Hüseyn Məlik təklif verdi, Qubad İbadoğlu əleyhinə çıxdı
“Müsavatda 37 davam edir”
Müsavat partiyasında mübahisələr səngimək bilmir. İttihamlar, istefalar, rəhbərliyi tənqid etdiyinə görə partiyadan qovulmalar getdikcə geniş vüsət alır.
Məhəbbət Muradovun Müsavatdan qovulması təsdiqləndi
Müsavat partiyasının Qubadlı rayon təşkilatının üzvü Məhəbbət Muradov partiyadan qovulub. Bunu aznews.az-a Müsavat partiyasının Qubadlı rayon təşkilatının sədri Nazim Əliyev deyib. O bildirib ki, M.Muradov partiyanın nizamnaməsini pozduğu üçün Müsavatdan xaric edilib: “Dünən Müsavat partiyasının Qubadlı rayon təşkilatının şura iclası keçirilib. Məhəbbət Muradov partiya nizamnaməsini pozduğuna görə Qubadlı rayon təşkilatının sıralarından uzaqlaşdırılıb. Hüseyn Məlik çox şey iddia edə bilər. Onun iddiaları gerçək deyil. Məhəbbət Muradovu rayon təşkilatında olanlar tanıyır. Onun yetərincə qanun və nizamnamə pozuntuları var. O, islah olunan birisi olmadığı üçün yekdilliklə partiyadan çıxarılmasına qərar verilib”.
“Müsavat partiyasının Qubadlı rayon təşkilatından Məhəbbət Muradovun qovulması barədə məlumatım yoxdur” – bu sözləri isə Müsavat partiyasının funksioneri Gülağa Aslanlı deyib.
Muradov qardaşlarının Qubadlı rayon təşkilatından qovulması nə ilə əlaqədardır sualına G.Aslanlı belə cavab verib: “Muradov qardaşlarından biri Sumqayıt şəhər, ikincisi isə Qubadlı rayon təşkilatında çalışır. Qubadlı rayon təşkilatı isə digər rayon təşkilatının üzvü olan şəxsi cəzalandıra bilməz. Təkcə bu fakt yalan məlumatı yayan şəxsin qərəzini göstərir”.
“Məhəbbət Muradovu Arif Hacılını tənqid etdiyi üçün qovublar”
“Mən təklif etmişəm ki, Məhəbbət Muradovu müdafiyə etmək üçün Müsavat partiyasının qarşısında etiraz piketi keçirək” – bu barədə aznews.az-a Müsavat partiyasının üzvü, keçmiş müşavir Hüseyn Məlik deyib.
Onun sözlərinə görə, etiraz piketində başqanlığa sabiq namizəd Qubad İbadoğlunun tərəfdarları iştirak edəcək: “Ümümi razılıq var. Müzakirələr gedir. Təklif müəllifi mənəm. Müsavatçıları fikirlərinə görə cəzalandırmaq olmaz”.
H.Məlik Məhəbbət Muradovun partiyadan qovulmasının səbəbini belə izah edib: “Onu Arif Hacılını tənqid etdiyi üçün qovublar. Arif bəyi başqan kimi tanımıram”.
Qubad İbadoğlu isə deyib ki, Məhəbbət Muradovla bağlı keçiriləcək piketi dəstəkləmir: “Bu, Hüseyn Məlikin təklifidir. Bizim elə qərarımız yoxdur. Mən müsavatçıların partiya qərargahı qarşısında piket keçirməsi təklifini dəstəkləmirəm. İnanıram ki, partiyadaxili müzakirələr və dialoq üçün imkanlar tükənməyib”.
“Totalitar Əliyevlər rejimi ilə fərqiniz nədədir?”
