Vəfa Quluzadə: «Ikitərəfli kəmər çəkməklə bağlı qanunvericilikdə qadağa yoxdur»
Xəzərin hüquqi statusunun müəyyən edilməsi üzrə Həştərxan sammitinin əsas prinsipləri növbəti zirvə toplantısında imzalanacaq prinsiplər haqqında konsepsiyanın əsasını təşkil edir. Bunu Rusiyanın XIN rəhbəri Sergey Lavrov bildirib. “Trend”in xəbərinə görə, bu barədə “Rossiya 24″ kanalı məlumat verir.
Lavrov qeyd edib ki, bəyannamədən indi konvensiyanı konkret razılaşmalar, maddələrlə zənginləşdirmək üçün istifadə olunacaq. Bu konvensiyanın prinsiplərindən biri də o olacaq ki, regionda əməkdaşlığın bütün istiqamətlərini Xəzəryanı dövlətlərin özləri müəyyən edəcək. Onun sözlərinə görə, bu, hər şeydən əvvəl təhlükəsizliyə aiddir, çünki Xəzərdə üçüncü ölkələrin silahlı qüvvələri olmayacaq: “Xəzəryanı ölkələr suverenlik zonası və balıq ovu zonası daxil olmaqla dövlət zonalarının eni haqqında çox əhəmiyyətli məsələni razılaşdırdılar. Bu, Xəzərin hüquqi statusu haqqında konvensiyada əksini tapacaq əsas məsələlərdən biridir”.
Lavrov deyib ki, daha bir neçə nizamlanmamış məsələ, o cümlədən “TransXəzər” qaz kəmərinin tikintisi haqqında məsələ qalır: “Biz ona əsaslanırıq ki, bu barədə qərarı Xəzər dövlətləri birgə qəbul etməlidirlər”. XIN rəhbəri Xəzərin ekoloji təhlükəsizliyinin təmin olunmasının vacibliyini də qeyd edib.
Yada salaq ki, sentyabrın sonlarında Həştərxanda Xəzəryanı ölkələrin dövlət başçılarının IV zirvə toplantısı keçirilib. “Xəzər beşliyi” iştirakçıları dənizdən birgə istifadə ilə bağlı bir neçə mühüm saziş imzalayıblar.
Politoloq Vəfa Quluzadə söyləyir ki, iki Xəzəryanı dövlət ikitərəfli razılıq əsasında hər hansı kəməri çəkə bilər. V.Quluzadənin fikrincə, bununla belə, memorandumda müxtəlif qəribə məqamlar var ki, bu da ekoloji məsələlərlə bağlı olub: “Rusiya narahatdır ki, Xəzərin dibiylə hər hansı Xəzəryanı dövlətlər ikitərəfli razılaşma əsasında qaz və ya neft kəməri çəkə bilər. Görünür, bu məsələ barədə onlar hardansa məlumat əldə ediblər və indidən buna qarışmaq fikrindədirlər. Yəqin bu, türkmən qazını Azərbaycan vasitəsilə Avropaya çıxarmaq məsələsidir. Ona görə də onlar bu məsələdən narahatdır”.
V.Quluzadənin qənaətincə, Xəzəryanı dövlətlərin kəmər çəkməsiylə bağlı qərar verəcəyi təqdirdə, Xəzərdə Rusiyanın razılığı olmadan heç bir kəmər çəkilməyəcək. Politoloq Lavrovun məlum bəyanatının hədə xarakteri daşıdığını söyləyir. Çünki qanunvericilik əsasında, Həştərxanda qəbul olunan sənədlər əsasında ikitərəfli kəmər çəkmək haqqında heç bir qadağa yoxdur.
Nigar