«TAIB Bank» «PAŞA Bank Türkiyə» adı ilə fəaliyyət göstərəcək
Azərbaycanın ən böyük özəl banklarından olan “PAŞA Bank” Türkiyənin “TAIB Bankı”nı alır. Bu barədə Türkiyə mətbuatı yazıb. Türkiyənin “Vətən” qəzeti bu xəbəri “Xoş gəldin Paşa”, “Sabah” qəzeti “Azərilərin Paşası banka gəlir”, “Habertürk” saytı isə “Paşa paşa gəlir” başlığı ilə verib. Məlumata görə, Dubay şeyxi əl-Maktumdan Türkiyənin “Aksoy Holdinq”inə keçən TAIB-i almaq üçün keçən il Bank Tənzimləmə və Nəzarət Təşkilatına (BDDK) müraciət edən “PAŞA Bank” bu təşkilatdan müsbət cavab alandan sonra bu dəfə Türkiyənin Rəqabət Təşkilatına müraciət edib.
Bu təşkilat sövdələşməyə razılıq verəndən sonra bankın səhmlərinin alqı-satqısı prosesi rəsmiləşəcək. “PAŞA Bank”ın türk bankının səhmlərinə hansı məbləği təklif etdiyi açıqlanmır.
“PAŞA Bank” Türkiyədə korporativ müştərilərə investisiya bankçılığı sahəsində xidmət göstərməyi planlaşdırır.
Bir müddət əvvəl “PAŞA Bank” Idarə Heyətinin üzvü Taleh Kazımov Türkiyədə fəaliyyət göstərmək üçün hazırlıqların son mərhələsinə çatdıqlarını bildirmişdi.
“Biz ”TAIB Bank”ı almaq üçün Türkiyənin müvafiq qurumlarına müraciət etmişik. Lazımi icazələri aldıqdan sonra bankın adını da dəyişib “PAŞA Bank Türkiyə” qoyacağıq” – deyə Taleh Kazımov açıqlamasında bildirmişdi.
“Aksoy Holdinq” “TAIB Bank”ı ötən ilin iyun ayında əl-Maktumdan alıb. Bank alındıqdan 3 ay ərzində 258 min türk lirəsi (təxminən 92 min manat) zərər edib.
“PAŞA Bank” “PAŞA Holdinq”ə daxildir. Bu holdinq isə hakim ailəyə məxsusdur. Turan agentliyinin bir müddət əvvəl “PAŞA Bank”ın illik maliyyə hesabatına əsasən yaydığı məlumatdan “PAŞA Holdinq”in sahibləri ölkə başçısı Ilham Əliyevin qızları Leyla və Arzu Əliyevadır.
2012 və 2013-cü il hesabatlarınən hər ikisində bankın təsisçi strukturu eyni şəkildə göstərilib: “PAŞA Holdinq” 60 faiz, Ador MMC 30 faiz, Arif Paşayev (Ilham Əliyevin qayınatası) 10 faiz.
Burada Arzu və Leyla Əliyevalar mülkiyət bölgüsündə ancaq Ador MMC vasitəsilə və cəmi 30 fazilik payın daşıyıcılarıdırlar. Belə ki, Azadlıq Radiosu vaxtilə “Ador”un sənədlərindəki ünvan ilə Azərbaycan Mərkəzi seçki komissiyasının seçici siyahısını tutuşduranda, məlum olmuşdu ki, eyni ünvanda həm “Ador”un təsisçiləri, həm də Mehriban, Arzu və Leyla Əliyevalar qeydiyyatdan keçib.
Lakin sonradan sahiblik nisbəti aşağıdakı kimi dəyişib: Leyla Əliyeva 45 faiz, Arzu Əliyeva 45 faiz və Arif Paşayev 10 faiz.