Akademik bugünün ziyalısına tutulan divandan niyə danışmır?
PA rəhbəri Ramiz Mehdiyevin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Idarəçilik Akademiyasının (DIA) 15 illik yubileyində söylədikləri geniş müzkirəyə səbəb oldu və müxtəlif yanaşmalar sərgiləndi.
Akademikin ötən əsrin ziyalılarını ürək ağrısı ilə xatırlaması isə, daha çox ictimai müzakirəyə səbəb oldu. Ramiz Mehdiyev belə demişdi: “Bəzən böyük ağrı və mənəvi iztirabla özüm-özümə sual verirəm: yəni bu xalqın Sabiri, Mirzə Cəlili, Cəfər Cabbarlısı olmayıb? Yəni ”Molla Nəsrəddin” jurnalı bu məmləkətdə çap olunmayıb? Doğrudanmı Üzeyir bəyin vaxtilə gülüş hədəfinə çevirdiyi hallar cəmiyyətimizə yenidən qayıdır?”.
Əslində, bu fikirlərin insanlarda qıcıq doğurması təbiidir. Çünki, Ramiz Mehdiyevin rəhbərliyində təmsil olunduğu hakimiyyət həqiqi ziyalıların “cəllad”ına çevrilib. Ona görə də diriləri sıradan çıxarıb, ölülərin xiffətini çəkmək qeyri-səmimi görünür.
Gəlin bu məsələyə faktlarla yanaşaq. Bu hakimiyyətin ziyalıya münasibəti nədə ifadə olunub?
Bu hakimiyyətin dövründə tanınmış ziyalı Tağı Xalisbəyli həbs olundu, tanınmış ziyalı Eldar Salayev qondarma ittihamlarla həbs olundu və gözü kor olana qədər həbsdə saxlanıldı, savadlı fizik, ictimai xadim Tofiq Qasımova qarşı sərgilənən münasibət də hamıya məlumdur. Hətta Heydər Əliyevin Bayram Bayramova qarşı etdikləri də unudulmayıb. Tarixçi alim Ziya Bünyadovun qətli ilə bağlı hələ də dəqiq araşdırma aparılmayıb. Dünyada tanınan Rafiq Əliyev “Ziyalılar Birliyi”nə qoşulduğuna, bir neçə tənqidi fikirlər səsləndirdiyinə görə Universitetdən uzaqlaşdırıldı, tənqidlərə tuş gəldi. Tanınmış bəstəkar Cavanşir Quliyev hakimiyyətin apardığı siyasətə etiraz əlaməti olaraq ölkəni tərk etdi. Flora Kərimova, Akif Islamzadə və digərləri müxalif mövqeyinə görə televiziyalardan uzaqlaşdırıldı. Azərbaycanı dünyada təmsil edən, müxtəlif mükafatlara layiq görülən, bir vaxtlar Ilham Əliyev əv Heydər Əliyevin böyük ziyalı adlandırdığı Rüstəm Ibrahimbəyova “ermənipərəst” damğası vuruldu. Rüstəm Ibrahimbəyovla münasibətlərinə görə xalq artisti Rasim Balayevə təzyiqlər edildi. Tanınmış ziyalı Kamil Vəli və digərləri ölkə xaricində fəaliyyət göstərməyə məcbur qaldılar. Kitabları dünyanın nüfuzlu Universitetlərində dərs vəsaiti kimi istifadə olunan, Azərbaycan tarixinin ən görkəmli araşdırıcılarından sayılan Cəmil Həsənliyə qarşı bütün namərdliklər həyata keçirildi, qəzetlər, televiziya kanalları vasitəsilə haqqında şər-böhtanlar tirajlandı.
Bu gün tanınmış ziyalı Eldəniz Quliyevi məhkəməyə verib, həbs etməklə təhdid edirlər. Bu gün Arif Yunus kimi alim, Intiqam Əliyev, Leyla Yunus, Anar Məmmədli, Rəsul Cəfərov kimi dünyada tanınan hüquq müdafiəçiləri şərlənərək həbs olunublar. Ölkə başçısı Ilham Əliyevin tanınmış alimi akademiyadan qovmasını da heç kim unutmayıb.
Bu siyahını uzatmaq da olar. Sadəcə olaraq bildirmək istəyirik ki, bu hakimiyyət bütün dövrlərdə Sabirləri, Cəlilləri, Üzeyrləri məhv etmək siyasətini prioritet seçib. Yuxarıda adlarını sadaladığmız ziyalılar fərqli düşündükləri, tənqidi çıxışlar etdikləri üçün hakimiyyətin qəzəbinə gəliblər.
Bu hakimiyyət üçün yaltaq, məddah, dünya malına həris, geriliyi inkişaf adlandıran ziyalılar lazımdır.
Bütün bunların fonunda Ramiz Mehdiyevin Sabirləri, Cəlilləri axtarmağı təəccüblü görünür. Axı, bu ölkədə sizin “kitayski Sabir”ləriniz var və tələbatınız da belələrinədir.
Cənab akademik, məhv etdikləriniz axtarmağa dəyməz. Siz ziyalını keçmiş zamanda axtarmaqda maraqlısınız. Çünki, ölülər danışa bilmir.
Akif