Mari Harf: “Əsəd öz legitimliyini çoxdan itirib. Onun rəhbərliyi altında stabil Suriya ola bilməz”
ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf gündəlik brifinq zamanı Vaşinqtonun Suriya diktatoru Bəşər Əsədə münasibətinin dəyşidiyi haqda iddiaları rədd edib.
Belə bir iddia ilə bugünlərdə Rusiyanın baş naziri Dmitri Medvedev də çıxış edib. O deyib ki, ABŞ İŞİD-ə qarşı əməliyyat üçün Əsəd rejimi ilə separat əlaqələr axtarır və artıq Əsədin hakimiyyətdən getməsinə təkid etmir.
Mari Harf bilavasitə Medvedevin dediklərinə cavab verib. Bildirib ki, ABŞ Bəşər Əsədin Suriyanın prezidenti postundan getməli olduğu mövqeyində qalır.
“Bizim mövqeyimiz dəyişməyib. Biz, prezident Obamanın da dəfələrlə bildirdiyi kimi, hesab edirik ki, Əsəd öz legitimliyini çoxdan itirib. Onun rəhbərliyi altında stabil Suriya ola bilməz. Suriyanın gələcəyində onun rolu yoxdur”.
Mari Harf bildirib ki, ABŞ İŞİD-ə qarşı fəaliyyətini Suriya hökuməti ilə koordinasiya etmir.
azadliq.info