Müsavat üzvü İsmayıl Kəsəmənli partiyada son günlər baş verənlərlə bağlı kəskin etirazını bildirib. O, “Facebook” səhifəsində partiya rəhbərliyinə qarşı sərt ittihamlar irəli sürüb. Onun fikrincə partiyada 37-ci ilin ab-havası hökm sürür:
“Müsavatda 37 davam edir. Artıq Osman Kazımovun qara siyahısı reallaşdı. Prosesə start verilib. Dünən Məhəbbət Muradovu partiyadan xaric ediblər. Sabah da yəqin növbədə mənəm. Amma unudurlar ki, bununla haqq bağıran səsimizi boğa bilməyəcəklər. Necə ki, bu 21 ildə Əliyevlər boğa bilmədi! Tənqidə dözümsüz yanaşan totalitar Əliyevlər rejimi ilə fərqiniz nədədir bəylər? Onlarda polis, MTN, prokurorluq və sonda vicdansız məhkəmələrin vasitəsi ilə istədiklərini həbs edirlər. Sadəcə, Sizlərin əlinizdə bu səlahiyyət olamadığı üçün başqa cür, partiyadan xaric etmə ilə cəzalandırırsınız! Yoxsa, hakimiyyət kimi əfv gözləyirsiniz!? Səhv etdiyimizi, xarici qüvvələrin təsiri altına düşdüyümüzü, Q. İbadoglu, V.Əyyub, Ə.Talışxanlı, H.Hacızadə tərəfindən öyrədildiymizi ehtiraf etməyimizi gözləyirsiniz? Əgər özünüzü bu hakimiyyətlə eyniləşdirirsinizə, bizlərdən”əfv” gözləyirsinizsə, sizlərdən fərqli olaraq biz hec kimə müraciət etməyəcəyik! Bundan tam arxayın ola bilərsiniz. Tənqidə dözümsüz yanaşan hakimiyyətlə nə fərqiniz oldu sizlərin cənablar? Özünüzə qıymadığınızı başqalarına da qıymayın! Başqalarından nizamnaməyə düzgün əməl etmək tələb edəndə, özünüzün bu nizamnaməyə necə əməl etdiyinizə bir baxsanız, lap yaxşı olar. Sonda “O, islah olunan birisi olmadığı üçün yekdilliklə partiyadan çıxarılmasına qərar verilib”, deyəndə heçmi bu hakimiyyətlə fərqinizin olmadığını düşünmədiniz? Heç olmasa “çıxardığınız” adamı dəvət edərdiniz? Ayıb, özü də böyük ayıb”.
“Mən Müsavat üzvlərinə qovğa açmaq niyyətində deyiləm”
“Xəyanətkar ifadəsi partiya üzvlərinə deyil, partiyanı tərk edərək üzvlər haqqında sərt ifadələr işlədənlərə aiddir” – bunu APA-ya açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.
A. Hacılı bildirib ki, açıq siyasi diskussiyalarda iştirak edən heç kəs tutduğu mövqeyə görə partiyadan uzaqlaşdırıla bilməz. Qubadlı rayon təşkilatının üzvü Məhəbbət Muradovun partiyadan uzaqlaşdırılması məsələsinə gəlincə isə, A.Hacılı bu məsələnin Müsavat rəhbərliyinə aidiyyəti olmadığını vurğulayıb: “Bu, Qubadlı rayon təşkilatının qərarıdır. Rayon təşkilatının rəhbərliyi bu qərarın Nizamnamə pozuntuları ilə əlaqədar olduğu barədə məlumat yayıb. Əgər o, bununla bağlı Müsavatın rəhbər strukturlarına şikayət ərizəsi ilə müraciət edəcəksə, bu məsələ müzakirə olunacaq”.
Partiyadakı istefalardan danışan Müsavat başqanı qeyd edib ki, hazırda Müsavat Partiyasında keçid dövrüdür və keçid dövrünün müəyyən fəsadları olur. O, bütün məsələləri danışıqlar yolu ilə həll etməyin tərəfdarı olduğunu açıqlayıb: “Biz bu fəsadların olacağını əvvəlcədən bilirdik. Bunu bilərək məsuliyyəti üzərimizə götürmüşük. Mən Müsavat Partiyası üzvlərinə qovğa açmaq niyyətində deyiləm. Bütün məsələləri danışıqlar və diskussiyalar yolu ilə həll etməyin tərəfdarıyam. Partiyada kimlərəsə cəza vermək səlahiyyəti olan qurumlara da müraciət edərək, mümkün qədər bu məsələlərə anlaşıqlı yanaşmağı xahiş etmişəm. Çalışacağam ki, Müsavat Partiyası sıralarında qalıb, fəaliyyətini davam etdirməsi mümkün olan hər kəs qurultaydan əvvəlki və ya sonra tutduğu mövqedən asılı olmayaraq, partiya sıralarında qalsın”.
A. Hacılının sözlərinə görə, partiya strukturunda Nizamnamə tələblərini pozan şəxslərin Müsavatdan kənarlaşdırılması ilə bağlı çağırışlar var: “Ancaq Müsavat başqanının özbaşına kimisə cəzalandırmaq səlahiyyəti yoxdur. Müsavatda kimlərəsə partiya cəzası vermək səlahiyyəti rayon təşkilatlarına, Mərkəzi Nəzarət Təftiş Komissiyasına və Müsavatın Divanına aiddir”.
Partiya lideri sosial şəbəkədəki qapalı qrupda Müsavatı tərk edənləri xəyanətkar adlandırmasına da aydınlıq gətirib: “Bu fikir partiyanın daxili qrupu olan “Müsavat üzvləri” qrupunda partiya üzvlərinin diqqətinə çatdırılmaq məqsədilə yazılıb. Qeyd edildiyi kimi bu, partiya üzvlərinə deyil, partiyanı tərk edərək partiya üzvləri haqqında sərt ifadələr işlədənlərə aiddir”.