Qarabağ münaqişəsinin həllində Rusiya deyil, Qərb maraqlıdır
“Dağlıq Qarabağ probleminin həlli istiqamətində artıq Rusiyadan nəsə gözləməkdən keçib”. Bu sözləri “axar.az”a açıqlamasında Azərbaycan Demokratik Islahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Dağlıq Qarabağ probleminin həllində maraqlı ölkələrin rolunu şərh edərkən deyib.
O bildirib ki, ABŞ və AB dəfələrlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı maraqlı olduqlarını ifadə ediblər: “AŞ PA-nın və AP-nin münaqişə ilə bağlı müvafiq qətnaməsi var. Bir sıra Avropa ölkələrinin parlamentləri Azərbaycanın işğal olunmuş əraziləri, etnik təmizləmə və yüzminlərlə qaçqın soydaşımızla bağlı qətnamə qəbul edib. Minsk qrupunun həmsədri kimi daha çox ABŞ münaqişənin həllinə səy göstərib. Rusiya problemin həllində önəmli addım atmaq istəyərsə, çox asanlıqla Ermənistanı sülhə məcbur edə bilər. Lakin bu, baş verməyəcək. Çünki artıq məsələnin həllində çıxış yolu kimi Rusiyadan hər hansı bir addım gözləməkdən keçib. Buna görə də problemlə bağlı yaxın 10 ildə nəsə ciddi bir irəliləyiş gözləmirəm. Ancaq məndə olan çox ciddi məlumatlara əsasən deyə bilərəm ki, Dağlıq Qarabağ münaqişənin həllində yaxın gələcəkdə Rusiya yox, başqa ölkələr nəsə etsin”- deyə Asim Mollazadə bildirib.
Artıq hakimiyyətin sözçüsü rolunda çıxış edənlər, hakimiyyətin xarici siyasətində vasitəçi rolunu oyanayanlar da Rusiyanın heç bir perspektiv vəd etmədiyini etiraf edir. Bu fikirləri uzun illərdi ölkə müxalifəti, tanınmış politoloqlar, vətəndaş mövqeyi olan ziyalılar da səsləndirir. Ancaq hər dəfə hakimiyyət bu adamları “ermənipərəst”, “Qərbin agenti” adlandırmaqla öz yanlış siyasətinə bəraət qazandırırdı. Indi isə hakimiyyət cəbhəsində olanlar da bu məlum həqiqəti dilə gətirirlər.
Və bir daha aydın olur ki, Azərbaycan hakimiyyətinin xarici siyasəti Qarabağ münaqişəsinin həllinə deyil, şəxsi maraqların həyata keçməsinə hesablanıb.
Bu gün hakimiyyətin tənqid atəşinə tutduğu AB və ABŞ Qarabağla bağlı ortaya dəfələrlə mövqe qoyub. YAP hakimiyyətinin bərk-bərk yapışdığı Rusiya isə, Qarabağı Azərbaycandan uzaqlaşdırmaqdan başqa heç bir addım atmayıb.
Hakimiyyət düşərgəsində olanlar da gözəl bilir ki, münaqişənin həlli Avropa Birliyi və ABŞ-la sıx əməkdaşlıqdan keçir.
Bir sözlə, hakimiyyətin “mətbəx”ində olanlar da, hazırda bişirilən xörəyin bizi doydurmayacağını etiraf edir. Yəni “menyu”nu dəyişməyin zəruri olduğunu anlayırlar.
Müxtəsər, Qarabağın Azərbaycana aid olduğunu inkar edən Jirinovskilər süfrəmizin başında oturduğu müddətdə bu “süfrə”nin bərəkəti olmayacaq.
Hazırda Azərbaycan hakimiyyətinin apardığı siyasət, Qarabağı Ermənistana əbədi ərməğan etməkdən başqa bir şey deyil. Bu “ərməğan”a əngəl ola biləcək qüvvələr isə, rejimin “qara siyahı”sına düşür.
Hakimiyyətin yanlış siyasəti hər gün daha qabarıq şəkildə ifşa olunur.
Akif