AXCP sədri Əli Kərimli oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin 91 illiyi ilə əlaqədar Bakıda təşkil olunmuş ziyafətdə iştirak edib. Tədbirdə Türkiyənin ölkəmizdəki səfiri Alper Coşkunla görüşən AXCP lideri qardaş türk xalqını Cümhuriyyət bayramı münasibətilə təbrik edib və Karaman bölgəsində baş vermiş mədən faciəsinə görə kədərini çatdırıb.
Bu barədə Əli Kərimli Facebook səhifəsində yazıb: “Türkiyə Cümhuriyyətinin quruluşundan tam 91 il keçdi. Qardaş Türkiyənin milli bayramıdır. Amma çox təəssüf ki, indi Türkiyədə bayram ovqatı yoxdur. Türkiyə bir gözü ilə gülərkən, bir gözü ilə də ağlayır. Türkiyənin Karaman bölgəsində mədəndə baş verən qəza nəticəsində 18 işçi torpaq altında qalıb. İndi Türkiyə Cümhuriyyətin ildönümünü qürurla qeyd edərkən, həm də mədən faciəsinin hüznünü yaşayır. Bu gün Türkiyənin Azərbaycandakı səfiri hörmətli Alper Coşkunu həm Cümhuriyyət bayramı münasibətilə təbrik etdim, həm də mədən qəzasında torpaq altında qalmış insanlara görə onların acılarını paylaşdığımı ifadə etdim. Türkiyənin sevinci sevincimiz, kədəri kədərimizdir!”.