Mirvari Qəhrəmanlı: «Neft sektorunda son on ay ərzində 15 nəfər həyatını itirib, bunun da 80 faizi ARDNŞ-in payına düşür»
Qaradağda yerləşən Nərimanov adınıa Neft və Qazçıxarma İdarəsində ötən gün baş verən yanğın 4 nəfərin ömrünə son qoydu. Azərbaycan Dövlət Neft Şirkəti baş verən yanğınla əlaqədar yaydığı açıqlamada qeyd edib ki, qəza uçqun nəticəsində baş verib. Artıq bu neft sektorunda baş verən neçənci bədbəxt hadisədir. Keçən illəri ehtyatsızlıq üzündən Bulla qaz yatağının yanması Azərbaycanın dövlət büdcəsinə külli miqdarda ziyan vurdu. Bəs baş verən hadisələrin məsuliyyəti kmin üzərindədir? Bu hadisələr ehtiyatsızlıq ucbatından baş verir, yoxsa səbəb işə məsuliyyət yanaşmaqdadır?
Azərbaycandakı infrastruktur layihələrinin əsas maliyyələşdiricisi olan neft sektorunda çalışanların həyatlarına dəyər verilməməsi acınacaqlı durumdur.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirdi ki, Azərbaycanın neft sektorunda artıq uzun müddətdir ki, insan faktoru nəzərə alınmır. Azərbaycanın neft sektorunda son on ay ərzində 15 nəfərin həyatını itirdiyini deyən M.Qəhrəmanlı vurğuladı ki, bunların da 80 faizi ARDNŞ-ə aiddir: «Bu situasiya məsul şəxslər tərəfindən araşdırılmalı və müvafiq addımlar atılmalıdır. Çünki hər bir sahə üzrə məsul şəxslər var. Sadalayanda məsul vəzifələrin sayı olduqca çoxdur. Amma fəhlə üçün gərəkli şərait yaradılsaydı, təhlükəsizlik məsələləri təmin edilsəydi bu şərait baş verməzdi».
Keçən il Bullada baş verən parlayışı xatırladan M.Qəhrəmanlı bildirdi ki, baş verənlər bir həyəcan təbilidir. «Baş verənlərə görə cinayət işi qaldırılmalı və məsuliyyət daşıyanlar barədə cinayət işi qaldırılmalıdır», deyə M.Qəhrəmanlı vurğuladı.
Xəyal