü ki, şəxsiyyət vəsiqəsini də bülletenlə birlikdə qutuya atıb. Qayıdıb gəlmişdi, məntəqədə demişdilər ki, gözlə, axşam 8 olsun, çıxarıb verərik.
Beynəlxalq ekspertlər bu faktdan söz açanda adam ölüb yerə girmək istəyirdi. Indi həmin vətəndaşın Novruzəlidən nəyi yaxşıdı ki? Həmin vətəndaş Novruzəli deyil, bəs kimdi?..
Bankomatların qabağında neçə dəfə özüm görmüşəm, cavan-cavan qızlar pul çıxara bilmir. Orada hər şey aydın yazılıb, prosesi uğurla başa çatdırmaq üçün dördüncü sinfi babat qiymətlərlə başa vurmaq yetərlidi. Dayanıb bankomatın üzünə baxırlar. Nə eləyəcəklərini bilmirlər. Novruzəli yaşda kişilər təqaüdünü götürmək üçün bankomatın qabağında ondan-bundan kömək diləyir. Guya, bunlar Novruzəlinin nəslindən deyilmi? Daha o kişiyə nəyə gülürsüz ki?..
Cəlil Məmmədquluzadə 111 il əvvəl Novruzəlidən yazanda çox şeyə ümid eləyirdi. Ümid eləyirdi ki, dünyaya daha Novruzəli gəlməyəcək. Məsələ Novruzəlinin poçt anlayışının olmamasında deyildi. Mirzə Cəlili cəmiyyətdəki avamlıq, cahillik, ibtidai təfəkkür yandırırdı. O, yaza-yaza ümid eləyirdi ki, tezliklə bu mərhələ geridə qalacaq, Novruzəlilər, Xudayar bəylər, Qurbanəli bəylər əbədiyyətə qovuşacaqlar.
Təəssüf, elə olmadı. Ölmədilər. Sağ qaldılar…