Fuad Qəhrəmanlı Rauf Arifoğlunun cavabını verdi
“Yeni Müsavat”ın İlham Əliyevin mövqeyindən çıxış etməsi məsələsi mənim iddiam yox, Rauf Arifoğlunun səmimi etirafıdır”
“Sizdə günah yoxdur. Düşərgə eyni olanda, məntiq və leksikon da eyni olur”
“Yeni Müsavat” qəzetinin dünənki sayında AXCP sədrinə və sədrin müavini Fuad Qəhrəmanlıya qarşı nifrin dolu məqalə dərc edilib. Hakimiyyətin mövqeyindən çıxış edən “müxalif” qəzetin üslubu “Səs” və “Yeni Azərbaycan” kimi qəzetlərlə eynidir. Fuad Qəhrəmanlı “Facebook” profilində həmin yazıya münasibət bildirib.
“Bu gün (dünən – red.) “Yeni Müsavat” qəzeti ənənəsini davam etdirərək Əli bəyi və məni özlərinə xas jarqonlarla təhqir edib. Mən buna görə heç də siyasi nəzakət qaydalarını pozaraq eyni üslubu təkrarlamaq niyyətində deyiləm və bu qeyri-etik, təhqirlə ifadə olunan daxili qəzəbin səbəbini də anlayıram. Bu, vaxtaşırı olaraq bizləri “erməni dəyirmanına su tökməkdə” ittiham edən Siyavuş Novruzovu qəzəbləndirən səbəblərlə eynidir. Səbəb eyni olduğu üçün aqressiya və leksikon da eynidir. Biz İlham Əliyevi, Ramiz Mehdiyevi və başqalarını tənqid etdiyimiz üçün “Yeni Müsavat” da sanki əvəz çıxırmış kimi mənə cavab verərkən Əli Kərimliyə hücum edir. Sanki Rauf Arifoğlu bununla demək istəyir ki, liderimə hücumun əvəzi liderinə hücumla veriləcək. Bu mənim fərziyəm deyil, ötən il elə mənim fb profilimdə gərgin keçən müzakirədə Rauf Arifoğlu açıq mətnlə yazdı: “Mən İlham Əliyev və Əli Kərimli seçimi qarşısında qalsam, İlham Əliyevi seçərəm”.
Demək, təəccüblü bir şey yoxdur. Bu gün reallıq odur ki, siyasi proseslərdə ikiqütblü sistem formalaşıb, siyasi seçim Əli Kərimli və İlham Əliyev arasındadır. Ona görə də “Yeni Müsavat”ın şef-redaktoru öz düşərgəsini seçərək, o düşərgənin üslub və nifrəti ilə Əli bəyi hədəf alır.Yəni bu gün AXCP-yə, Milli Şuraya münasibətdə “Yeni Müsavat”ın İlham Əliyevin mövqeyindən çıxış etməsi məsələsi mənim iddiam yox, Rauf Arifoğlunun səmimi etirafıdır.
“Yeni Müsavat” redaksiya məqaləsində 2011-ci ildə həbs olunmamağımı elə təqdim edib ki, sanki mühüm bir kompromat tapıb. Narahat olmayın, mən buna görə sizin kimi qəzəblənməyəcəyəm. Çünki sizlər kimi kiminsə qarşısında öhdəlik götürməmişəm ki, buna görə də aqressiv reaksiya verəm. Ona görə də bu məsələyə bir daha aydınlıq gətirmək istəyirəm.
Əvvəla, mən Azərbaycanda ilk siyasi məhbus statusu almış səxsəm və il yarım həbsxanada yatmışam. 2011-ci ildə isə həbs olunmamağım mənim iradəmdən asılı məsələ deyilldi. Əgər buna görə məni hakimiyyətlə anlaşmada ittiham edirsinizsə, o zaman hakimiyyət öz adamı haqqında niyə cinayət işi açıb azadlıqda saxlayırdı? Mənimlə birgə ovaxtkı müxalifət rəhbərliyinə daxil olan şəxslərin çoxu haqqında heç cinayət işi açılmamışdı və mənim barəmdə də eyni şey olsaydı, bu gün bu məsələ heç gündəmə gəlməyəcəkdi. Demək, hakimiyyət mənə qarşı daha məkrli davranıb. Rauf Arifoğlu, xatırlayırsınızsa, Müsavat partiyasının yubiley tədbirində qonşuluqdakı restorana gedərkən yolda siz bu məsələ ilə bağlı mənə dediniz ki, hakimiyyət həbs etməməklə ən çox pisliyi sənə etdi. Düz də demişdiniz. Çünki o zaman siz də anlayırdınız ki, bu yolla hakimiyyət mənim üstümə şübhə gətirmək üçün məkrli oyun oynayıb. İndi bu pislikdən mənə qarşı istifadə etməklə hakimiyyətin qurduğu oyunu oynamadığınızı necə sübut edə bilərsiniz? Hər şey göz qabağındadır.
Bu gün Müsavat partiyasına başqanlıq edən Arif bəy məhkəmə çıxışında bir dəfə də olsun İlham Əliyevin adını çəkə bilmədi, ancaq mən dəfələrlə məhkəmə çıxışımda İlham Əliyevi ittiham etdim. Axırda da hakimdən tələb etdim ki, yoldaşlarıma nə cəza veriləcəksə, mənə də o verilsin. Başqa nə edəydim, həbsxana qapısını zorla açıb ora özüm girməliydim? Mən bir dəfə həbsdə olmuşdum və hakimiyyət mənim xarakterimə bələd olduğu üçün bilirdi ki, həbslə məni sındıra bilməyəcək. Ona görə də sizin kimilərin dili ilə məni ləkələmək, böhtan atmaq üçün daha çirkin bir üsul seçildi.
Qaldı ki sizin barənizdə səsləndirdiyim tənqidlərə görə məni hakimiyyətlə əlaqədə ittiham etməyinizə, bu cəfəngiyyatın da tənqidə heç bir dözümü yoxdur. Mən Müsavat partiyasını nə zaman tənqid etmişəm? Milli Şuranı səbəbsiz-filansız tərk etdiyi üçün… Halbuki, hakimiyyətin sifarişi ilə “Yeni Müsavat” qəzeti Milli Şuranı Rusiya layihəsi adlandırıb, onu parçalamağa çalışırdı. O zaman buna görə sizinlə də toqquşduq.
İndi oxucular desin, kimdir hakimiyyətin adamı? Hakimiyyətin planını yerinə yetirən, yoxsa ona qarşı müxalifətin birliyi, Millli Şuranın qorunması tezisini müdafiə edən? Mənim Əli Kərimlinin müavini olmam həm də o deməkdir ki, bu rejimə qarşı münasibətim onun münasibətindən fərqlənmir, bu rejimin ona qarşı yönəltdiyi təzyiqlər qarşısında onunla birgə mübarizə aparmaq əzmindəyəm.
Siz kimsiniz? Bu sualı özünüzə verməsəniz də, kimliyinizlə bağlı cavabı yuxarıda xatırlatdığım sitatda vermisiniz. Əli Kərimliyə qarşı İlham Əliyevi müdafiə edən Rauf Arifoğlunun indi durub Əli Kərimlinin müavinini İlham Əliyev iqtidarına bağlılıqda ittiham etməsi, Siyavuş Növruzovun müxalifəti erməni dəyirmanına su tökməkdə ittiham etməsinə bənzəmirmi?!
Sizdə günah yoxdur. Düşərgə eyni olanda məntiq və leksikon da eyni olur”.