“Onu izləyən maşın Fərəc Kərimlinin həbs əməliyyatında iştirak edib”
AXCP sədrinin müavini Əbülfəz Qurbanlı izləndiyi haqda azadliq.info-ya xəbər verib. Bildirdiyinə görə, Nəsimi rayon məhkəməsinin qarşısında Milli Şuranın üzvü Eldəniz Quliyevin məhkəməsində iştirak üçün olarkən iki nəfər onu nəzarət altına alıb. Tanımadığı həmin şəxslərdən biri o birinə Qurbanlının adını deyib. Məhkəmənin qarşısından gedəndə isə həmin şəxslər Qurbanlını izləməkdə davam ediblər. Onlar “Nissan Sani” markalı 90 MH 268 nömrə nişanlı avtomobillə Əbülfəz Qurbanlının avtomobilini təqib ediblər. Əbülfəz Qurbanlı hadisəni belə nəql edir: “Bu gün Eldəniz Quliyevin məhkəməsindən sonra məhkəmənin yaxınlığındakı çayxanada cəbhəçilərlə əyləşmişdik. Həmin vaxt gənclərdən biri gəldi ki, bir neçə mülki geyimli sənin adını çəkərək sənin haqqında danışırlar. Gənclər Komitəsinin üzvləri narahat olub çayxanaya qayıtdılar ki, nəsə olsa müdaxilə etsinlər. Bir qədər sonra biz oranı tərk etdik. Mənim maşınımda Asif Yusifli, Rafiq Daşdəmirov və Dəyanət Babayev əyləşmişdi. Biz hərəkət etdikdən sonra gənclərdən biri zəng etdi ki, mülki geyimlilərdən biri telefonla “çıxdı” dedi və ardınca 90 MH 268 nömrəli qara rəngli Nissan Sani arxanızca gəlir. Həmin maşın Nəsimi məhkəməsindən Xoyski prospektində biz dayanana qədər birgə hərəkət etdi. Bir yerdə tıxacda bizi itirdi. Qarşıda mən dostlarla maşından düşüb başqa bir yerə keçib əyləşdik. Bu zaman dəqiqləşdirdik ki, həmin maşın yaxınlıqda gözləyir. Maşında 3 nəfər şəxs var idi. Bildirim ki, mən bu avtomobili və içindəki şəxslərdən birini bir neçə ay qabaq görmüşəm. Bu maşın günlərlə 20-ci sahədə bizim evin yaxınlığındakı avtomobil dayanacağında dayanıb gözləyirdi. İçində tanıdığım bir nəfərdən əlavə iki-üç nəfər olurdu. Mən o zaman Səbayel şöbəsinin sədri Saqif bəylə ilə o maşının niyə günlərlə eyni yerdə dayanması haqda danışdıq. Belə xəbər var idi ki, sələfi təriqətini məxsus şəxsləri izləyirlər. Cəmi iki üç gün sonra bizim yaxınlığımızda yaşayan Fərəc Kərimlinin və qardaşının həbsi xəbəri yayıldı. Fərəc Kərimlinin 20-ci sahə dairəsinə yolu həmin avtodayancaqdan keçirdi. Bu gün məni izləyən maşın həmin maşındır, əlavə hunday markalı bir maşın da onlarla bərabər hərəkət edir. Bu gün Xalid Qarayevin saxlanılması, sosial şəbəkələrdə AXCP üzvünün Türkiyə bayraqını yandırması dezo xəbəri və izlənilməyim AXCP- yə, onun sədrinə, bütövlükdə dəyişiklik istəyənlərə münasibət məsələsidir. Bizim istəklərimiz bir və ya daha çox həbslə əngəllənəcək istək deyil. Və həbslər iqtidar üçün çıxış yolu deyil. Hər həbs olunan cəbhəçini əvəz edəcək onlarla partiyadaşımız, həmfikir olan dostlarımız var. Mübarizə həbslərsiz olmur. Ancaq gündəmimiz həbslər yox, repressiya adminstrasiyasını idarə edən İlham Әliyevə mitinqlərlə yerli təzyiqləri artırmaqdır”.